Bəşəriyyətin fundamental sərvəti onun müxtəlifliyidir

 

Azərbaycan mədəni müxtəlifliyə və mədəniyyətlərarası dialoqa böyük diqqət ayırır

 

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə mayın 21-i Ümumdünya Dialoq və İnkişaf naminə Mədəni Müxtəliflik Günü kimi qeyd olunur. Qeyd edək ki, 2001-ci ilin noyabrnda YUNESKO-nun Mədəniyyətlərin Müxtəlifliyinə dair ümumi Bəyannaməsi qəbul edildikdən sonra Baş Assambleya bu sənədi və onun həyata keçirilməsi üçün Fəaliyyət Planının əsas istiqamətlərini alqışlayıb və 21 may tarixini Ümumdünya Dialoq və İnkişaf naminə Mədəni Müxtəliflik Günü elan edib. Bir sözlə, bu gün mədəni müxtəlifliyin dəyərləri haqqında anlayışımızı artırmağa və daha səmərəli şəkildə yanaşı yaşamağı öyrənməyə imkan yaradır.

Hazırda mədəniyyətlərarası və sülh naminə dialoqa hazır olan olan, ərazisində yaşayan milli azlıqların hüquqlarına hörmətlə yanaşan Azərbaycanda da Mədəni Müxtəliflik Günü yüksək səviyyədə qeyd olunur, BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə bu münasibətlə müxtəlif mədəniyyət tədbirləri keçirilir. Təsadüfi deyil ki, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç deyir: Nəzərə alsaq ki, incəsənətə mədəniyyətlərarası dialoq üçün qlobal dil kimi baxıla bilər, müxtəlif ölkələrdən olan rəssamlar öz əsərləri ilə bizə bir daha xatırladır ki, bəşəriyyətin fundamental sərvəti onun müxtəlifliyidir. Qeyd etmək lazımdır ki, müxtəlif mədəniyyətlərin birləşdiyi eyni zamanda öz tolerantlığı ilə məşhur olan bir məkan baxımından Azərbaycandan daha qənaətbəxş yer yoxdur.

Hazırda Azərbaycanda rus, ukrain, kürd, laks, ləzgi, tat, tatar, gürcü, ingiloy, talış, avar, Məshəti türkləri, yəhudi, alman, yunan və başqa xalqların 20-dən çox müxtəlif mədəni cəmiyyətləri fəaliyyət göstərir. Üç dini cəmiyyətin- İslam, xristiyan iudaizmin nümayəndələri bütün dövlət tədbirlərində iştirak edirlər. Mədəni müxtəlifliyin dəstəklənməsi qorunması Azərbaycan Respublikasının dövlət siyasətində öz əksini tapıb.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev deyir ki, Azərbaycan tollerant bir dövlətdir, ölkədə bütün xalqların və dinlərin nümayəndələri eyni hüquqa malikdirlər: Bu müddəalar Azərbaycan Konstitusiyasında da təsbit olunub. Hər bir Azərbaycan vətəndaşı mədəniyyətin müxtəlif sahələrindən bərabər səviyyədə istifadə edə bilər və bu da Mədəniyyət haqqında qanunda öz əksini tapıb.

Mədəniyyət və Turizm Nazirliyi yarandığı ilk gündən etibarən bu sahəyə böyük diqqət yetirib. Nazirin sərəncamı ilə hər iki ildən bir azsaylı xalqların incəsənət festivalı keçirilir. Bu festivallardan birincisi 2006-cı ildə, ikinci isə 2008-ci ildə keçirildi. Eyni zamanda hər iki festival çərçivəsində azsaylı xalqların mədəniyyəti perspektivləri mövzusunda Azərbaycanda yaşayan görkəmli alim mütəxəssislərin iştirakı ilə elmi simpoziumlar keçirildi. Simpoziumlarda çox qiymətli fikir mübadləsi aparıldı.

Fikrət müəllim bildirir ki, hazırda nazirlik milli azlıqların və etnik qrupların mədəni dəyərlərini inkişaf etdirmək üçün konkret proqramlar həyata keçirir: Azərbaycanın effektli dövlət siyasəti ona gətirib çıxarır ki, ölkə yavaş-yavaş beynəlxalq aləmdə mədəni müxtəlifliyin ixracçısına çevrilir. Bundan əlavə, Azərbaycan Avropa Şurası, İslam Konfransı Təşkilatı İSESKO-ya üzv olan yeganə dövlətdir. Bundan çıxış edən Mədəniyyət Turizm Nazirliyi bu yaxınlarda böyük mədəniyyətləri sivilizasiyaları yaxınlaşdırmaq üçün Bakı prosesinin təşəbbüsçüsü oldu. Bu fəxri missiyanı yerinə yetirmək üçün nazirlik tərəfindən bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi gözlənilir.

Bu faktlar göstərir ki, Azərbaycan Respublikası mədəni müxtəlifliyə və mədəniyyətlərarası dialoq məsələsinə böyük diqqət ayırır, xalqlar arasında sülhün və qarşılıqlı anlayışın əldə olunmasında bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir.

 

 

MEHPARƏ

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 9.