Düyməcik - bu dəfə Opera Balet Teatrında

 

Bu məqaləni uşaqlara həsr edirəm. Bununla Azərbaycanda elan edilən 2009-cu il uşaq ili layihəsinə bir vətəndaş kimi qoşulur və töhfəmi vermiş oluram. Məndən başqa Opera və Balet Teatrı da prezidentin sərəncamını dəstəkləyir və yeni Düyməcik tamaşası ilə Uşaq ilinə öz töhfəsini vermiş olur.

 

Uşaqların bilmələri üçün deyim ki, Düyməcik baleti dünya şöhrətli Avstriya bəstəkarı İohann Ştrausun musiqisi və məşhur nağılçı Hans Xristian Andersonun nağılları əsasında səhnələşdirilmişdi.Tamaşa başlar - başlamaz sizi nağıllar aləminə apara biləcək füsunkar bir tərtibat görəcəksiniz. Bu tərtibata görə siz uşaqların adından mən Rusiya Akademik Böyük Teatrın rəssamı Dmitri Çerbadjinə təşəkkür edirəm. Rəssam tərəfindən hazırlanan dekorasiya rəngarəng işlənmişdi, zaman və məkana uyğun olaraq dəyişirdi. Rəssamın digər işi hazırladığı kostyum eskizləri idi ki, tam harmoniya yaradırdı; zaman, məkan ritmi qorunub saxlanılırdı. Fakt üçün qeyd edim ki, bu, Rusiya rəssamının sözügedən teatrda artıq ikinci işidir. O, Yeddi gözəl baletinin də quruluşçu rəssamı idi.

Tamaşaya quruluş verən xoreoqraf, xalq artisti Liva Sabitova da Rusiyadan məhz bu tamaşa üçün dəvət almışdı. Xoreoqraf tamaşaya sürətli, dinamik quruluş versə də, səhnədə səliqəsizlik var idi. Əlbəttə, səhnədəki bu səliqəsizyi tamaşanın növbəti günlərində aradan qaldırmaq mümkündür.

Tamaşa haqqında danışanda dahi Ştrausun musiqilərini qeyd etməmək bağışlanılmaz səhv olardı. Möhtəşəm musiqilər müəllifi Ştrausun əsərlərini peşəkar səviyyədə ifa etmək olduqca çətin və məsuliyyətli işdir. Elə bu səbəbdən orkestrə drijorluq missiyasını teatrın baş dirijoru, xalq artisti Cavanşir Cəfərov yerinə yetirirdi. Lakin Opera və Balet Teatrının orkestrinə məxsus alətlərin texniki cəhətdən istənilən səviyyədə olmaması musiqinin dinləmə tempini nisbətən aşağı salırdı.

Balet tamaşasında solistlərin oyunları da çox böyük əhəmiyyət daşıyırdı. Əsas rollarda - düyməcik şahzadə (əməkdar artist K.Hüseynova), pərilər şahzadəsi (əməkdar artist G.Mirzəyev) çox böyük peşəkarlıqla çıxış edirdilər.

Tamaşaya baxan hər bir uşaq özünün bədii-estetik zövqünün formalaşmasına imkan yaradacaq, öz dünyasından nağıllar dünyasına səyahət edəcək. Bu tamaşa Uşaq ilində uşaqlara ünvanlanmış ən yaxşı hədiyyədir.

 

 

Aygün

 

Mədəniyyət. - 2009.- 2 oktyabr.- S. 7.