Sumqayıtın mədəni həyatından

 

Sumqayıt şəhərinin bir sıra sosial obyektlərində müasir üslubda əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu cür obyektlər sırasına tarix muzeyi, 1 saylı Uşaq-Gənclər İdman Məktəbi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi daxildir. Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev aparılan yenidənqurma işləri ilə yaxından tanış olmaq məqsədilə hər üç obyektdə olub. V.Əliyev tikinti işləri ilə maraqlanıb, işlərin sürətləndirilməsi və keyfiyyətli icrası barədə tapşırıqlarını verib.

 

* * *

 

Şəhərin 60 illik yubiley tədbirləri çərçivəsində Q.Qarayev adına Uşaq Musiqi Məktəbində və S.Vurğun adına Mərkəzi Kitabxanada gənclər şəhərinin tikintisində iştirak etmiş bir qrup şəxslə görüş keçirilib.

Q.Qarayev adına Uşaq Musiqi Məktəbində təşkil edilən görüşdə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, şəhər ağsaqqallar şurası təşkilat-təlimat şöbəsinin müdiri Zərifə Təhməzova, şəhər Veteranları Şurasının sədri Dadaş Dadaşov, sədr müavini Leyla Qasımzadə, Şuranın üzvü Tamara Rufullayeva çıxış edərək Sumqayıt şəhərinin yaranması və gördükləri işlər haqqında məlumat verib, xatirələrini bölüşüblər.

 

* * *

 

S.Vurğun adına Sumqayıt Şəhər Mərkəzi Kitabxanasında keçirilən «Ağsaqqal sözü, ağbirçək öyüdü» adlı tədbirdə isə şəhərin mədəni həyatında əvəzsiz xidmətləri olmuş şəhər Ağsaqqallar Şurası təşkilat - təlimat şöbəsinin müdiri Zərifə Təhməzova, «28 May» mədəniyyət evinə uzun illər rəhbərlik etmiş İsmayıl Mustafayev, Mərkəzi Kitabxananın uzun illər direktoru vəzifəsində çalışmış Svetlana Ağayeva, Sumqayıt Şəhər Tarixi Muzeyinin direktoru Olya İslamova çıxış edərək şəhərin mədəni həyatı və keçdiyi inkişaf yolu haqqında təəssüratlarını bölüşmüş, təkliflərini vermişlər. F.Əmirov adına Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblının konsert proqramı ilə başa çatdı.

 

* * *

 

Bugünlərdə Sumqayıtda alman gənclərindən ibarət caz orkestr qrupu konsert proqramı ilə çıxış edib. Azərbaycanda Almaniya Həftələri «Almaniya ilə tanışlıq» proqramı çərçivəsində həyata keçirilmiş bu konsert Bülbül adına Uşaq İncəsənət Məktəbində baş tutub.

Konsert Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib.

 

 

İbrahim

 

Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 14.