Teatr kino haqqında

 

II yazı

 

İstehza

 

Bu qədər nüfuzetmələr varkən, kinoda teatra, onun akademizminə, pafosuna istehzalar da tapmaq mümkündür. Məsələn, Kusturitsanın Underqraund filmində teatrla bağlı maraqlı bir epizod var. Bu klassisizm dövrünün pafosa bürünmüş teatrından bir epizoddur. Filmin qəhrəmanlarından olan aktrisa saxta, pafoslu ah-ufları ilə bütün zalı ələ ala bilib. Onun hər tərpənişinə diqqət kəsilən tamaşaçılar bir anda başqa, həqiqi,əsl tamaşanın şahidi olacaqlar. Gözlənilmədən səhnəyə aktrisanın məşuqu Çornıy ləqəbli silah alverçisi çıxacaq əlindəki tapança ilə doğruçu atəşlər açacaq. Bu yerdə Çexovun teatrla bağlı söylədiyi bir ifadə yerini alacaq: əgər tamaşanın əvvəlində səhnədə tüfəng asılıbsa o, sonda mütləq atəş açmalıdır. Tamaşanı əvvəlkindən heç maraqsız olmayan doğruçu tamaşaya çevirəndə vur-çatlasın başlayır. Bu epizod teatrın sözügedən saxta pafosuna, akademizminə, Antonen Artonun zəndeyi-zəhləsi gedən snobsayağı ədalarına bir cavab olur. Çornıy ləqəbli qəhrəmanın tamaşaya gəlmiş alman zabiti ilə səhnədən zala razborkası, həm müəllifin teatrla kobud, məhəllə cayıllarısayağı razborka kimi yozulur

 

Yerli film-tamaşalar!

 

İlk növbədə teatrsevərlərə milli teatrımızın səhnəsindəki, bu gün də oynanılan bir neçə tamaşanı xatırlatmaq gərəkir. Bunlardan biri Dövlət Pantomima Teatrının illər öncə (təxminən dörd il əvvəl) tamaşaya qoyduğu bu gün teatrın repertuarında olan Kesa Marito tamaşası-(filmi)dir (rej. Bəxtiyar Xanızadə). Elə deyəsən, proqramda da belə yazmışdılar - film-tamaşa. Akutqavanın mətninin enerjisi təsvir, görüntü üzərində qurulub. Ay, yapon evi. Uzun qara saçlarını darayan qadın. Ən xırda detallar seyr baxımından çox əhəmiyyətlidir. Zira, tamaşada, sən deyən, bir hadisə baş vermir. Sadəcə Kesa bu ay işığında gözəl, çəkici, füsunkar bir intizarla Maritonu gözləyir. Marito onu, başqasının şərəfini tapdamağa, bununla da onun özünü ləkələməyə vadar edən qadını - görüşdüyü qadını öldürməyə gəlməlidir. Qəhrəmanlar sonadək bir kəlmə danışmırlar. Əhvalatı kadrarxası, pardon, səhnəarxası bir səs danışır. Montaj yoxdur. Yaponsayağı çox uzun bir kadr var. Samuray Marito əlində ay işığında parlayan qılıncla qadının başının üstündədir. İşıqlar sönür. Titrlər enir(tamaşanın sonunda yapon heroqlifləri ilə rejissorun, iştirakçıların adı yazılmış parça lövhələr enir). Tamaşaçılar sanki canlı bir filmə, hər tərəfdən, həm yaxından dəfələrlə artıq zövqlə baxa biliblər

Pantomima Teatrının daha bir film tamaşası Şərqə səyahət komediyasıdır. Bu tamaşada yapon döyüş filmləri parodiya olunur. Dublyaj, səslənmə, rapid (yavaşıdılmış sürətdə izlənən hərəkətlər) kimi kino elementləri incə, dostyana bir zarafatla istifadə olunur. Burada həm şişirtmə döyüş filmlərinə yarızarafat, yaıciddi sataşma var. Kino teatra istehza edə bilirsə, teatr da borclu qalmır

 

Teatrda montaj

 

Daha bir kino-tamaşa bir il əvvəl Teatr Xadimləri İttifaqının Gənclər Studiyasının hazırladığı Əli və Ninodur (rej. Elvin Mirzəyev, İmadəddin Həsənov).

Azərbaycanlı Əlinin və gürcü Ninonun sevgisi... Bu sevgi zərif təfərrüatları ilə (məsələn, bizim romanların üstündən nöqtələrlə keçdiyi sevişmə epizodları), sadə bir dildə, yuxu danışırmış kimi təsvir olunur. Roman yalnız oxucuya yazılmış sətirlərdən ibarət deyil, suya, küləyə, özünə danışılan yuxu kimi bir əhvalatdır. Bəlkə, daha kinovaridi... Nəinki teatral. Heç bir halda əsərin ictimai, geosiyasi ideya yükü öz ağırlığı ilə əhvalatın zərif təəssüratını sıxa bilmir. Romanı oxuyanlar razılaşar ki, teatrçün Əli Ninonun mümkün quruluş formasının vizual-virtual effektlərə ehtiyacı var. Dedim axı, yuxu kimi bir əhvalatdır Əli Nino

Səhnələri epizodları bir-birinə sürətlə səhnənin bu başından o başına hərəkət edə bilən təkərli lövhələr calayır. Tamaşaya bir fraqmentallıq gətirən, bu lövhələr əsl montaj rolunu oynayır.

Bu yuxu kimi əhvalata, kino kimi tamaşaya daha bir vizual effekt əlavə olunur - proyeksiya. Və bu təkərli lövhələr, proyeksiya, sürətlə dəyişən aktlar tamaşanın bədii formasını mükəmməl həll edir.

 

Kino teatra kömək edir

 

Teatrlarımıza ayaq açan ən son bədii-texniki ifadə vasitəsi olan proyeksiyadan daha sonra Afinalı Timon və Tənha səs tamaşalarında istifadə olunub. Afinalı Timonda Timonun (Fuad Poladov) son, istehazalı gülüşünü iri planda göstərmək üçün arxa səhnədə proyeksiya vasitəsilə bu görüntü izlədilir. Sanki Timonun bu acı gülüşü hər kəsə yönəlib. Bu təsvir ən arxada, fon olduğundan hər kəsi əhatə edə bilir.

İbrus teatrının səhnəsində oynanılan Tənha səs (K.Şahmərdan) tamaşasında da eyni vizual görüntü yaradılır. Burada əsas məqsəd tamaşanın stixiyasını qorumaq, dar səhnədə iztirab çəkən qəhrəmanın daxili əhvalını daha uzaqlara ötürməkdir.

Teatrda kinonun elementləri qismində görəcəklərimiz montaj, işıq və səs effektlərində ola bilər. Bunu təfərrüatlarına qədər Yuğ teatrının istənilən tamaşasında görmək olar. Bəzi tamaşalarda fləş, fotoaparat işığı kimi durmadan yanıb sönən rəngli, ağ-qara işıqlar əsl kino təəssüratı yaradır. Sanki hərəkət ayrı-ayrı kadrlarda dayanır. Burada da rapid effekti yaranır. Amma bu effekt yuxuvarilik atmosferi ötürür. Yuxuvariliksə kinoya aiddir.

Səs effektləri işıqdan geri qalmır. Bəzən Yuğun tamaşalarında məşhur kinorejissorların filmlərində olduğu kimi səs, musiqi, təsviri qabaqlayır.

 

Kino+teatr= kinoteatr

 

Dünya teatrı bədii-texniki həll baxımından bunları çoxdan keçsə də, sadalananlar hələ bizim üçün yeniliklərdir.

Əlbəttə, hər bir sənətdə olduğu kimi, teatrda da uğur konkret yaradıcı şəxslə bağlıdır. Amma bu həqiqət qəbul edilməlidir: Artıq XXI əsrdir. Texnika sürətlə inkişaf edir. Bu texniki nailiyyətlərin içində yaşayan tamaşaçını köhnə texniki formalarla razı salmaq mümkün deyil.

Bu yerdə şərait istəyən teatr adamlarına XX əsrin texniki imkanları ilə göstərilmiş uğurlu tamaşaları misal gətirmək düzgün deyil. Adama deyərlər ki, sən get o tamaşaçıları yığ gətir. O tamaşaçılar ki, internet nədir bilmir. O tamaşaçılar ki, mobil telefonu olmayıb. O tamaşaçıları ki, idarəetmə pultuna əlləri dəyməmişdi

Dünyada teatrın texniki imkanları o qədər böyükdür ki, onlar vizual-virtual janrların inkişafından nəinki narahat deyillər, məmnuniyyətlə hər şeydən istifadə etməyə çalışırlar. Bizəsə yetər ki, teatrda proyeksiya lövhəsi gördükdə kinoteatr nostaljisini yaşamayaq

 

 

Aliyə

 

Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 5.