İstedad qayğı tələb edir

 

Millət vəkili Nazim Məmmədov bu fikirdədir

 

Hələ ötən əsrin əvvəllərində dahi psixoanalitik Ziqmund Freyd deyirdi: "Bizim həyatımız son dərəcə iqtisadidi". Bu sözlər bizim günümüzə belə transfer edilə bilər: bizim həyatımız dəhşətli dərəcədə iqtisadidir. Freyd dini, incəsənəti illüziya hesab edirdi. İncəsənət adamlarını, bu illüziya xəstələrini iqtisadçılardan kəskin şəkildə fərqləndirən çox məqam olsa da onların anlaşdığı, bir-birinə ehtiyac duyduğu məqamlar çoxdur. Müsahibimiz incəsənət adamı deyil. Milli Məclisin deputatı, İqtisadiyyat siyasəti komissiyasının üzvü, ixtisasca iqtisadçı Nazim Məmmədovla söhbətimiz bu iki sahənin qovşağında ortaya çıxan məqamlarla bağlıdır.

 

-Nazim müəllim, iqtisadiyyatla incəsənətin, sənətlə biznesin toqquşduğu məqamlar var. Sanki bu iki sahə bir-birini anlamaqda çətinlik çəkir. Sizcə, nədən?

- Lap qədimdən belə bir stereotip fikir var ki, incəsənət xadimlərinin vəziyyəti pis olmalıdır ki, onlar nəsə yarada bilsinlər

-Hə, deyirlər ki, guya "sənətkar ac olmalıdır"

- Bu sereotip sınmalıdır. Bir dövlət, bir xalq mədəniyyəti və incəsənəti ilə tanınır. Mən ədəbiyyat adamları ilə görüşəndə də dəfələrlə demişəm ki, əslində onların yazdıqları tarixdə qalır. Deputatın, nazirin, yüksəkçinli məmurun tarixdə izi qalmaq ehtimalı çox azdır. Xalqın yaddaşında, yazılan kitablar, qoşulan şeirlər, incəsənət nümunələri qalır. Azərbaycan ədəbiyyatı və incəsənəti tarixində öyünməli olduğumuz adamlar çoxdular.

Əsrlər boyu mesenatlıq deyilən şeylər var.

Bunun sivil forması qəbul olunmadığına və bu işdə kifayət qədər maarifləndirmə işləri olmadığına görə bəzən, bizneslə incəsənəti uzlaşdırmaqda çətinlik yaranır.

Amma dəfələrlə şahidi olduğumuz fakt var ki, böyük sənətkarların konsertlərində, tədbirlərində şirkətlər onlara sponsorluq etməkdən məmnun olurlar. Bununla həmin şirkət bir növ reklamına və prestijinə şərait yaradır. Biz çalışırıq ki, şirkətlərə bunu aşılıyaq. Ancaq əfsuslar olsun ki, yeni yaranmış münasibətlərdə bugünkü maraqlar daha üstün tutulur, nəinki gələcək perspektivlər. İş adamları indi düşünür ki, bu gün nə qazandım odur. Əslində belə deyil. Hər halda, bunların mənəvi borclarıdır ki, xalqın yaradıcı insanlarına dəstək olsunlar. Şəxsi təcrübəmnən deyim: mən çox adam tanıyıram ki, heç oların adları bəlkə də çəkilmir, amma bu insanlar kifayət qədər kitablar da çap etdirirlər, yaradıcı insanlara müxtəlif tədbirlərini həyata keçirməyə maddi dəstək də olurlar. Kifayət qədər bu işlərlə məşğul olan adam kimi bilirəm ki, insanlara xırda da olsa diqqət yetirmək, dövlət qayğısı hiss etdirmək onları necə ruhlandırır. Millət vəkili də, dövlətdə çalışan hər hansı bir insanda bunu dövlətin adından edir.

Bilirsiniz, bu məsələnin həm də təbliğata ehtiyacı var. Bakıdan da, seçildiyim bölgədən də mənə üz tutan yaradıcı insanların işinə, məsələn, kitab çapına kömək etmişəm. Və onlar bunu müxtəlif yerlərdə, tədbirlərdə səsləndirirlər. Onlara bunu deməyə ona görə icazə vermişəm ki, qoy bu iş başqalarına nümunə olsun. Söhbət bu işin təbliğ olunmasından gedir. Mən bu sahədə dövlətin siyasətinin tam hədəfə çatdığını deyə bilmərəm. Bu siyasəti həyata keçirən məmurlar var və onların işində subyektiv amillər ola bilər və bundan dolayı hansısa yaradıcı şəxsə diqqət yetirilə, hansınasa yetirilməyə bilər.

Biz dövlətin adından danışanda ilk növbədə dövlət başçısını nəzərdə tuturuq. O yaradıcı adamlara kifayət qədər diqqətlidir. Amma əfsuslar olsun ki, bu sahədə elə adamlar da var ki, müxtəlif tədbirlərdə, görüşlərdə özünü gözə soxmağa və bununla müxtəlif imtiyazlar qazanmağa çalışırlar. Bu artıq bir adət halına keçib. O adamlar bununla mədəniyyəti, incəsənəti bir sahə olaraq, peşə olaraq aşağılayırlar. Biz müxtəlif dövlət tədbirlərində eyni adamları görürük ki, onlar müxtəlif xahişlərlə prezident və birinci xanıma yaxınlaşırlar. Sanki onların xahişləri bitib-tükənmir. Bunun nəticəsidir ki, iki, üç dəfə dövlətdən ev almış adamlar var. Amma bir tərəfdən də biz sosial kirayə kimi ciddi problemin həllində çətinlik çəkirik. Və yaxud da vəziyyəti dəfələrlə pis olan və evsiz qalan incəsənət adamlarımız var. Eyni adamlar hər dəfə imtiyazlar almalı deyil. İmtiyazlar hamı üçün olmalıdır. Ölkə başçısının nümunəsi var. Amma bunun davamını görmürük. Söhbət imkanlı şəxslərdən və şirkət rəhbərlərindən gedir.

- Nazim müəllim, axı iş həm də məsələyə necə yanaşmaqdadır. Gərək ki, Cəfər Cabbarlının əsərlərinin birində kiminsə belə bir fikri yazılıb: "Allah istedadlı yoxsulları varlıların mərhəmətinə buraxdı". İllərdir ki, incəsənətlə iqtisadiyyatın münasibətləri bu şəkildə qurulub. Hərçənd, bunun özü də düzgün deyil. Məsələyə iqtisadçı kimi yanaşmanızı istərdim. İncəsənətin özündə hansı qüsurlar var ki, özünü dolandıra bilmir? Ziddiyyət burasındadır ki, tələbat deyilən iqtisadi anlayış incəsənət adamı üçün tamam başqa anlam daşıyır.

- Cəfər Cabbarlının əsərindəki o sitat indi də aktualdır. Bunun bəzi səbəblərini bayaq açıqladıq. Sənətçi nə etməlidir? Bazar münasibətlərinə uyğun olaraq ilk növbədə sənət əsərini müəllif hüquqlarından keçirməlidir. Məsələn, mənim seçicilərimdən biri olan Dəmir Gədəbəyli heç xalq şairi də deyil. Amma onun üç yüzdən artıq şeirinə musiqi yazılıb. Bu mahnıları Zeynəb Xanlarova, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi məşhur müğənnilər ifa edib. Olara bu ifalara görə xalq artisti adı veriblər. Amma Dəmir Gədəbəyli diqqətdən kənarda qalıb. Bununla əlaqədar biz Mədəniyyət və Turizim Nazirliyinə müraciət etmişik və ümidvaram ki, Dəmir layiqli olduğu yeri tutacaq. Bunu ona görə deyirəm ki, şair, bəstəkar əsərini Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirməlidir ki, ordan patent alsın və televiziya və radioda efirə getdikdə, oradan ona faiz gəlsin.

Sənətçi nə etməlidir? Əgər bir rəssam rəsm çəkibsə, sərgidə ondan vəsait qazana, onu sata bilər və s. Amma bu işi təşkil etmək lazımdır. İş orasındadır ki, bizdə idarə etmə və menecment işi çox zəif inkişaf edib. Yaxşı menecer, yaxşı prodüsser işin istehsalını va satışını təşkil edə, bundan vəsait qazana, qazandıra bilər.

Azərbaycan xalqı incəsənəti və ədəbiyyatı qiymətləndirən bir xalqdır. Xalqımızın mədəni ənənələri var. Sadəcə olaraq bir məqam oldu ki, bu zəncir qırıldı. Zamanında yaxşı prodüserlər olsa bu sahədə inkişaf böyük olardı.

İncəsənət - iqtisadiyyat. Bu sahələrin qovuşması çox zəifdir. Biz xaricdə sərgilərdən, film nümayişlərindən nə qədər qazanıldığını görürük. Bunlar hamısı bir aktyorun, bir rejissorun və yaxud bir rəssamın adının bir növ brendə çevrilməsi, onun qiymətə minməsi deməkdir. Düzdür ki, biz üzümüzü yalnız mesenatlığa tutmamalıyıq.

Biz bir xalq, bir dövlət olaraq uzun müddət başqa dövlətlərin təsiri altında yaşamışıq. Əfsuslar olsun ki, mədəniyyətimiz də ideologiyaların qurbanına çevrilir. Sonuncu Sovet ideologiyası olub və onun təsirləri hələ də qalmaqdadır. Mən bunu cəmiyyətin inkişafı ilə əsaslandırıram. Şəxsiyyət və individ olaraq önəmli insanlarımız var. Bizim çox qədim mənəvi dəyərlərimiz var. Bunların üzərinə köklənməliyik.

Əfsuslar olsun ki, bəzi hallar olur - mən bunu siyasətə, iqtisadiyyata və mədəniyyətə də aid edirəm - dövlət başçısı və ya ölkənin birinci xanımı hansı sahəyə diqqət yetirirsə bütün məmurlar, bütün insanlar o sahəyə axışır. Təəssüf ki, özlərini göstərmək, gözə soxmaq üçün bunu edirlər. Bu çox pis haldır.

- Cəmiyyətdəki bu mənəvi aşınmalar incəsənətə birbaşa öz təsirini göstərir. Bu aşınmanın ictimai iqtisadi formasiya dəyişikliyilə əlaqələndirirlər. Yeni ictimai iqtisadi münasibətlər bu böhranı yaradan səbəblərdirmi?

-Düzdür sosializmdən kapitalizmə keçid böyük aşınmalar yaratdı. Sosializm dövründə ziyalı - müəllim, həkim, alim, incəsənət adamı böyük imtiyazlara malik idi. Onlar öz yaşayışlarını ödəyəcək qədər məvacib alırdılar. Müstəqilliyin ilk illərində vəziyyət çətinləşdi, dövlət onlara qayğı göstərə bilmədi. Ziyalılar maddi təminat üçün müxtəlif sahələrə getdilər. Sanki zəncir qırıldı.

İndi teatr xadimlərinə, incəsənət adamlarına diqqət, qayğı artır. Dövlətin, dövlət başçısının göstərdiyi bu qayğıya bütün cəmiyyət qoşulmalıdır. Amma deyim sizə, əks təsir də mövcuddur. Bu sahədə elə qalmaqallar var ki, bu hallar cəmiyyəti iyrəndirir. Şou bu sahəni bürüyür. Məsələn yazıçının, şairin o proqramda nə işi var ki, ekranda xırda bir məişət problemini müzakirə etsin? Gerçək elm adamları azalıb, konyuktura xatirinə olan işlər çoxalıb.

- Nazim müəllim, mədəni istirahətinizi necə təşkil edirsiniz?

-Əfsus ki, istirahətə bir o qədər vaxtımız qalmır. Kinoteatra gedə bilmirik, amma televiziya kanallarında göstərilən köhnə Azərbaycan filmlərini məmnuniyyətlə izləyirəm. Mən Gədəbəydə doğulub böyümüşəm və musiqi zövqüm saz üzərində köklənib.

Elə söhbət televiziya kanallarından düşmüşkən qeyd etməliyəm ki, bu gün yüksək tərəqqi dövrünü yaşayan ölkəmizdə həm dünya standartlarına, həm də milli - mənəvi dəyərlərə söykənməklə inkişaf edən televiziya modeli yaranmalıdır. Uzun müddətdir ki, ictimai müzakirə mövzusuna çevrilən məsələ barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbayacan qəzetinin 2 oktyabr 2009-cu il tarixli sayında dərc edilmiş Azərbaycanın efir məkanı: problemlər və vəzifələr adlı məqaləsində kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziya və radio kanallarının fəaliyyətinə nəzər yetirilir, bu sahədəki müəyyən uğurlardan, eləcə də bəzi telekanallrda baş alıb gedən nöqsanlardan, həlli vacib problemlərdən, intellektual inkişaf üçün gərəkli olan maarifləndirmə proqramlarından danışılır.

Hörmətli Ramiz Mehdiyevin vətənpərvərliklə qələmə aldığı məqaləni mən bir vətəndaş, millət vəkili olaraq çox yüksək dəyərləndirirəm. Həm də müşahidə edirəm ki, həmin yazını ictimaiyyət razılıqla qarşılayıb. Düşünürəm ki, məlum məqalə tele-məkanımızdakı problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq.

- Saz demişkən, milli aşıq sənəti və milli bayramımız olan Novruz YUNESKO-nun Mədəni İrs siyahısına daxil edilib. Bu faktı necə dəyərləndirirsiz?

- Bu böyük nailiyyətdir. Çünki mənəvi dəyərlərimizin təbliği çox önəmlidir. Ölkə başçısının Gədəbəyə ikinci səfəri mənim deputatlıq dövrümə düşdü. Şübhəsiz ki, dövlət başçımız Gədəbəyin mədəni-elmi potensialı barədə məlumatlı idi. Bilirsiniz ki, ilk dəmiryolu Gədəbəydə çəkilib, ilk elektrik stansiyası Gədəbəydə tikilib. İlk neft kəməri də Gədəbəyə, Şəmkirdən çəkilib. Mis zavodlarının işləməsi üçün oduna görə meşələrin qırılmasının qarşısını almaq üçün Şəmkirdən neft kəməri çəkildi. Əlbəttə, biz bunlarla qürur duyuruq. Son nailiyyətlərimizdən birisə, prezidentin də açılışında iştirak etdiyi, sentyabrda açılan mis mədəni və qızıl emalı zavodu idi. Elə o gəlişində ölkə başçısı Gədəbəydə aşıq məktəbinin təməlini qoydu. Heydər Əliyev parkının yanında bir bina hazır olacaq ki, aşıq musiqisi, aşıq sənəti burada tədris olunacaq.

Bilirsiniz ki, müəyyən aşıq havaları məhz Gədəbəydə yaranıb, onun aşıq musiqisinə töhfəsi sayılır. Məsələn, "Baş sarıtel".

- Nazim müəllim, İosif Brodskiy adlı bir şair yazırdı ki, "Mənə elə gəlir ki, bizim talelərimizin potensial hakimləri olan siyasətçilərdən hansı beynəlxalq siyasəti dəstəklədiyini yox, Stendala, Dikkensə, Dostoyevskiyə münasibətini öyrənmək lazımdır.

Burada söhbət savadlı olmaqdan getmir. Lenin də, Stalin də, Hitler də savadlı idi, hətta Mao Tsze Dun şeirlər yazırdı. Amma onların qurbanlarının siyahısı oxuduqlarının siyahısından qat-qat uzun idi"

Belə uzun girişdən sonra hansı kitabları oxuduğunuzu soruşacam

- Milli Məclisin deputatlarına latın qrafikası ilə çap olunan yüz əlli cilddə dünya ədəbiyyatı nümunələrindən hədiyyə olunur. Rus klassikası, dünya klassikası, Azərbaycan klassik və müasir ədəbiyyatı da daxildir. Bunları oxuyuruq. Amma çox təəssüf olsun ki, oxumağa daha çox vaxt ayıra bilmirəm.

 

 

Söhbətləşdi: Aliyə

 

Mədəniyyət.- 2009.- 7 oktyabr.- S. 5.