Mədəniyyət və dialoq

 

İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransında əsas muzakirə mövzusudur

 

Tədbirə Şimali Kipr Türk Respublikası, İraq, Liviya, Mavritaniya, Mərakeş, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Toqo, Əlcəzair, Banqladeş, Qabon, Kamerun, Çad, Yəmən Ərəb Respublikası, Tatarıstan, Başqırdıstan, Xakasiya və digər ölkələrin mədəniyyət nazirləri, İran İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının rəhbəri, Oman Respublikası kral ailəsinin üzvü, mədəniyyət naziri, İSESKO, İRSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının baş direktorları, Avstriya, Vatikan və Gürcüstanın mədəniyyət nazirliklərinin nümayəndələri, bir sıra universitet və akademiyaların rəhbərləri, bir çox beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndə və səfirləri, Azərbaycan hökumətinin nümayəndələri qatılıb. Konfransın işində 45-dən çox dövlətdən 25 nazir, 11 nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi - ümumilikdə 200-dən çox qonaq iştirak edir. Tədbirdə əvvəlcə Qurani-Kərimdən ayələr oxundu.  

 

Sonra baş nazirin birinci müavini Elçin Əfəndiyev ölkə başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.

Dövlət başçısı məktubunda 2009-cu il üçün Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsini müxtəlif sivilizasiyaların qovuşağunda yerləşən ölkəmizin zəngin tarixi və mədəniyyətinə verilən yüksək qiymət kimi dəyərləndirir: « Bu il ərzində gerçəkləşən tədbirlər İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr vermiş, bir daha Azərbaycanın böyük İslam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb etmişdir.

Respublikamızda hökm sürən tolerantlıq mühitini biz böyük tarixi nailiyyətimiz kimi dəyərləndirir, bu ənənələri davam etdirərək müxtəlif dinlər, mədəniyyətlər arasında konstruktiv dialoqun qurulması prosesinə daim diqqət yetiririk. Əminəm ki, sizin konfransınız da müxtəlif sivilizasiyaların ortaq mənəvi-mədəni dəyərlərə əsaslanan səmərəli əməkdaşlıq səylərinə köməyini əsirgəməyəcəkdir.

Azərbaycan özünün maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələri həyata keçirir. Lakin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalmış torpaqlarımızdakı İslam mədəniyyətinə aid bütün nümunələr, o cümlədən dini məbədlər, məscidlər və abidələr dağıdılmışdır. Məruz qaldığımız bu təcavüzlə bağlı olaraq daim İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən Azərbaycanın haqq mövqeyinin dəstəklənməsi ölkəmizdə həmişə təqdirlə qarşılanmışdır».

Məktubda konfransın İslam dünyası mədəniyyətinin aktual məsələlərinə dair ətraflı müzakirələr aparılacağına, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı mədəni əməkdaşlığın yeni inkişaf yollarının müəyyən ediləcəyinə inam ifadə olunur.

Məktubun oxunuşundan sonra çıxış üçün söz İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə verildi. Nitqinə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına təşəkkürlə başlayan qonaq mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası dialoqa böyük töhfələr verdiyini dedi. Ölkəmizin İSESKO ilə əməkdaşlığını yüksək qiymətləndirən Əbdüləziz bin Osman əl-Tuveycri ölkəmizin müdrik rəhbəri ilə daha da böyük uğurlar qazanacağına inam ifadə etdi.

İKT-yə üzv ölkələrin mədəniyyət istiqamətində əlaqələrinin daha dərinləşməsi üçün bir neçə proqram hazırlandığını diqqətə çatdıran baş direktor, eyni zamanda, turizm sahəsində də əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğuladı.

Əbdüləziz bin Osman əl-Tuveycri İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransının mədəniyyət sahəsində əməkdaşlığı dərinləşdirmək baxımından əhəmiyyətini vurğuladı.

İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin V Konfransına sədrlik etmiş Liviyanın mədəniyyət idarəsinin baş komitəsinin rəhbəri Nuri Əl Həmidi çıxışına «İslam mədəniyyəti bəşəriyyət üçün mayakdır» cümləsi ilə başlayaraq konfransa sədrlik etdikləri müddətdə görülən işlərdən danışdı. Natiq İslam mədəniyyətinin inkişafı və təbliği istiqamətində qarşıda görüləcək işlərin çox olduğunu da diqqətə çatdırdı. Sonra İslam ölkələri mədəniyyət nazirlərinə sədrliyin Liviyadan Azərbaycana keçdiyi elan olundu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müzakirələrdə İslam irsinin qorunması məsələsinə xüsusi diqqət ayrılmasının vacibliyini bildirərək, ölkəmizdə tarixi irs nümunələrinin qorunması istiqamətində tədbirlərin ən yüksək səviyyədə keçirildiyini dedi: «Bu gün isə biz İslam mədəniyyəti tarixində və islam xalqlarını mədəni həyatında çox mühüm bir hadisəni - nazirlər konfransını keçiririk. İnanıram ki, burada müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcəkdir.

Konfransın ən yüksək səviyyədə təşkil edilməsində göstərdiyi dəstəyə görə mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirmək istərdim. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətində səslənən fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin siyasətində İslam dünyası ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir.

Ölkəmizin İSESKO ilə əməkdaşlığının inkişafında hər iki tərəfin qarşılıqlı təşəbbüsləri mühüm rol oynayır. İSESKO-nun dəstəyi ilə «Bakı-İslam Mədəniyyətinin Paytaxtı - 2009» Mədəniyyət ili paytaxtımızda il boyunca bayram kimi qeyd olunmaqdadır. Bununla əlaqədar olaraq «Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009» Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilmişdir.

Tədbirlər sırasında cənab Prezident İlham Əliyev və cənab Əl-Tuveycrinin iştirakı ilə keçirilən Mədəniyyət ilinin açılış mərasimi, Beynəlxalq Muğam Festivalı, Azərbaycanda Mərakeş Krallığının, Qətər dövlətinin, İordaniyanın Mədəniyyət Günləri, «Şərq-Qərb» Beynəlxalq Kinofestivalı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının II Konfransı, İSESKO-ya üzv dövlətlərin, Şərq-Qərb Beynəlxalq Rəqs Festivalı, İslam Mətbəxi I Beynəlxalq Kulinariya Festivalı, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirilərinin VI Konfransı, Türkdilli dövlətlərin mədəniyyət nazirlərinin toplantısı və digərləri mühüm yer tutur. Bununla yanaşı, müxtəlif sahələrdə bir sıra regional və milli seminarları da qeyd etmək olar. Ümumilikdə bütün Azərbaycan xalqı bu bayram tədbirlərini öz həyatında hiss edir və islam dəyərlərinin xalqımızın mədəniyyətinin formalaşmasında oynadığı rolu yüksək qiymətləndirir.

Bildiyiniz kimi, 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda Azərbaycan Hökuməti və Avropa Şurasının birgə təşkilatçılığı ilə «Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır» mövzusunda Avropa və onun qonşu regionlarının mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Konfransda Azərbaycanın təşəbbüsü ilə İSESKO-ya üzv olan 10-a yaxın dövlət və islam təşkilatları iştirak etmişdir. Konfransda müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqini nəzərdə tutan Bakı Prosesinin əsası qoyulmuş və biz qərara almışdıq ki, bu ənənəni davam etdirərək bugünkü konfransa bir sıra Avropa dövlətlərini dəvət edək.

Mən çox şadam ki, burada həmçinin bir sıra Avropa dövlətlərinin nümayəndələri və xarici dövlətlərin Azərbaycandakı səfirlikləri təmsil olunurlar».

Bu gün ölkəmizin öz inkişaf dövrünü yaşadığını və bu inkişafın bütün sahələrdə özünü göstərdiyini diqqətə çatdıran natiq dövlətimizin öz imkanlarından istifadə edərək mədəniyyət sahəsində islahatlar həyata keçirdiyini, bütün mədəniyyət müəssisələrində yenidənqurma və bərpa işlərinin aparıldığını, onların ən müasir texnologiyalarla təchiz edilməkdə olduğunu da konfrans iştirakçılarının diqqətinə çatdırdı: «Biz bu istiqamətdə həm Avropa dövlətlərinin, həm də İslam ölkələrinin təcrübələrini öyrənir və müvafiq formada onu tətbiq etməyə çalışırıq.

Bununla yanaşı, biz müzakirələrimizdə İslam irsinin qorunması məsələləri üzərində də dayanmalıyıq. Bu irsin qorunması bizim tariximizə və bu günümüzə verdiyimiz dəyərdir. Biz bunu birlikdə etməliyik. Azərbaycan dövləti öz daxili siyasətində islam mədəniyyətinə aid bütün abidələrin, tarixi irs nümunələrinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüflər olsun ki, biz bu tədbirləri ölkəmizin bütün ərazisində həyata keçirə bilmirik. Çünki - sizə də məlum olduğu kimi, Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal edilmiş və orada İslam mədəniyyətinə aid bütün muzeylər, məscidlər, abidələr dağıdılmışdır. Mən xüsusi ilə vurğulamaq istərdim ki, həmin mədəniyyət nümunələri tək Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür. Biz bu kimi məsələlərə bu prizmadan yanaşmalı, birgə tədbirlər həyata keçirməliyik.

Ona görə də mən təklif edərdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında islam mədəniyyətinə aid abidələrə qarşı vandalizm fəaliyyətləri pislənməli və konfransın yekun sənədində bununla bağlı müvafiq bəndlər öz əksini tapmalıdır. Əminəm ki, İslam ölkələri həmişə olduğu kimi bu təklifin qəbul edilməsində həmrəylik nümayiş etdirəcəklər. Çünki müəyyən tarixi dövr ərzində bu və ya digər xalqın milli düşüncəsinin, həyat tərzinin əsas parçası olan mədəniyyət - maddi və qeyri-maddi formalarda cəmiyyətin ən ali dəyərlərini ifadə edərək nəinki tarixlə, bugünü, keçmiş nəsillərlə indiki nəsilləri, eyni zamanda müxtəlif xalqların mənsub olduqları sivilizasiyaları bir-birinə qovuşdurur. Bunu tarixən yüksək estetik məzmuna malik sərvətləri yaradan islam dəyərləri ilə yanaşı, ümumən dünyanın qədim və çağdaş mədəniyyətlərini özündə birləşdirən Azərbaycan mədəniyyətinin timsalında aydın görmək olar.

İslam mədəniyyəti bizim xalqlarımızın tarixi keçmişi, bu günü və gələcək həyatıdır. Bu həyatı quranlar və bu həyatı yaşayanlar özümüz olduğumuz üçün onun dəyərli olması məqsədilə birgə çalışmalı və konkret tədbirlər həyata keçirməliyik. Bu istiqamətdə İslam dünyası üçün müştərək mədəniyyət strategiyası qarşılıqlı əməkdaşlığın nəzəri əsaslarını müəyyənləşdirir və mən həmin sənədi hazırlayan - başda cənab Əl-Tuveycri olmaqla, İSESKO katibliyinə təşəkkür etmək istərdim.

İslam milyonlarla insanın inandığı, etiqad etdiyi dindir. Din isə mədəniyyətdir. Çünki mədəniyyət bizim hər birimizin düşüncə tərzini, həyata baxışını, mənəvi prinsiplərimizin və ən əsası - daxili dünyamızın dəyərini müəyyənləşdirən məfhumdur. Bu baxımdan mədəni əlaqələr xalqların bir-birini yaxından tanımasına, hörmət etməsinə və bir-birini qəbul etməsinə əhəmiyyətli təsir göstərir. Mədəniyyət sahəsi yeganə sahədir ki, onun mənbəyi heç vaxt tükənmir, əksinə, daimi yeniləşən nəsillər onu zənginləşdirir və əməkdaşlıq üçün hər zaman əsaslar yaradır.

Qeyd etdiyim bu faktorları nəzər alaraq, Azərbaycan dövləti bütün islam ölkələri ilə mədəniyyət sahəsində əməkdaşlıq etməkdə maraqlıdır və bizim İslam ölkələrinin əksiyyəti ilə həm ikitərəfli, həm çoxtərəfli formada sıx və nümunəvi əməkdaşlığımız mövcuddur».

Nazir həmçinin mədəni turizm və mədəniyyətlərarası dialoq məsələlərinin müzakirəsinin, bununla bağlı səsləndiriləcək təklif və təşəbbüslərin ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq üçün yeni imkanlar açılmasına səbəb olacağına əminlik ifadə etdi. Bu baxımdan mədəni turizm xalqların bir-birini tanımasına, bir-birilərinin mədəniyyətlərini öyrənməsinə şərait yaratdığını diqqətə çatdırdı.

Bu yöndə fəaliyyətin digər mühüm istiqaməti mədəniyyətlərarası dialoqla bağlı olduğunu deyən nazir əldə olunan hər hansı irəliləyişi ümumilikdə xalqların və millətlərin mənafeyinə xidmət kimi dəyərləndirdi.

İSESKO-nun nümayəndəsi Abdel Moez Bouxari isə çıxışında Azərbaycanın İslam mədəniyyətinin tarixində özünəməxsus yeri olduğunu vurğuladı. Milli və müasir sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizin İslam mədəniyyətinə əvəzsiz töhfələr verdiyini bildirdi. Natiq təhsil sahəsində əməkdaşlığa diqqətin artırılmasının vacibliyini vurğuladı: «Bakı konfransında mədəniyyət, mədəniyyətlərarası dialoq, mədəni turizm, incəsənət, mədəni irs və digər sahələrdə regional və beynəlxalq layihələrin həyata keçirilməsinə təşəbbüs göstərməli və bu sahələrdə olan problemlərimizin həlli istiqamətində konkret addımlar atmalıyıq».

Avropa Şurasının Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer isə müzakirələrdə irəli sürülən fikirlərin müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqinə öz töhfələrini verəcəyinə əmin olduğunu dedi: «Bunun üçün biz real işlər və konkret tədbirlər həyata keçirməliyik. Biz artıq “Dialoq Paytaxtı” ideyası üzərində düşünməliyik. Bakı şəhəri “Dialoq Paytaxtı” statusunu ilk olaraq öz üzərinə götürə bilər. Bu, böyük məsuliyyətdir, çünki bu statusun vacibliyini təsdiqləmək böyük məsuliyyət tələb edir. İnanıram ki, bu təklif iştirakçılar tərəfindən müsbət qiymətləndiriləcək. Azərbaycan dövləti bu təşəbbüsləri daha da inkişaf etdirərək 2011-ci ildə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” təşkil edəcək. Mən hər birinizi bu qlobal təşəbbüsə dəstək verməyə və təşkilində yaxından iştirak etməyə dəvət edirəm”.

Qarşılıqlı əməkdaşlıq, əlaqələrin sonrakı inkişaf tendensiyasının görülən işlərə nəzərən müzakirə edildiyi dəyirmi masanın ardınca konfrans iştirakçıları İslam dünyası üçün mədəni strategiyanın həyata keçirilməsi sahəsindəki səylər barədə müzakirələr apardılar.

Dialoq və mədəni müxtəliflik məsələlərinə geniş diqqətin ayrıldığı konfrans öz işinə oktyabrın 15-də yekun vuracaq.

 

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2009.- 14 oktyabr.- S. 2.