Filmlərə baxış oldu

 

Qonaqlı-qaralı Bakımızın bu həftəki qonaqları Mərakeş kinematoqrafçıları oldu. 16-18 oktyabrda Mərakeşin mədəniyyəti ilə tanış olduq.

Mərakeş filmlərinə baxış keçirildi. Tədbiri kinorejissor Cəmil Quliyev açıq elan edərək, iştirakları media işçilərini filmə baxmağa dəvət etdi. Öncə Baxış, sonra isə Susuzluq filmlərinin təqdimatı oldu.

Baxış filmi gənc bir fotoqrafın müharibə dövründə çəkdiyi şəkillərin məsuliyyətini daşıdığından, onun necə peşmançılıq nigarançılıq hissi keçirdiyindən bəhs edir. Susuzluq filmində isə bir gəncin azadlıq uğrunda apardığı mübarizədən söhbət açılır. Maraqlı süjet xətti olan bu filmləri seyr etdikdən sonra təəssüratlarımızı kinorejissor Cəmil Quliyevlə bölüşdük. Öyrəndik ki, Mərakeş kinosu Afrika qitəsinin ən qədim kinematoqraflarından biridir. Onun yaranma tarixi 1897-ci ilə təsadüf edir. Orada ilk çəkilişlər Lümer qardaşlarının operatorları tərəfindən çəkilib. Daha sonra isə xarici şirkətlər fəaliyyət göstərməyə başlayıb. Orada yerli filmlər o qədər çox çəkilmirdi. 1948-ci ildə Mərakeşdə milli kinematoqrafiya məktəbi yarandı. Susi adlı studiya açıldı ondan sonra milli kinolar çəkməyə başladılar.

Ümumiyyətlə, Mərakeş kinematoqrafiyası öz çəkiliş meydanlarını əsasən xarici ölkələrin kinostudiyalarına verir. Mərakeş təbiəti çox zəngindir orada müxtəlif natura çəkilişləri aparmaq olar. Xatırlatmaq istərdim ki, məşhur Terminator, Kasablanka, eyni zamanda Mumiya filmləri Mərakeşdə çəkilib.

Ümumiyyətlə, bizim tamaşaçı üçün Mərakeş filmləri çox maraqlı olardı. Azərbaycan tamaşaçısının, xüsusilə gənc nəslin Mərakeş filmlərindən xəbəri yoxdur. Ona görə müxtəlif ərəb ölkələrinin kinematoqrafiyası ilə tanış olmaq, onların nümayəndələrinin filmlərinə baxmaq, məncə, məqsədəuyğun olardı belə tədbirləri alqışlayırıq.

 

 

Ülkər RƏHMANQIZI

 

Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 10.