Gəncədə uşaq festivalının sonuncu mərhələsi

 

Gəncədə məktəbəqədər təhsil müəssisələri və məktəb kollektivlərinin iştirakı ilə keçirilən uşaq festivalının yekun mərhələsi oldu. Gəncənin «Xan» bağında düzənlənən tədbirdə Uşaq İncəsənət Mərkəzi də daxil olmaqla, qalib çıxan 10 bağça və 5 məktəbin uşaqları öz məharətlərini sərgilədilər. Uşaq ili ilə bağlı düzənlənən möhtəşəm festivalda uşaqların ifa etdiyi mahnılar iştirakçıların sevgi dolu alqışlarını qazandı. Şeirlər səsləndirildi, səhnəciklər nümayiş etdirildi. Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev və digər səlahiyyətli nümayəndələrin qatıldığı tədbirdə orta məktəb və bağçaların kollektivlərinin əl işləri də sərgiləndi. Burada 100-dən çox əl işi maraq doğurdu, müxtəlif layihələr, toxu və tikiş nümunələri, fiqurlar, oyuncaqlar və daha nələr festivala xüsusi rəng qatdı. Uşaqların asfalt üzərində çəkdiyi sadə və süjetli rəsmlər də maraqla izləndi. Onu da bildirək ki, uşaqlarla bağlı tədbirlər bundan sonra da davam edəcək.

 

 

Günay Asifqızı

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 2.