Son gediş

 

Həyatda məni tanımayanlar tanıyanlardan, mənim tanımadıqlarım isə, tanıdıqlarımdan çoxdur. Elə həyatın qəribəliyi və gözəlliyi də bundadır; bir gün tanımadığın, varlığı haqqında anlayışın olmadığı insanlar sənin rastına çıxır, tanışına çevrilir, dostluğun yaranır, möhkəmlənir və hətta sənin gələcək yaşamında müstəsna rol oynayır. Taleyinin yolunda izini salır və gözləmədiyin bir anda həyatdan köçüb gedir. Gəlişi kimi, gedişinin də sənin taleyinə dəxli olur. Öz adındakı mənaya uyğun Köçəri kimi, kinooperator Köçəri Məmmədov sayaq. Həcc ziyarətində olduğu üçün hamı hörmətlə ona Hacı da deyirdi. Mənim ona xitabım isə, sadəcə "Köçəri dayı" idi.

 

Mən kinostudiyaya gələnə qədər onu tanımırdım. Özünü göz önündə, diqqət mərkəzində saxlamağı sevən adam deyildi. Tanışlığımız da uzun sürmədi - cəmi 7-8 ay iş yoldaşlığımız oldu. Onun haqq dünyasına qəflətən köçməsi isə mənimçün uzun bir gözlənilməzlik, ağır bir mənəvi zərbə oldu. Onun dünyasını dəyişməsi, sanki dadını bilmədiyim ata duyğusunu, valideyn məsuliyyətini mənə azca daddırıb, dərhal da bundan amansızcasına imtina etmiş kimi oldu.

Mən onu az tanıdım. Çox az. Ancaq bu "az", onun şəxsiyyəti, kimliyi haqda dolğun təsəvvür yaratmağa, onun qarşısında mənəvi borcumu ödəməyə kifayət etdi. İllər ötəcək, amma onun üstümdəki haqqı unudulmayacaq.

Haqqında daha dolğun, daha səmimi təəssüratlarını bölüşmək üçün, onu məndən daha yaxşı tanıyanlara - uzun illər bir yerdə çörək kəsdiyi, iş bölüşdürdüyü, ağrılı da, sevincli də günlərinin şahidi olan dost-tanışlarına müraciət etdim.

 

Xamis Muradov kinorejissor

 

- Köçəri Məmmədov mənim gözümün qarşısında böyüyüb. Onun böyük qardaşı Tofiqlə bir yerdə oxumuşuq. İnstituta gəldiyimiz ilk gündən dostluq münasibəti yaranıb bu münasibət təxminən 47 ildir davam edir. Bu dostluq ailəvi münasibətə keçib. Köçəri bizdən 5-10 bayram kiçik idi. Səfalı Cədəbəydə doğulmuşdu. Onların evində çox olmuşam. Həmişə deyirdim, mən həm qaxlıyam, həm gədəbəyli. Ata-anasını yaxşı tanıyırdım. Xeyir-şərlərində həmişə iştirak etmişəm.

Kinostudiyaya gələndə əvvəl başqa şöbədə işləyirdi, sonra biz onu elmi-kütləvi, sənədli filmlər birliyinə assistent götürdük. Operator kimi ilk işi mənimlə olub, bu peşədə formalaşmasında köməyimi əsirgəməmişəm. Çox çəkilişlərdə yol yoldaşı olmuşuq. Mənimçün sənətkarlıqla insanlıq eyni dərəcədədir. Ona görə mən Köçəriylə işləməyə daha çox üstünlük verirdim.

Vısotskinin bir sözü var, deyir, dost o deyil ki, çörək kəsirsən, yola çıxırsan, birgə iş görürsən, dost odur ki, ona kəndiri etibar edib alpinist kimi dağa dırmaşa bilirsən. Çünki o kəndiri buraxsa, həyatın məhv olar. Bu baxımdan mən hacı Köçəriyə çox etibar edirdim.

Onun işə münasibəti, milliliyi həmişə özünü büruzə verib. Həmişə çox axtarışda idi. Bir kadrdan ötrü, lazımdırsa, dağa da dırmaşırdı, suya da girirdi. Yadımdadır ki, "Aşıq Ələsgər" filminin bir epizodunu Tərtər çayında çəkirdik. Gəlin paltarında bir xanım şəlalənin altından keçməliydi. Heç bir qız ora girməyə cəsarət etməzdi. Köçəri özü gəlin paltarını geyinib suya girdi

Mən kinostudiyaya direktor gələndə, Köçəri başqa yerdə işləyirdi. Onu studiyaya yenidən cəlb etdim. Onun xəmiri kinostudiyada yoğrulmuşdu, burda özünü daha yaxşı hiss edirdi. Operator şöbəsinin rəisi idi. Köçəri ilə hər görüş xoş idi, bizi Həcc yoldaşlığı da birləşdirirdi. Biz onunla Ərəfat düzənliyində, Məkkə-Mədinə ziyarətində yan-yana durub dualar etmişik.

Yəqin onunla yenə görüşəsiyik; Həcc qardaşları istər bu dünyada, istər o dünyada - bir yerdə olurlar...

90-cı illərdə kinostudiyada bir ştab yaratmışdım (onda "Salnamə" sənədli filmlər) studiyasına rəhbərlik edirdim). Hadisələrin gedişi bunu tələb edirdi biz müharibəni lentə almalıydıq. Gündüzlər hamımız işləyirdik, axşamlar isə kinostudiyada növbətçi qalırdı ki, təcili çəkiliş lazım ola bilər. Yanvarın 19-da studiyada işləri yerbəyer edib getdik evə. Saat 9 idi, mənə zəng etdilər ki, ordu Bakıya girəcək. Onda biz Köçəriylə Əhmədlidə olurduq. Tez Köçərini çağırdım ki, gəl, məni götür, gedək. Karl Marks heykəlini keçəndə artıq güllələr atırdılar. Gəldik gördük studiyada camaat bizi gözləyir. Tez adamları bölüşdürdük, hərəni bir tərəfə yolladıq. Köçərinin payına filarmoniyanın yanı düşdü.

Sonra film elədik: "Azadlığa gedən yol". O dövrdə AzTV-ni partlatmışdılar, hadisələri lentə alan ancaq "Salnamə" studiyası idi. Bu tarixin çəkilməsində Köçərinin danılmaz xidməti oldu.

 

Eldar Quliyev - kinorejissor

 

- Çox peşəkar operator idi. Rejissorun fikrini yaxşı başa düşürdü. Kömək edirdi, onda "yox" ya "eləmək olmaz" sözü yox idi. Lazım olanda vertolyota da qalxırdı, tankın altına da girirdi. Çox dinamik, aktiv, zövqlü məsuliyyətli kinoçu idi.

Biz Köçəriylə bir neçə sənədli film hazırladıq - "Vətənin keşiyində", "Mədəniyyətimizin hamisi". İnsan kimi çox ürəyi açıq idi, həmişə adamı görəndə üzü gülürdü.

O, çəkiliş texnikası sexinə rəhbərlik edirdi. Tez bir zamanda oranı səliqəyə saldı, hər şeyə hazır hazırlayan idi. Kinostudiyanı ürəkdən sevirdi. Bu, çox vacibdir. Çox təəssüf ki, bir qism insanlar var, kinostudiyaya vurula bilmirlər, ancaq Köçəri kinostudiyanı çox sevirdi, öz sənətini sevirdi.

 

Sərdar Vəliyev kinooperator

 

Biz Köçəriylə dost-qardaş olmuşuq, uzun illər bir yerdə işləmişik. 1968-ci ildə kinostudiyaya gələndə cavan bir oğlan idi. Mənim assistentim olarkən rayonlara gedirdik. Sonra operator vəzifəsinə gəldi, bir yerdə işlədik. Onunla birlikdə səkkiz sənədli film çəkmişik.

Hər bir insana yaxşılıq eləməyə çalışırdı. Bu studiyada kimdən soruşsanız, belə deyəcək.

Dostluqda, qardaşlıqda çox möhkəm idi. Bu studiyada onun zəhməti çoxdu. Onun çəkdiyi filmlər tarixdə qalacaq, baxıldıqca, o da xatırlanacaq. Bir dəfə çəkilişlərdən birində, Lənkəranda qəzaya uğradıq, gözümü açanda gördüm ki, xəstəxanadayıq. 6 nəfər idik, hamımız xəsarət almışdıq. Özü yaralanmasına baxmayaraq, Köçəri bizi danışdırır, güldürür, qəzaya düşməyimizi lətifə kimi danışıb, kefimizi açır, ağrılarımızı yüngülləşdirməyə çalışırdı.

Bax, bu otaqda həmişə bir yerdə oturmuşuq. O, dünyasını dəyişəndən sonra bu otağa girə bilmirdim. Qapını açanda, elə bil nəsə çatışmırdı. Belə adamı, belə dostu itirmək mənimçün çox ağırdı...

 

Cəmil Quliyev kinorejissor

 

- Köçəri Məmmədov mənimçün çox əziz dost idi, eyni zamanda peşəkar bir sənətkar idi. Təsadüf belə gətirmişdi ki, biz onunla "Mozalan" satirik kinojurnalında işlədik. İşlədiyimiz zaman ərzində mən hiss etdim ki, Köçəri, operatora xas olan bütün müsbət cəhətlərə malik olan bir sənətkardır. O, çəkiliş prosesində sənədli kinooperator kimi çox çevik, çox operativ idi. Materialı yaxşı duyur, rejissoru dərhal hiss edir, maraqlı kadrlar, qururdu. Onun çəkiliş materialına xüsusi, yaradıcı münasibəti vardı. Köçərini çəkiliş anlarında bir vətəndaş kimi, cəsur insan kimi xatırlayıram. "Mozalan" kinojurnalına süjet çəkən zaman, 15 gün idi ki, 20 Yanvar hadisələri vaş vermişdi şəhərdə komendant saatı elan edilmişdi. Buna baxmayaraq biz onunla bir yerdə süjeti çəkməliydik. Çəkilişlərin birində bizi həbs edib komendaturaya apardılar. Həmin anda gördüm ki, Köçəri son anlarına qədər çəkiliş kamerasına görə mübarizə aparırdı. Bizdən materialı, kameranı almaq istəyirdilər. O, əsgərlərlə, zabitlərlə əlbəyəxaya keçmişdi. Təbii ki, onların sayı bizdən çox idi kameranı müsadirə etdilər. Biz təxminən bir neçə saat orda komendaturada qaldıq. Həmin anlarda o özünü Azərbaycan vətəndaşına layiq apardı. Zabitlər özlərini çox sərt, kobud aparmaqlarına baxmayaraq, Köçəri heç nədən qorxmayaraq, onlara layiqli cavab verə bilirdi. Sonra bizi azad etdilər bir neçə gündən sonra kamera kinostudiyaya qaytarıldı. Bu maraqlı epizod heç vaxt yadımdan çıxmır.

Eşidəndə ki, Köçəri Məmmədov vəfat edib, çox kədərləndim. Həyatın acı bir təsadüfü o idi ki, həmin gün mənim atam da ağır xəstə idi. Atam mənə dedi ki, mütləq getmək lazımdır, sən bu gün mütləq getməsən, mən ki, bu vəziyyətdəyəm, sabah gec olar... Həmin gün mən Köçərigilə yollandım. Doğrudan da həmin günün axşamı mənim atam da vəfat etdi... Kinostudiyada elə insanlar var ki, onlar ömrümün axırınadək xatirəmdə qalacaqlar mən onları çox böyük məhəbbət hissiylə yada salacam. Onlardan biri Köçəri Məmmədovdur. Heyif ki, o vaxtsız getdi. Allah ona rəhmət eləsin!

 

 

Kəmalə MUSAZADƏ

 

Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 10.