Hamıya doğma məkan...

 

Mərdəkan MKS bu gün də keçmiş şöhrətini qoruyub-saxlayır

 

Kitabxana önündə düşüncələr...

 

Heç şübhəsiz ki, Ulu Tanrının bu dünyada insanlara nazil etdiyi ən qiymətli nemət müqəddəs kitablardır. Tövrat, Zəbur, İncil, Quran olmasaydı, bəşəriyyətin qətrə-qətrə əldə etdiyi biliklər kitab halında toplanmasaydı, o zaman mədəni cəmiyyət yaranmazdı. Bu da bir həqiqətdir ki, dünyanın ən qiymətli kitabları zaman-zaman məşhur kitabxanalarda hifz olunub, bu günümüzədək gəlib çatıb. Hər bir kitabxana xalqın mənəvi sərvətlər xəzinəsidir. İnsan ocaq başında isindiyi kimi, kitabxanalar da qəlb dünyamızın, ruhumuzun isindiyi əvəzsiz mədəniyyət ocağıdır. Antik mənbələrdə, tarixi qaynaqlarda, minilləri adlayıb gələn məlumatlarda kitabxanalar haqqında da saysız bilgilər var. Bu bilgilərə görə, Azərbaycanda da lap qədim zamanlardan tarixi, elmi, bədii əsərlərin, padşah fərmanlarının, sonralar isə daşbasma (litoqrafiya) üsulu ilə çap olunan kitabların qorunub-saxlandığı xüsusi saxlanc yerləri - müasir dillə desək kitabxanalar olub. Hətta bir çox məşhur tarixi şəxsiyyətlər öz şəxsi kitabxanalarını yaratmış, dünyanın müxtəlif ölkələrindən topladıqları kitabları böyük bir qayğı məhəbbətlə hifz edərək gələcək nəsillərə çatdırmışlar.

Sovetlər zamanında, digər respublikalarda olduğu kimi, Azərbaycanda da kütləvi kitabxanalar sürətlə artaraq ən ucqar yaşayış məskənlərinə qədər gedib çıxmış, xalqın savadlanmasında, dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynamışdır. Bu gün respublikamızda zəngin fondlu kütləvi kitabxanalar çoxdur. Bunların arasında maraqlı tarixi, özünəməxsus ənənələri, daimi oxucuları olan kitabxanalardan biri Mərdəkandakı Mərkəzləşdirilmiş Kitabxana sistemidir.

 

Ənənələr yaşayır

 

Mərdəkanda, Sergey Yeseninin adını daşıyan küçədə, 6 saylı binanın qarşısındakı böyük bir lövhə diqqəti lap uzaqdan cəlb edir. Lövhədəki yazılardan bəlli olur ki, Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildə inşa edilərək mərdəkanlılara hədiyyə edilmiş bu binada mərkəzləşdirilmiş kitabxana sistemi yerləşir.

Kitabxanaya keçib, qarşımızda yaraşıqlı dəhliz boyu irəlilədikcə müxtəlif şöbələr, qiraət salonu, cildlərlə kitabın yüksək zövq və səliqə ilə düzüldüyü rəflər, dibçəklərdəki yaraşıqlı çiçəklər, təmizlik və bir də kitabxana mühiti üçün əsas olan sakitlik insanın qəlbini oxşayır.

Mərdəkan MKS-in müdiri Ofelya xanımla da elə dəhlizdə qarşılaşıram. Mədəniyyət qəzeti olaraq, ölkə kitabxanalarının işi ilə maraqlandığımı bildirirəm.O, kitabxanalarımızın vəziyyəti, bu sahədə mövcud olan problemlər, kitab təbliği, maarifçilik bu kimi mövzularda müntəzəm olaraq yazılar dərc edən qəzetimizin təşəbbüsünü ürəkdən bəyəndiyini bildirir. Ofelya xanımla çağdaş kitabxanaşünaslıq, bu sahədəki nailiyyətlər, mütaliə mədəniyyəti sair mövzular ətrafında səmimi söhbət edirik.

Haşiyə: Qeyd edim ki, Ofelya xanım respublikanın zəngin təcrübəyə malik, savadlı, professional, çağdaş kitabxanaşünaslığın aktual problemlərinə bələd olan, yüksək ünsiyyət mədəniyyəti ilə fərqlənən mütəxəssislərindəndir. Bu təvazökar, çalışqan, yüksək mədəniyyət sahibi olan xanım fəxri ad almağa layiq olan ziyalılarımızdandır.

Bu arada kitabxananın əməkdaşları Sevda Zöhrabova, Xalmana Musayeva, Xuraman Quliyeva, İlahə İsgəndərova, Səmayə Həsənova, Afaq Babayeva, Pərvanə Məmmədova da söhbətə qoşulur, müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bildirirlər. Söz əsl mətləb üstə gəlir. Kitabxana oxucu fəallığı əslində həmişə ən aktual problem olub. Bəs Mərdəkan MKS- bu sahədə vəziyyət necədir?

Kitabxananın qocaman işçilərindən olan Xalmana Musayeva deyir ki, Mərdəkan MKS-in fondunda 50 minədək kitab saxlanılır.

2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə tikilib istifadəyə verilən yeni kitabxana binasında hazırda 4 şöbə fəaliyyət göstərir. Kitabxananın 2 mindən artıq oxucusu vardır. Fondda saxlanılan kitabların 6 min nüsxədən çoxu latın qrafikalı əlifba ilə olanlardır. Kiril əlifbası ilə nəşr edilmiş 30 minə yaxın kitab isə bu gün oxucular tərəfindən istifadə olunmaqdadır. Kitabxanada həmçinin bir sıra xarici dillərdə nəşr olunmuş 200 nüsxəyədək kitab saxlanılır ki, bundan da müxtəlif kateqoriyalı oxucular - tələbələr, elmi tədqiqat işi ilə məşğul olanlar başqaları istifadə edir.

Ümumilikdə kitabxananın 2 mindən artıq oxucusu var. MKS hər il yeni alınan kitablar hesabına zənginləşir.Təkcə bu il 800 nüsxəyə yaxın yeni nəşr almışıq. Səliqə ilə tərtib edilmiş kataloq sistemi oxucuların istədikləri kitabı dərhal əldə etməsinə imkan verir. Deyilənlərə görə, ötən əsrdə Mərdəkan kitabxanasının sorağı bütün ittifaqa yayılıbmış. Qiraət zalındakı Xatirə kitabı bu deyilənləri bir daha təsdiq edir.

 

Deyilən söz yadigardır...

 

Mərdəkan MKS-in qiraət zalındakı Xatirə kitabı ayrı bir aləmdir. Bizcə, Azərbaycanda bu qədər tanınmış şəxsin - ədəbiyyat, mədəniyyət, elm, incəsənət, siyasət adamının qonaq olduğu, öz ürək sözlərini yazdığı, fotoşəklini bağışladığı ikinci bir kitabxana yoxdur. Bəli, Mərdəkan MKS-i məşhurların avtoqraf digər izlərini qoruyub-saxlayan muzey adlandırmaq olar. Hələ ötən əsrdə tərtib edilmiş Xatirə kitabı bu gün ulu öndər Heydər Əliyevin şəkli olan guşədə saxlanılır.

Maraqlıdır ki, Xatirə kitabına öz ürək sözlərini yazanlar həm də müəllifi olduqları, çap etdirdikləri kitabların bir çoxunu bu kitabxanaya hədiyyə ediblər. Belə nadir və unikal hədiyyələrdən biri xalq şairi Rəsul Rzanın ölümündən bir neçə gün əvvəl Mərdəkan kitabxanasına öz avtoqrafı ilə hədiyyə etdiyi şeirlər kitabıdır.

Vaxtilə Mərdəkan kitabxanasında keçirilən maraqlı müzakirələr, diskussiyalar, dəyirmi masa söhbətləri, müxtəlif məramlı tədbirlər, şair və yazıçılarla görüşlər bu gün də unudulmayıb. Xalqımızın Qarabağ müharibəsi ilə bağlı mübarizəsi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması, qloballaşma və milli şüur kimi mövzularda keçirilən müzakirələr ənənənin yaşadıldığını göstərir.

 

Maraqlı guşələr

 

Maraqlı və baxımlı guşələr Mərdəkan kitabxanasında müsbət ənənələrin yaşadığına bariz nümunədir. Həyatda yaxşı varsa onu yaşatmaq, gələcək nəsillərə çatdırmaq üçün kitabxanalarımız çox əlverişli məkandır. Bu mənada ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti ilə bağlı guşə diqqəti xüsusilə cəlb edir. Burada dahi rəhbərin çoxşaxəli, zəngin maraqlı həyat yolunu, təhlükəsizlik orqanlarındakı fəaliyyətini, müstəqillik dövründə gördüyü işləri apardığı mübarizəni əks etdirən çoxlu sayda sənədlər fotoşəkillər vardır.

Kitabxanadakı digər maraqlı guşə isə Heydər əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə həsr edilmiş guşədir. Burada Mehriban xanımın bütün dünyada alqışlanan xeyriyyəçilik fəaliyyəti, onun həyata keçirdiyi tədbirlər, layihələr barədə yazılmış kitablar oxucular tərəfindən böyük maraqla qarşılanır.

Kitabxana oxucularının müxtəlif vaxtlarda düzəltdikləri və kitabxanaya hədiyyə etdikləri maraqlı əl işlərindən ibarət guşə isə əsl sərgini xatırladır. Burada ağac parçasından düzəldilmiş nağıl qəhrəmanları, müxtəlif dekorativ tətbiqi sənət nümunələri, ikebanalar kitabxanaya gələnlərin zövqünü oxşayır.

Doğrusu, maddi tələbatın mənəvi dəyərləri üstələdiyi indiki zamanda, küçələrdə, metro girəcəklərində dünya ədəbiyyatı nümunələrinin, dəyərli və gərəkli kitabların qəpik-quruşa satıldığı bir vaxtda Mərdəkan MKS-də gördüklərimiz məni çox sevindirdi. Sevindim ki, bəzən kitabsevərlərin əsl ziyalıların qınağa çəkildiyi, kinayə ilə qarşılandığı bir zamanda Mərdəkan kitabxanası kimi mədəniyət ocaqlarımız və bu ocağın keşiyində dayanan, öz peşəsini ürəkdən sevən insanlar da az deyil.

 

C.Tağıyev

 

Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 14.