Xeyriyyəçi qadınlarımız...

 

Onlar xalq üçün həyata keçirdikləri işlərdə heç də neft maqnatlarımızdan geri qalmayıblar

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda milli burjuaziyanın meydana çıxması ilə eyni vaxtda xeyriyyəçilik ənənələrinin də əsası qoyuldu. Sözügedən dövrdə meydana gələn burjuaziya təbəqəsi xalqın həyatında mühüm əhəmiyyət kəsb etmişdi. Hər şeydən əvvəl onlar ölkənin inkişafı ilə əlaqədar çoxlu xeyriyyə işləri görüblər və xalqın qayğısına qalıblar. Sovet dövründə Azərbaycan milli burjuaziyasının nümayəndələri və onların gördükləri işlərdən danışmaq və yazmaq qəti qadağan olunduğundan, onların fəaliyyəti uzun müddət xalqa məlum olmayıb. Lakin sovet imperiyası dağıldıqdan sonra bu insanların keçdikləri həyat yolu və fəaliyyətləri araşdırılmağa başlandı. Nəticədə bizə Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Musa Nağıyev kimi mesenatların həqiqi fəaliyyətləri və xalq üçün elədikləri bəlli oldu.

Bu yerdə onu qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən neft maqnatları ilə yanaşı, onların xanımları da geniş ictimai fəaliyyətlə ve eyni zamanda xeyriyyəçiliklə məşğul olublar. Müəyyən araşdırmalar əsasında məlum olub ki, kübar xanımlarımız hətta Azərbaycanda qadın hərəkatının başlanğıcını qoyublar. Təəssüf ki, bu günə qədər həmin qadınların tariximizdə, elə milli burjuaziyanın ömrü qədər az müddətdə gördüyü işlər araşdırılmayıb. Azərbaycan Tarix Muzeyindən verilən məlumata görə, arxivlərdə material olmadığından, sözügedən sahənin araşdırılmasına səy göstərilmir. Əslində, kübar xanımların fəaliyyəti çoxşaxəli olub və bu dövrün araşdırılması Azərbaycan tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətli olardı. Təəssüf ki, bu haqda geniş material tapmaq çətindir.

 

Neft bumu qadın hərəkatına təkan verdi

 

Böyük hadisələr, inqilablar, müharibələr və hətta hərəkatlar belə müəyyən tarixi şəraitdə baş verir. Azərbaycanda isə qadın hərəkatı məhz Bakının neft möcüzəsi şəhərinə çevrilməsindən və milli burjuaziyanın formalaşmasından sonra meydana gəldi. Bəs Azərbaycanda qadın hərəkatının əsasını qoyan kübar xanımlarımızın əsas fəaliyyət istiqamətləri nələrdən ibarət olub?

Tədqiqatçıların bildirdiyinə görə, bu fəaliyyət təkcə xeyriyyəçiliklə məhdudlaşmayıb. Onlar Bakıda ilk qadın məktəblərinin, yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər fəal qadın qruplarının əmələ gəlməsinin təşəbbüsçüsü olublar. Maraqlıdır ki, Azərbaycanda qadın fəallığı, maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından və həyata keçirilməsindən başlayırdı. Bir sözlə, onların fəaliyyətinin əsası millətin maarifləndirilməsinə söykənirdi. Neft bumu isə sözün əsl mənasında qadın hərəkatının güclənməsinə təkan verdi.

Dövrün araşdırmaçıları hesab edir ki, qəyyumluq, xeyriyyəçilik, ilk növbədə gənc azərbaycanlı qızların təhsilinə xeyli güc və vəsait sərf edən kübar qadınlar demokratik azadlıq uğrunda mübarizədən uzaqda dayansalar da, Azərbaycanda qadın hərəkatının başlanğıcını qoyublar. Məsələn, fəlsəfə elmləri doktoru və gender məsələləri üzrə mütəxəssis Rəna Mirzəzadə deyir ki, bəzən şahzadə Diananı, Tereza ananı misal çəkir, onların gördükləri işlər qarşısında öz heyrətimizi gizlədə bilmirik. Lakin əgər tarixin dərinliklərinə baş vursaq, görərik ki, əslində hələ adıçəkilən bu qadınlar olmayanda, bizdə nə qədər belə xeyriyyəçi xanımlar olub: "Təəssüf ki, tarixin bu səhifəsi açılmadığından, biz onları tanımırıq. Halbuki o zaman yer üzündə nə şahzadə Diana, nə də Tereza ana var idi".

 

Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti

 

Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və təsadüfı deyil ki, bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. Zadəgan ailəsində böyümüş, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım, xalqın maarifləndirilməsi yolunda olmazın əziyyətlərə qatlaşıb. O, öz mənzilində uşaqlara dərs deməklə yanaşı, oba-oba, ev-ev gəzib qadınlara tikmək, yazıb-oxumaq öyrədib. Eyni zamanda Hənifə xanım rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları təşkil edirdi. Deyilənlərə görə, o, Zərdab əhlindən 132 nəfəri ömürlük kor olmaqdan xilas edib. Həsən bəy Zərdabinin ən böyük arzularından biri də Bakıda müsəlman qız məktəbinin açılması olub. Onun bu arzusunu böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev həyata keçirir. Belə ki, onun şəxsi hesabına Bakıda qız məktəbi tikilir. Məktəbdə müdirə kimi işləmək üçün müsəlman qadın yox idi. Bundan bu elə bir dövr idi ki, məktəbdə işləmək və təhsil almaq təhlükəli idi. Məsələn, deyilənlərə görə, Bakıda, İçərişəhərdə Axund Hacı Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz üstə öldürüblər. Belə bir mühitdə Hənifə xanım heç nədən, heç kimdən qorxmadan qız məktəbində müdirə işləməyi öz üzərinə götürərək, burada oxuyan qızlara mənəvi ana olmuşdu.

Bu sırada qadın xeyriyyə cəmiyyətinin ilk fəxri sədri, məşhur sahibkar Murtuza Muxtarovun xanımı Liza Tuqanovanın fəaliyyəti xüsusilə diqqət çəkir. Tədqiqatçılar bildirir ki, tanınmış zadəgan ailəsindən çıxmış Tuqanova-Muxtarovanın adı Azərbaycanda məşhur adamların xeyriyyəçilik fəaliyyətindən söhbət açan məşhur Bakı qəzetlərinin səhifələrində tez-tez çəkilirdi. Deyilənlərə görə, Liza xanım ictimai fəaliyyətə hələ gənclik illərindən qoşulmuşdu. O, vərəmlə mübarizə cəmiyyətinin fəal üzvü olmaqla yanaşı, Bakı müsəlman maarifçilik cəmiyyəti "Nicat"da gərgin iş aparır, xüsusi uşaq xəstəxanasının yaradılmasında həm maddi, həm də təşkilati cəhətdən iştirak edirdi. Eyni zamanda Birinci Dünya müharibəsinin əvvəlində Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə rəhbərlik etmişdi.

Liza xanım bu cəmiyyətin sıralarında Rəhilə Qaziyeva, Sara Vəzirova, Pəri Topçubaşova və bir çox başqalarını birləşdirə bildi. Araşdırmalar göstərir ki, bu qadınların qəyyumluq obyektləri kasıb ailələrdən olan qızlar olub. Liza Tuqanova-Muxtarova üçün məhz pedaqoji, maarifçilik fəaliyyəti əsas idi. O, özünün Persidski küçəsindəki (indiki M.Muxtarov küçəsi) möhtəşəm sarayında yetim müsəlman qızlar üçün özünəməxsus pansion təşkil etmişdi. Cəmiyyətin bütün məsələləri, görüləcək işlər onun evində müzakirə olunur, məhz onun təşəbbüsü ilə tez-tez dəni tədbirlər həyata keçirilirdi. Bundan başqa, qız məktəbində tamaşalar təşkil edir, qızlara ana qayğısı ilə yanaşırdı. Təəssüf ki, Liza xanımın taleyi ilə neft maqnatlarının taleyi kimi acı sonluqla bitdi. İzi qürbətdə, mühacirətdə itdi.

 

Xələfləri onları böyük minnətdarlıqla xatırlayır

 

Qeyd edək ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan qadınlarının fəaliyyəti təkcə yuxarıda adları çəkilən qadınların gördüyü işlərlə məhdudlaşmırdı. Məsələn, deyilənlərə görə, ianəçilər- Şəmsi və Mariya Əsədullayevlər Azərbaycanda və Rusiyada məşhur sənayeçi və mesenat hesab olunublar. Həyat yoldaşının ölümündən sonra Mariya Petrovna bütün işləri öz üzərinə götürür və cəsarətli, müvəffəqiyyətli sahibkar olur. Özünün xeyriyyə aksiyaları ilə o dövr Rusiyasının özünəməxsus ensiklopediyası olan "Romanovlar evinin 300 illiyi" nəşrinin səhifələrində Əsədullayevlər ailəsi "həyat mübarizəsi ilə bir bütövdə birləşən ruhən nəhənglər" kimi verilir. Bu cütlük Moskva müsəlmanlarına böyük yardımlar etmişdi. Və yaxud götürək məşhur Aşurbəyovlar nəslindən olan İsmət xanım Aşurbəyova-Sultanovanı. Tiflisdə yaşayan bir çox yoxsul müsəlman ailəsindən olan tələbələr onun vəsaiti hesabına təhsil alıblar. Deyilənlərə görə, kasıb ailələrdən olan gənclər tez-tez İsmət xanımın salonunda qonaq olurdular. Burada ana dili ilə birlikdə rus, fransız, alman dilləri səslənirdi. Fars poeziyasnın gözəl bilicisi olan ev sahibəsi Ömər Xəyyamın şeirlərini qonaqlara fars dilində oxuyurdu.

Sonda onu qeyd edək ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın kübar qadınlarının fəaliyyəti haqqında geniş bilgilər əldə etmək mümkün olmasa da, hətta məhdud məlumatlar əsasında belə məlum olur ki, onlar xalq üçün həyata keçirdikləri işlərdə heç də öz həyat yoldaşlarından, yəni neft maqnatlarımızdan geri qalmayıblar. Xüsusilə də bu dövrdə fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri xalqımızın maariflənməsində, yoxsul uşaqların təhsil almasında çox böyük rol oynayıb. Eyni zamanda, xalqımızın dünya mədəniyyətinə yaxınlaşmasında və ona qovuşmasında əvəzsiz xidmətlər göstərib. Belə demək mümkünsə, onlar, bir növ mədəni inkişafımızı şərtləndiriblər.

Bir sözlə, qısa bir dönəmdə, məhdud zaman çərçivəsində kübar xanımlarımız elə böyük işlər görüblər ki, gələcək nəsillər onları hələ də böyük minnətdarlıqla xatırlayır. Onların fəaliyyəti geniş şəkildə araşdırılmasa belə..

 

 

ZÜMRÜD

 

Mədəniyyət.-2008.-13 noyabr.-S.14.