Ukraynada Azərbaycan Mədəniyyəti Günləri

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında Protokola əsasən 2009-cu il 20-24 may tarixlərində Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Azərbaycandan Ukraynaya gedən 80 nəfərlik nümayəndə heyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edir. Rəsmi nümayəndə heyətinin tərkibinə nazirliyin Aparat rəhbərinin müavini Cavanşir Cəfərov, Dövlət Uşaq Filarmoniyasının direktoru Fərəh Şəkinskaya daxildirlər.

Dünən Ukrayna paytaxtında Azərbaycan Respublikası Mədəniyyəti Günlərinin açılışı gerçəkləşib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti səfirliyin yaxınlığındakı bağda ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyublar. Mərasimdə səfir Tələt Əliyev, Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov və diasporumuzun fəalları iştirak ediblər. Axşam Kiyev Rəssamlar Evində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi sənətsevərlərin ixtiyarına verilib. Sonra Milli Filarmoniyada Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı və bayram konserti təşkil olunub. Elə həmin gün nazir Ə. Qarayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Kiyevdə dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan kitabxananın yaxınlığında şairə ucaldılmış abidəni də ziyarət ediblər.

Məlumat üçün bildirək ki, mədəniyyət günləri çərçivəsində Ukrayna sənətsevərləri və orada yaşayan həmvətənlərimiz Azərbaycan rəngkarlıq məktəbi nümunələrindən ibarət sərgi və Azərbaycan incəsənət ustalarının qala-konsertini görəcəklər. Bu gözəl konsert proqramında xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri dirijoru olduğu Xalq Çalğı Alətləri Ansamblı, Fikrət Əmirov adına Mahnı Rəqs Ansamblı, Dövlət Xor Kapellası çıxış edir. Solistlər -xalq artistləri Azər Zeynalov, Faiq Ağayev, əməkdar artist Gülyaz Məmmədova, müğənni Lalə Məmmədova, xanəndə Səbuhi İbayev Uşaq Filarmoniyasının solisti Rəşid Seyidovdur. Xormeyster Gülbacı İmanova, baletmeyster Cəmilə Bayramova, səs rejissoru Vahid Talıbov, konsertin direktoru Elçin Abbasov, quruluşçu rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Əli Usubovdur.

 

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 1-2.