Mədəniyyət Nazirlərinin VI Konfransı başa çatdı

 

Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi çərçivəsində burada keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransına yekun vuruldu.  

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi konfransda üzv dövlətlərin nümayəndə heyətlərinin bəyanatları və onların İslam dünyası üçün mədəni strategiyasının tətbiqi səyləri barədə fikirləri dinlənildi, burada qəbul olunan sənədlərin anlaşma və dialoq üçün mühüm rol oynayacağına əminlik ifadə olundu.

Tədbirdə “Mədəniyyət və kommunikasiya sahəsində İSESKO-nun fəaliyyəti”, “Dialoq və mədəni müxtəliflik, İslama və müsəlmanlara KİV tərəfindən ləkə yaxma kampaniyalarının təkzib edilməsi” mövzuları barədə qətnamə layihələri müzakirə olunaraq qəbul edildi.

Sonra 2015-ci ildən 2024-cü ilədək İslam mədəniyyətinin paytaxt şəhərlərinin müəyyənləşdirilməsi üçün verilən təkliflər müzakirə edildi və Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi təsdiqləndi.

Konfransda Ermənistanın işğalı nəticəsində Azərbaycan abidələrinin dağıdılması İSESKO-nun qətnaməsinə daxil edildi. Dağlıq Qarabağdakı abidələrin dağıdılmasının araşdırılması ilə bağlı İSESKO-da xüsusi komitə yaradılması, İslam Ölkələri Mədəniyyət Nazirlərinin 7-ci Konfransının 2011-ci ilin oktyabr ayında Əlcəzairin Tlemçen şəhərində keçirilməsi qərara alındı. İslam dünyası ölkələrinin ortaq maraq və məramlarının müzakirə predmeti olduğu 3 günlük konfrans bununla da öz işini başa vurdu.

 

 

Həmidə

 

Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 4.