Məcnunun məcnunu - Mənsum İbrahimov

 

Nadanlıqla silahlananları tərk-silah eləmək lazımdı, ağlıma gələn birinci cümlənin sonunda nöqtə qoymağa yer tapmıram, nöqtənin, bəlkə də, yeri yoxdu, amma cümlənin yeri var; o, güc orqanında işləmir, müstəqil detektiv də deyil, amma hücum eləməyi əla bacarır, qarşısındakı nadandısa... Üzeyir Hacıbəyov, opera, balet, Məcnun, Füzuli kimi orta statistikadan da "aşağı" sözləri çoxları ilk dəfə onun dilindən eşidib.

 

O - öyrədəndi

Balaca uşaq kimi, kitab-dəftər əlindən düşmür, üst-başına mürəkkəb tökülsə heyrətlənmərəm, heç bir çəkilişə məşqsiz getmir, dərs dediyi akademiya - gimnaziya - orta məktəbdə ən səliqəli tələbə - şagird o özüdü, səsdən söz, sözdən səs almağın yolunu bilir, bəlkə, kiməsə adi görünər, dünyada ən çətin iş kimləsə, nəyiləsə nəfəs almaqdı, o kimlə, nəylə nəfəs almağın yolunu bilir.

O - öyrənəndi

Adı olmayanda da utancağıydı. Xalq artisti, Prezident mükafatçısıdı, dəyişməyib, yenə özüdü.

Opera və Balet Teatrında heç kim işləməyəndə o, səhnədən düşmürdü. İndi hamı teatral olub, o yenə sakitcə Məcnunun məşqlərinə tələsir.

Otuzunda səsinin başını yığmaq olmurdu, gələn il yaşı yarım əsri haqlayacaq, nə olsun, zilinin təqvimdən xəbəri yoxdu.

Vaxtıyla öyrəndiklərindən indi çox bilir, amma hələ də onları "ustad" deyə öyməyində.

Sənət evinə gətirdiyi yeniliklər də bünövrənin üstündə dayanıb.

O - dəyişməyəndi

Toyda elə oxuyur, deyirsən, Heydər Əliyev Sarayında dövlət konsertidi. Ona görə kimsə cibinə pul qoymağa cürət eləməz.

İlahi, o, yüz kərə Məcnun olub! Adam bir yol özünü Məcnuna oxşadanda (Məcnun olanda yox ha, oxşadanda!) ağlı başından oynayır, evini - eşiyini, itini - pişiyini, arvadını - uşağını atıb çöllərə düşmək istəyir - yoxsa yüz kərə! Leylini ona düz eləyib vermirlər, o, Leylinin yox, Məcnunun məcnunudu.

Hər dəfə adımı onun dilindən eşidəndə sevinirəm. Elə bilirəm, məni Məcnunun özü çağırır. Axı, Füzulinin yazdığına görə, Məcnunun da gözəl səsi olub. Poema yadınızdadı:

 

Avazı idi bəsi-mülayim,

Üslubi dürüst, üsuli-qaim.

Təhrir ilə hər çəkəndə avaz,

Quşlara tutardı rahi-pərvaz.

Gahi qəzəlü, gahi qəsidə

İnşa qılıb ol sitəmrəsidə.

Suz ilə oxurdu gahü bigah,

Bir neçə əziz onunla həmrah.

 

O - Məcnundu

Muğam çölləri onun müridləriylə doludu. Azərbaycan muğam müsabiqəsində birinci yer - onun şəyirdinin, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi - onun boğazından sənət körfəzinə yan alıb, ən balaca muğam ustası Elməddin İbrahimov bugünlərdə əməkdar artist adına layiq görülmüş ən gənc xanəndə Təyyar Bayramovun adlarını çəkmək bəsdi. Tələbələri təkcə oxumağı yox, nitq mədəniyyətini ondan əxz eləyiblər. Onun məktəbi həm "Vətən eşqi məktəbi"di (M.Şəhriyar). Onun səsi Qarabağın səsiylə açılır, sözü Qarabağın sözüylə bitir. Dost kimi hələ bir kəsi xəcil eləməyib. Elçi gedib, dava yatırıb, sülh imzaladıb, adamı həmişə özünə çəkib, özündən itələməyib. Ata kimi xoşbəxtdi, oğul kimi , ər kimi , sənətçi kimi . Allah onu sübh çağı - şər dağılanda xəlq eləyib.

O - məsumdu.

O - Mənsumdu.

 

 

Qulu AĞSƏS

 

Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 9.