Tehranda 10 gün...

 

Beynəlxalq sərgidə Azərbaycan kitabına sonsuz maraq var idi

 

Xomeyni aeroportu havasındakı mazut qoxusu ilə Bakını xatırlatsa da, ətrafa adi bir nəzər kifayət idi ki, tamam ayrı bir məkanda olduğunun fərqinə varasan. On günlük Tehran səfəri boyu bu fərqi çox hiss etdim. İnsanların geyimi, əhval-ruhiyyəsindən tutmuş, reklam tablolarındakı yazılara, maşınların markalarının fərqinə, yol hərəkəti qaydalarına və fars dilinin ağır intonasiyasına qədər... Amma əsas fərq kitabla ilgili qatıldığımız tədbirdə çıxdı qarşıma. Sən demə, kitab təkcə bilik mənbəyi deyilmiş, nəsə daha böyük, daha qapsamlı bir nəsnə imiş!

 

İran, Rusiya, Pakistan, Türkiyə, Əfqanıstan, Fransa, Yaponiya və başqa böyük ölkələrlə bahəm Azərbaycan da iştirak edirdi bu sərgidə. Bizi 10 müsəlman ölkəsinin ittifaqı ilə yaradılmış ECO Mədəniyyət İnstitutu dəvət etmişdi. Stendimiz ECO üzvü olan Türkiyə, Tacikistan, Pakistan və İranla yanaşı idi.

Mənimlə birlikdə M.F.Axundov adına Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva və informasiya xidməti şöbəsinin bölmə müdiri Pərvanə Qurbanova tədbirdə iştirak edirdilər. Sərgi olduqca maraqlı idi. Azərbaycana göstərilən diqqət, xüsusən Tehranın özündən, Təbrizdən, Xoydan, Mərənddən, Zəncandan, Ərdəbildən, Biləsuvardan, Qaradağdan, Muğanın kəndlərindən, Qaşqayi tayfalarının məskunlaşdığı torpaqlardan gələn azərbaycanlıların xəfif təbəssümləri, doğma baxışları, şirin ləhcələri, bir sözlə, hərdən göz yaşı da qarışan isti münasibətləri bizi darıxmağa qoymurdu.

Mayın 6-da - sərginin ilk günündə Azərbaycanın İrandakı səfirliyinin köməyi ilə stendi hazırladıq. Stendin əsas hissəsinə ümummilli lider Heydər Əliyevin portretini, Azərbaycanın bayrağı və dövlətçiliyimizlə bağlı maraqlı material və fotoşəkilləri özündə əks etdirən kitabları yerləşdirdik. Baxımlı yerlərdə Azərbaycanın tarixi abidələri, təbiəti, qoruqları, mədəniyyəti, ədəbiyyatı ilə əlaqəli kitablar da var idi.

Sərginin ilk günlərində bədnam qonşularımızın stendi ilə maraqlandıq. Məlum oldu ki, onlar Azərbaycanın ərazi bütövlüyünü pozan xəritə və bülletenlər yayırlar. Mən Qarabağın işğal olunan ərazilərlə birlikdə ayrıca respublika kimi göstərildiyi həmin xəritəni və bəzi bülletenləri əldə edərək Azərbaycanı tədbirə dəvət edən ECO Mədəniyyət İnstitutunun sərgidəki qərargahına getdim və bu məsələ ilə bağlı etirazımı bildirdim. ECO Mədəniyyət İnstitutunun qərargah rəhbəri sərginin mühafizə xidmətinə məlumat verdi və az keçməmiş bütün xəritə və bülletenlər yığışdırıldı. Bu barədə Azərbaycan səfirliyinə də xəbər verdik, məsələni nəzarətə götürdülər.

Mayın 11-də cənab səfir sərgiyə gəldi. O, Ermənistana məxsus stendə də baxdı və bəzi fotolar çəkdirdi. Səfir ermənilərin daha bir xəritəsinə öz etirazını bildirdi. Orada Dağlıq Qarabağ ayrıca əks olunmuş, Azərbaycana məxsus adlar dəyişdirilmişdi.

Nəticədə bu xəritənin də yığışdırılmasına nail olduq.

Səfirin gəlişində məqsəd həm də mayın 12-də keçiriləcək Azərbaycan günü ilə bağlı hazırlıq işlərinin görülməsi idi.

Sərgi başlanandan bir neçə gün sonra ECO Mədəniyyət İnstitutunun baş ofisində təşkilata üzv olan ölkələrin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada Azərbaycandan gələn nümayəndə heyəti adından mən qısa çıxış etdim. Azərbaycanla İranın mədəni əlaqələrindən, oxşar mədəni dəyərlərdən danışdım.

Azərbaycan günündə (12 may) Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov, İran İslam Respublikası Milli Kitabxanasının direktoru, prezidentin müşaviri ağayi Əşəri, ECO Mədəniyyət İnstitutunun direktoru ağayi Rəcəbi və başqa nüfuzlu şəxslər iştirak edirdilər. Tədbiri cənab səfir aparırdı. Öncə Azərbaycanın himni səsləndi, sonra səfir A.Həsənov giriş nitqi ilə çıxış edərək Azərbaycan mədəniyyətinin dünyadakı yerindən, əhəmiyyətindən danışdı. Ardınca Azərbaycanla bağlı sənədli film göstərildi.

İran İslam Respublikası Milli Kitabxanasının direktoru ağayi Əşəri, ECO Mədəniyyət İnstitutunun direktoru ağayi Rəcəbi də çıxış edərək Azərbaycanda olduqlarını və bu ölkəni sevdiklərini bildirdilər.

M.F.Axundov adına Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva işlədiyi kitabxana bərədə qısa məlumat verdi və hər iki ölkənin milli kitabxanaları arasındakı əməkdaşlıqdan, təcrübə mübadiləsindən danışdı.

Mən isə Azərbaycandakı nəşriyyat işi və kitab sənəti barədə qısa məlumat verdim. Ölkəmizdə kitaba marağın getdikcə artdığını, dünyanın nüfuzlu kitab sərgilərində yaxından iştirak etdiyimizi bildirdim. ECO-nun keçirdiyi bu tədbiri də mədəniyyətlərin dialoqu və kitabın beynəlxalq səviyyədə tanıdılması işində böyük əhəmiyyət daşıdığını söylədim.

Cənab səfir yekun nitqində Azərbaycanın çağdaş tarixinə ümumi nəzər saldı, son illər gedən quruculuq işlərindən, cəmiyyətin bütün sahələrində, eləcə də mədəniyyətdə, kitab işində baş verən yeniliklərdən söz açdı. Bədnam qonşularımızın musiqimizi, tarixi adlarımızı, hətta dilimizə məxsus olan və mənası hamı tərəfindən bu gün də rahatca anlaşılan sözlərimizi oğurladıqlarını bildirdi.

Sərgidə olduğumuz 10 gün ərzində Azərbaycana sonsuz maraq və məhəbbət hiss etdik. Xüsusən İranda yaşayan azərbaycanlılar bizim stendə olduqca böyük maraq göstərirdilər. Biz olan hissədə, hansı ki orada ECO-ya üzv olan və bu tədbirdə çoxdan iştirak edən Əfqanıstan, Tacikistan, Pakistan, Türkiyə kimi ölkələr, ECO-nun özünə və İrana məxsus stendlər var idi, yalnız Azərbaycan stendinin qarşısında həmişə qələbəlik idi. Hətta adi bir söz soruşmaq üçün insanlar növbə gözləməli olurdular.

Bu qələbəlik Azərbaycan günündə daha da çoxaldı. Və həmin gün səfirlikdən gətirilən yüzlərlə kitabı biz Azərbaycanla maraqlanan insanlara hədiyyə etdik. Ancaq Azərbaycandan gələn nəfis kitablar 1 nüsxə olduğu üçün hədiyyə edə bilmədik.

Azərbaycan günündə AzərTAc-ın və Dövlət Televiziyasının nümayəndələri də iştirak edirdi. 18 may 2009-cu il tarixdə, saat 20-də yayımlanan Xəbərlər proqramında Azərbaycan günü və sərgidə iştirakımız barədə informasiya verildi, videomaterial yayımlandı. AzərTAc Tehranda sərgidə Azərbaycanla bağlı kitabların uğurla nümayiş etdirilməsi barədə xəbər yaydı və xəbər agentliyin rəsmi İnternet saytında yerləşdirildi.

Nümayişin sonunda bütün kitabları Azərbaycan səfirliyinə hədiyyə etdik.

Həmin gün Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov məni qəbul etdi. O, Azərbaycan günündən və ümumən tədbirdən razı qaldığını bildirdi.

 

Tanımadığımız İran

 

Qosqoca Tehran... Əhali 15 milyon... İnsan və maşın selindən ibarət olan bu nəhəng okeanın bir tərəfindən o biri tərəfinə getmək üçün 3 saata yaxın vaxt itirə bilərsən. Şəhər böyük, tıxaclar amansız. İnsanları bu çətinlikdən qurtaran motosikletlərdir. Bəlkə də, dünyanın heç bir şəhərində Tehran qədər motosiklet yoxdur. İnsanlar bu yüngül və sərfəli nəqliyyat növündən taksi kimi də istifadə edirlər.

Hər bir ölkəni tanımaq üçün oraya hökmən səfər etmək və ən azı bir həftə qalmaq lazımdır. Xüsusən yazı-pozu adamları üçün... Nə televiziya, nə mətbuat, nə də kitablar səfər təəssüratlarını əvəz edə bilməz. Çox gəzən çox bilər... Bu məşhur deyimi ən çox İran barədə ürəklə işlətmək olar.

Şəxsən mən İranda qadınların, universitetdə təhsil alan xanımların, öyrətmənlərin və ya cəmiyyətin fərqli sahələrində işləyən - tərcümə yapan, yaradıcılıqla məşğul olan, naşirlik edən və b. qızların o qədər fəal, işgüzar, azadfikirli və intellektual, o qədər komplekssiz, ünsiyyətcil və mehriban olduqlarını ömründə ağlıma gətirməzdim. İbtidai məktəbdən (ibtidai məktəb orada 4 ildir) ərəb, fars və ingilis dillərini lazımi səviyyədə öyrənən bu xanımlar hələ desən rus dilində də danışa bilirlər. Həm də Azərbaycandakı təhsillə maraqlanırlar. Burada təhsil almaq istəyənlər olduqca çoxdur. Sərgidə Bakı Dövlət Universitetinin bir neçə tehranlı aspirantı ilə tanış oldum. Azərbaycan barədə xoş sözlər söylədilər.

Hələ bir Tehranda orta məktəbdə oxuyan və bizim rokerlər kimi əndrəbadi geyimdə olan dəliqanlı bir azəri oğlu ilə aramda olan dialoqa baxın.

- Ağa, Xatirə İslamı tanıyırsınız?

- Bəli, tanıyıram.

- Yaxından görmüsünüz yəqin, o çox gözəl müğənni, həm də gözəl qızdır.

- Görmüşəm, əlbəttə. Bakıya gəlsən sənə elçi gedə bilərəm.

Qaşlarını yuxarı dartaraq çənəsini irəli uzadır (Tehranda bu hərəkət, bizdə yox kəlməsi olaraq başı bulamağı əvəz edir):

- Yox ağa, mən Ebru Gündəşi sevirəm, Xatirəni elə-belə soruşdum.

İranda tələbə ruhani təhsil alanlara deyirlər. Dünyəvi elmləri öyrənənləri azərilər eynən Türkiyə türkləri kimi öyrənci adlandırır.

10 gün ərzində yalnız Azərbaycan stendinin qarşısına təxminən 10 minlərlə adam gəldi. Hər gün sərgidə saat 10-dan 18-dək adam əlindən iynə atsan yerə düşməzdi.

İranın dünyanın bütün inkişaf etmiş ölkələri ilə bəhs edə biləcək poliqrafiya sənəti var. Kətan üstə təbii rənglərlə vurulmuş illüstrasiyalar isə nəşrdən daha çox incəsənət nümunəsi hesab oluna bilər.

İranda Azərbaycan dilində və Azərbaycanla bağlı ingilis, fars, ərəb və rus dillərində buraxılan kitablara təsəvvürəgəlməz maraq var.

Sadə bir misal: İranda fəaliyyət göstərən Pınar nəşriyyatı türk şairi Əhməd Arifin şeirlər kitabını ərəb əlifbası ilə türk dilində nəşr etdirmişdi. Kitab sərgiyə gətirilən gün nahara qədər 500 nüsxədən artıq satıldı. Azərbaycandan nəşr olunan müəlliflərin də kitabı eləcə... Üstəlik Azərbaycanın özündə nəşr olunan kitablara ikiqat maraq var. Əgər biz bizdən israrla istənilən kitabları hədiyyə edib və ya satmaq imkanında olsaydıq, gün ərzində ən azı 5-6 min nüsxə kitab lazım olardı. Bu da 10 günlük sərgidə iştirak etmək üçün ən azı 50-60 min kitab deməkdir.

Müşahidə və gəldiyim qənaət belədir: Azərbaycan kitabına olan bu sonsuz marağı nəzərə alaraq növbəti illərdə Beynəlxalq Tehran Festivalında daha çox kitabla iştirak etməli, ölkəmizin təbliğatını daha yüksək səviyyədə və daha geniş şəkildə qurmalıyıq. Bəlkə də, İran sərgisi Azərbaycan qədər heç bir dövlət üçün sağlam təbliğat fürsəti yaratmır. Biz bu fürsətdən lazımınca istifadə etməliyik. Ən azı 5-10 stend götürə, 500-600, hətta 1000 adda kitab nümayiş və hədiyyə edə bilərik. Təbii ki, bu işə kitabxanalar və dövlət nəşriyyatları ilə yanaşı, özəl nəşriyyatlar da cəlb oluna bilər.

Azərbaycan kitabına olan maraq adama qürur və ümid verirdi.

 

 

Şərif Ağayar

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 9.