Uşaq Kitabı Festivalının nəşriyyat muğam günü

 

Beşik nəşriyyatından ərmağan kitab sərgisinin nümayişi də keçirildi

 

Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009 və Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı tədbirlər planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin və Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə həyata keçirilən II Ümumrespublika Uşaq Kitabı Festivalı davam edir. Bugünlərdə isə Bakı şəhəri, Yasamal rayonu XXI əsr liseyində festivalın nəşriyyat günü keçirildi. Dəyirmi masa təşkil edən tədbir iştirakçılarının əsas məqsədi uşaqları nəşriyyat işçiləri və yaradıcı insanlarla görüşdürməkdir. Tədbirdə çıxış edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva, direktor müavini Zahirə Dadaşova, şöbə müdiri Leyla İbrahimova, Beşik nəşriyyatının direktoru Nərgiz Cabbarlı və başqaları çıxışları zamanı uşaqları kitab oxumağa, geniş mütaliə vərdişlərinə çağırdılar.

Daha sonra isə uşaq jurnallarında nağıl, rəsm və şeirləri nəşr olunan yazıçı, şair, rəssamlar öz fikirlərini uşaqlarla bölüşdülər, onları maraqlandıran sualları cavablandırdılar. Tədbirin sonunda Beşik nəşriyyatının məhsulu olan uşaq jurnalları tədbir iştirakçılarına paylandı.

Festival çərçivəsində muğam günü keçirildi.

Bülbül adına Musiqi məktəbində II Ümumrespublika Uşaq Kitabı Festivalına həsr olunmuş muğam gecəsi oldu. Tədbirdə iştirak edən Zakir Əliyev, Firuz Məmmədov uşaqların ifasını bəyəndiyini və gələcəkdə bu iş üzərində daha ciddi çalışmalarını bildirdilər. Xalq artisti Əlibaba Məmmədov və Bülbül adına Musiqi məktəbinin direktoru Nigar Cərullaqızı şagirdlərin ifasında olan qüsurları və çatışmazlıqları onların diqqətinə çatdırdılar. Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva, direktor müavini Zahirə Dadaşova, şöbə müdiri Leyla İbrahimova, uşaq yazıçıları Nüşabə Məmmədli, C.İbrahimova və başqaları da iştirak edirdi.

Daha sonra isə Bülbül adına məktəbin şagirdləri Nurlan Zeynalov Rast muğamını, Elə bəndəm xalq mahnısını, Şəhriyar Ağayev Rahab muğamını, Zabitə Əliyeva Sarı gəlin xalq mahnısını ifa etdilər. Məktəbin şagirdi, həm də Xalq ulduzu yarışmasının iştirakçısı Səbinə Ərəbli Kəsmə şikəstəsi və Humayun muğamını ifa etdi.

Qeyd edək ki, mayın 20-i üçün nəzərdə tutulan Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş Təbiət ilhama çağırır bizi adlı rəsm müsabiqəsi mayın 26-da keçiriləcək. Buna baxmayaraq festivalın bağlanış mərasimi mayın 21-də olacaq.

 

 

ELMİN

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 2.