“...O, Naxçıvandır”

 

Rayonda mədəniyyətin uğurları və nailiyyətləri

 

Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi Aybəniz Babayevanın yaxşı işinin nəticəsidir ki, şöbənin keçirdiyi maraqlı mədəni-kütləvi tədbirlər, təkcə rayonda deyil, eləcə də muxtar respublika ərazisində geniş tamaşaçı kütləsinin marağına səbəb olmuşdur.

1973-cü ildə Babək Rayon Uşaq Musiqi Məktəbində fortepiano müəlliməsi kimi fəaliyyətə başlayan Aybəniz xanım 1978-ci ildə həmin məktəbin müdiri vəzifəsinə seçki yolu ilə seçilmişdir. O, neçə illərdir ki, rayon mədəniyyətturizm şöbəsinə rəhbərlik edir. İşgüzarlığı, bacarığı, qabiliyyəti və təşəbbüsü ilə böyük hörmət qazanan A.Babayev dəfələrlə, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin eləcərayon rəhbərliyinin təşəkkürlərinə və fəxri fərmanlarına layiq görülüb. Onun rəhbərliyi sayəsində rayon mədəniyyət turizm şöbəsinin nəzdində yaradılmış dram dərnəyi gördüyü işin bəhrələrindən biridir. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin, Babək Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon Mədəniyyət Turizm Şöbəsinin birgə keçirdiyi tədbir çox maraqlı və yaddaqalan olmuşdur. Dram dərnəyi səhnəyə ilk addımlarını Braziliya yazıçısı və dramaturqu Qilyermo Figeredunun «Ezop» tamaşası ilə açdı. Tamaşanın əsas ideyası azad eşqdir. Bu azadlıq isə Ezopun simasında ümumiləşdirilmişdir. Ezop, şagird, filosofdur, ancaq quldur. Özünü filosof, kütbeyin, əfəl, araq düşkünü adlandıran Ksanf tərəfindən alınmış bir quldur. Ezop qul olmaqla yanaşı, müdarizdir, öz hüquqlarını tələb edir, azadlıq uğrunda mübarizə aparır. O, azadlığı yalnız haqq-ədalətin qələbəsi ilə əldə edir. nəhayət Ezop 3 pərdəli tamaşanın son səhnəsində azad bir insan kimi haqq səsini qaldırır. Onun çağırışına səs verən qulların qollarından sivrilib atılan zəncirlər tamaşanın ən maraqlı yeri kulminasiya nöqtəsidir.

Əsər öz dövrünün üzgünlüklərini, eybəcərliklərini xarakterizə edir. Tamaşadakı Ezop surətini gənc Firdovsi Səfərov gözəl ifa etmişdi. Özünün peşəkar aktyorluğu istedadı ilə hamının diqqətini cəlb etmişdi. Tamaşanın quruluşçu rejissoru, eləcə Ksanf surətinin ifaçısı Yusif Əliyev Kleya rolunun ifaçısı Çinarə Feyzullayevanın çıxışları alqışlarla qarşılandı. Tamaşanın quruluşçu rəssamı Əli Səfərli, bəstəkar Şəmsəddin Qasımov olmuşdur.  

 

Tarixin alınmaz qalası - Sədərək  

 

Oğuz türk elinin yurd yeri Azərbaycanın alınmaz torpağı olan qəhrəman Sədərək qalası ulu tarixin neçə-neçə savaşlarının, döyüş meydanlarının istinadgahı olub. Tarixin enişli-yoxuşlu yollarında saysız-hesabsız şəhidlər vermiş oğuz türk eli düşmənə heç vaxt əyilməmiş, mərdlik, şücaət göstərərək, hər qarış torpaq uğrunda qəhrəmanlıq salnaməsi yazmışdı.

Azərbaycanın cənub qurtaracağı olan Sədərək rayonu 1990-cı ilin avqustunda yaradılmışdır. Cənub-qərbdən 11 kilometr Türkiyə ilə, şimal-qərbdən 24 kilometr məsafədə Ermənistanla həmsərhəddir. Ərazisi 151,34 kvadratkilometrdir.

1990-1993-cü illərdə erməni-rus silahlı qruplaşması Sədərək üzərinə 14 dəfə güclü hücum etmiş, lakin hər dəfə düşmən geri oturdulmuşdur. Lakin bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-20-də rayonun Kərki kəndi ermənilər tərəfindən işğal olunmuşdur.

Son illər ərzində rayon ərazisində arxeoloji qazıntılar nəticəsində Eneolit, Tunc dövrlərinə, antik və orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri aşkar edilərək öyrənilmişdir. Rayonun cənubunda eradan əvvəl IV-III minilliyə aid yaşayış yeri aşkar edilmişdir. Ərazidə Əjdahan, Cin Təndiri, Cəhənnəmdərə, Şir arxı, Dəhnə, Fərhad arxı, Kültəpə, Ağoğlan, Karvansara sair tarixi yerlər mövcuddur. Sədərək qalasının izləri bu günədək qalmaqdadır. Rayon ərazisindəki tarixi-memarlıq abidələrindən 3 məscid, orta əsrlərə aid qala xarabalığı, müdafiə istehkamı, Karvansara, Ağoğlan piri, XIX-XX əsrin əvvəllərində tikilmiş hamam binası mühafizə olunur.

Ağoğlan türbəsi - rayonda yerləşən ziyarətgahlardan biridir. Yerli əhalidən aldığımız məlumata görə, türbə seyid Pərinin qəbiri üzərində tikilmişdir. Seyid Pərionun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını rahatlığını təmin etmişdir.

Əjdahan mağarası - Sədərək kəndindən şimalda qayalığın içərisində arxeoloji abidə. Mağaranın uzunluğu 12 metr, eni 5 metrdir.

Araşdırmalar nəticəsində mağaranın girişindən erkən orta əsrlərə aid keramika məmulatı aşkar edilmişdir. Yaşayış yerini III-VIII əsrlərə aid etmək olar.

Fərhad arxı - Sədərək rayonunun Sədərək qalasının yerləşdiyi dağın şimal, cənub və qərb ətəyi boyunca uzanan arxeoloji abidə.

Su arxının möhkəmliyini təmin etmək üçün iri daş bloklardan dəstək divarı hörülmüşdür. Divarın bəzi qismləri Dəmir dövrü üçün xarakterik olan rizalitlərlə möhkəmləndirilmişdir. Fəhrad arxını eramızdan əvvəl I minnilliyə aid edirlər.

Sədərək qalası - rayon ərazisində yerləşən Vəlidağın cənub-qərb silsiləsi üzərində Son Tunc və İlk Dəmir dövrünə aid arxeoloji abidə. Hələ qədim zamanlarda Anadolu-Sədərək-Naxçıvan istiqamətindəki qədim karvan-ticarət yolu buradan yaxşı müşahidə olunur nəzarətdə saxlanılırdı. Burada qalaya çıxmaq üçün bütün keçidlərin qarşısını kəsən 2,5 metr enində sikloptipli möhtəşəm müdafiə səddi vardır. Səddin giriş qapısının eni 5 metrdir. Qala divarı boyunca bir neçə yerdə daş tikinti qalıqları və mədəni təbəqə vardır. Qala - şəhərin müdafiə sistemi qədim Naxçıvanın qalatikmə memarlığı üçün səciyyəvi üslubda inşa edilmişdir. Sərgi Anadolu Şərur ərazisində yaranmış güclü tayfa ittifaqları, dövlət qurumları arasında siyasi münasibətlərin gərginləşməsi ilə əlaqədar olan təhlükələrin qarşısını almaq məqsədi ilə salınmış Sədərək qalası Naxçıvan diyarının siyasi tarixində mühüm rol oynamışdır.

 

 

Hüseyn Əliyev

  

Mədəniyyət.- 2009.- 2 sentyabr.- S. 4.