İsmailiyyə- müstəqilliyimizin ilk ünvanı

 

Bakıda qotik üslublu ilk memarlıq abidəsi, təkcə milyonçularımızı deyil, tariximizi rəngsiz yaşadan möhtəşəm İsmailiyyə.

Bu gün elm ocağına çevrilən abidə zaman-zaman tariximizdə baş verən faciələri də özündə yaşadıb. Azərbaycanın müstəqillik ideyaları da ilk dəfə məhz bu binada səslənib.

İsmailiyyənin əsası tanınmış Azərbaycan milyonçusu Ağamusa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Memarlıq üslubu baxımından olduqca heyrətamiz olan İsmailiyyəni milyonçu dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib.

Cəmiyyəti Xeyriyyə və ya İsmailiyyə binasının tikilməsinin maraqlı tarixçəsi var. Belə ki, Ağamusanın oğlu İsmayıl vərəm xəstəliyinə tutulur. Bakı milyonçularının ailələrini müalicə edən Varatapedov adlı həkim İsmayılı müayinə etdikdən sonra Musa Nağıyevə deyir ki, oğlunun vəziyyəti çox ağırdır. Əgər tez tədbir görülməsə, ölə bilər. Amma 50 min manata qədər xərci var. Hətta həkim milyonçuya təklif edir ki, oğlunu özü İsveçrəyə aparıb 1 il ərzində müalicə etdirib gətirəcək. Musa Nağıyev deyir ki, yalnız 10 min manat verə bilər. Söhbət bununla da bitir. Lakin İsmayılın halının gün-gündən pisləşdiyini görən milyonçu son anda onun müalicəsi üçün 50 min manat verməyə razı olur. Lakin Ağamusa gecikir. Belə ki, həkim xəstəni yoxlayandan sonra xəbər verir ki, iş-işdən keçib, indi onu heç 100 min manatla da müalicə etmək mümkün deyil. Hacı Zeynalabdin Tağıyevin xahişi ilə həkim Məhəmməd Rza Vəkilov İsmayılı İsveçrəyə aparır. Müalicədən sonra onun halı nisbətən yaxşılaşsa da, çox yaşamır. Ağamusaya oğlunun xatirəsinə bina tikdirmək təklifi isə Hacı Zeynalabdin Tağıyevdən gəlir.

Binanın arxitektoru Ploşkonun etirafına görə, onun ən böyük arzularından biri Bakının mərkəzində, Azərbaycanın milli ornamentləri ilə bəzədilmiş əzəmətli binanın layihəsini işləmək imiş. Deyilənlərə görə, arzusuna çatan memar Ağamusa Nağıyeva öz minnətdarlığını bildirir. Binanın divarlarında asılmış naxışları tamaşaçıları valeh etmişdi. Venesiya qotikası üslubunda tikilmiş dəbdəbəli saray çox plastikdir və yaxşı işlənib. Binanın yuxarısında Qurani-Kərimdən surələr olub. Lakin bolşeviklər Azərbaycanı işğal etdikdən sonra həmin yazıları silib məhv etmişdilər. Tikilinin əsas arxitektura elementləri birinci mərtəbədə yerləşir. Paytaxtımızın tarix-memarlıq abidələri sırasında bu bina özünə xüsusi yer tutub.

1918-ci il martın 31-də isə bina xain ermənilər tərəfindən yandırıldı. Amma təsəlliverici məqam odur ki, İsmailiyyənin arxivi yandırılsa da, özülünü məhv edə bilmədilər. İsmailiyyənin yandırılması milyonçunun ağır iztirablarına səbəb olur. Bina yalnız cümhuriyyət dövründə bərpa olundu. Hazırda isə bu binada Azərbaycan Milli Elmlər Akademiyası yerləşir.

Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.

 

 

Mədəniyyət.- 2009.- 7 oktyabr.- S. 16.