Turistlərə verək?

 

Mütəxəssislərin fikrincə, Azərbaycanda suvenir zavodunun bərpasına ehtiyac var

 

Azərbaycan artıq yeni bir marşrut kimi turistlərin diqqətini cəlb edir. Bu maraq ildən-ilə artmaqdadır. Ölkəmizə səfər edən insanlarda Azərbaycan haqqında təsəvvürləri genişləndirmək yeni turistlər cəlb etmək məsələsi həm dövlətin, həm bütün vətəndaşların marağında olmalıdır. Çünki bu il ölkənin gələn turistə layiqli təqdimatı, milli dəyərlərimizin lazım olan səviyyədə təbliği növbəti il həmin turistin özü ilə bir neçə insanı gətirməsi deməkdir. Bu məsələdə turistlərə təklif edilən suvenirlər böyük rol oynayır.

 

Qeyd edək ki, xarici ölkələrdə bu fakta çox böyük önəm verilir. Xüsusilə turizmin inkişaf etdiyi ölkələrin iri şəhərlərində xüsusi suvenir mağazaları var ki, turistlər yalnız ordan alver edə bilərlər. Eyni zamanda ölkəyə gələn yüksək səviyyəli qonaqlara xüsusi hazırlanmış suvenirlər təqdim edilir ki, bunlarda da həmin ölkənin tarixini, mədəniyyətini, dövlət atributlarını əks etdirən ştrixlər olur. Bu mövzuda bugünlərdə Almaniyada səfərdə olan əməkdaşımızın dedikləri diqqətimizi cəlb etdi. Onun dediyinə görə, getdikləri mağazalarda satılan bütün suvenirlərin üzərində Berlinin şəkli, Almaniyanın xəritəsi, tarixi-mədəniyyət abidələrinin təsviri əks olunub.

Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Turistlərə suvenir təqdim edən mağazalar fəaliyyət göstərirmi? Ümumiyyətlə, suvenirlərin hazırlanmasına nəzarət varmı? Bu suallarla Mədəniyyət Turizm Nazirliyinin Turizm İdarəsinin müdiri Aydın İsmiyevə müraciət etdik. Onun dediyinə görə, bu gün Azərbaycanda bölgələrdə müxtəlif sexlər suvenir istehsalı ilə məşğul olur. Amma onlara konkret hansısa qurum tərəfindən heç bir nəzarət olunmur: Bizim qonaqlarımız olanda həmin sexlərə əvvəlcədən sifariş verirk. Bunlar kiçikhəcmli suvenir xalçalar, kəlağayılar s. ola bilər. Əsas olan budur ki, həmin suvenirlər başqa ölkələrin istehsalı olmasın. Aydın müəllim çıxış yolu kimi əvvəllər Bakıda mövcud olan suvenir zavodunun bərpasının vacibliyini vurğuladı: Dövlətin nəzarətində olan suvenir zavodunun olması yaxşı olardı. Bu, əvvəlki zavodun fəaliyyətinin bərpası şəklində ola bilər. Əsas olan budur ki, turistlərə təqdim olunan suvenirlər Azərbaycan mədəniyyyətini, dövlət atributlarımızı, tariximizi əks etdirsin.

Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalovun dediyinə görə, ölkəmizə gələn turistlərə müəyyən suvenirlər təklif olunur: Məsələn, Karvansaray restoranının içərisində, Fəvvarələr meydanında səyyar suvenir satışı təşkil olunur. Təbii ki, ölkəmizə gələn əcnəbi mütləq aldığı suvenirdə Azərbaycanın tarixinin, mədəniyyətinin, abidələrimizin bir parçasını görmək istəyəcək. Bu, Azərbaycanın bayrağı, gerbi ola bilər. Yəni turist vətəninə qayıdanda zaman keçsə aldığı suvenirlərə baxan kimi yadına salmalıdır ki, bunu Azərbaycandan alıb. Həmçinin bu, bölgələrimizə aiddir. Məsələn, Şəkinin suvenir mağazalarında həm Azərbaycanı, həm Şəkinin özəlliklərini əks etdirən suvenirlər satılmalıdır. Hazırda bu profilli mağazalarda satılan suvenirlərin çeşidinin, keyfiyyətinin kifayət etmədiyini deyən B.Bilalov problemdən çıxış yolu kimi Mədəniyyət Turizm Nazirliyinin nəzdində bu məqsədlə xüsusi komissiyanın yaradılmasını məsləhət gördü: Bu komissiya turistlərə təklif edilən suvenirlərin siyahısını dəqiqləşdirməli, onların çeşidini müəyyənləşdirməlidir. Çünki suvenirlər ölkənin bir parçasıdır. Ona görə onların hazırlanmasına nəzarət mütləq lazımdır. Özü bu məsələdə çox diqqətli olmaq, digər ölkələrin suvenirlərini təkrar etməmək lazımdır.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 8.