Kinomuz tamaşaçıların gözüylə...

 

Neçə vaxtdır ki, müşahidə edirəm. Camaatımız xarici filmləri sonadək səbir edib izləyə bilmədiyi halda, öz milli filmlərimizi gözləri yorulmadan dəfələrlə seyr edib, baxdıqca baxır. Görünür filmlərimizdəki insan duyğuları, hiss həyəcanları, məişət həyatı ruhumuza yaxın olduğundandır ki, onları bu qədər maraqla izləyirik. Məhəbbətin tərənnümü, xeyirxahlıq, qəhrəmanlıq, yaltaq ikiüzlüyün ifşası (“Atları yəhərləyin”), incə yumor, özünə gülə bilmək (“Bəxt üzüyü”), əsl sevgi, cəmiyyət və onun yazılmamış qanunları, insan tənhalığı ( “Təhminə” ), adət-ənənələrimiz, toy koloriti ( “Bəyin oğurlanması” ), gənclik çılğınlığı ( “Uşaqlığın son gecəsi” ) və s. adlarını çəkə bilmədiyim, özündə yüksək zəhmət tələb edən aktyor-rejissor işini birləşdirən filmlərimiz görəsən, bu gün dərəcədə yaşayıb, sevilir?  

 

Kinomuzun tarixçəsi 

 

Bilməyənlərə qısaca xatırlatma edib bildirmək istəyirəm ki, Azərbaycan kinosunun tarixi 2 avqust 1898-ci ildən başlayır. İlk filmlərimiz bakılı A. M. Mişon tərəfindən çəkilmiş xronika süjetləri ( “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Qafqaz rəqsi” s. ) bir bədii kino süjetdən - “İlişdin”dən ibarət idi. İndiyə qədər 2000-dən artıq film istehsal olunmuşdur. Bunlardan 300-dən çoxu bədii film, 100-dən çox cizgi filmi, qalanı sənədli filmdir.

 

Kimdir günahkar?..

 

Kinomuzun keçmişi və indiki durumu ilə bağlı paytaxt sakinləri arasında kiçik bir sorğu keçirdik. Öncədən onu qeyd edim ki, sorğuda iştirak edənlərin əksəriyyəti son dövr kinomuzun durumundan, demək olar ki, xəbərsiz idi. Ən yaxşı halda isə “xəbəri olanlar” müasir filmlərimizdən yalnız “Məhəllə” komediyasını qeyd edirdi. Təbii ki, günahı tamaşaçılarda axtarmaq özü günah olar. TV məkanlarında duzsuz, şit verilişlər ayaq açıb yeridiyi halda, yeni istehsal olunan filmlərimizin yalnız bir dəfə Heydər Əliyev Sarayında və yaxud 200-300 nəfərlik insanlara kinoteatrlarda göstərilməsi elə axtardığımız problemin özüdür.

Ramilə Əsədova (musiqiçi): “Azərbaycan kinosu sovet dövründə ideologiyaya xidmət edirdi. Bu da aydındır ki, kinonun inkişafını ləngidirdi. Amma buna baxmayaraq fraqmentar da olsa, nəsə arada görünürdü. İndi isə film çəkilir ki, onu geniş tamaşaçı kütləsi izləsin. Amma təəssüf ki, son çəkilən filmlərin adlarını eşitsək də, özlərini televiziyada nədənsə görə bilmirik. Xoşuma gələn iki film vardır. O da “Yarasa” “Yaramaz” filmləridir. “Yarasa”da pornoqrafik səhnələrin görünməsi Azərbaycan kinosu üçün bir yenilikdi”.

İnsafla danışsaq çox yox, bəzi sovet dövründəki filmlərimizi izləyərkən sanki film ruhumuza, qanımıza yayılır. Bu zaman bir sual yaranır. Bəs son illər çəkilən bəzi filmlərimiz niyə belə bayağı, süni, pafoslu aktyor oyunu, məntiqsiz söz yığnağından ibarət olan ssenarisi ilə adamı kinodan uzaqlaşdırır? Halbuki sovet dövründən kifayət qədər uzun müddət keçib, inkişaf etmişik. Texnika müasir olmasa da, o dövrlə müqayisədə heç pis deyil. Olmaya həmin rejissorlar, aktyorlar daha yetişmir?

Aqşin Babayev (iqtisadiyyatçı): “Azərbaycan kinosu deyəndə ağlıma ilk öncə köhnə kinolarımız gəlir. Çünki yenilərini film saymaq olmur. “Məhəllə” və digərləri o qədər keyfiyyətsiz, duzsuz çəkilirlər ki, yaddaşlarda da qala bilmirlər. Aktyor oyunu isə bərbaddır. Elə bil bu filmlər adi həvəskar kamerası ilə çəkilib. Amma müasir dövrdə çəkilmiş filmlərimizdən yalnız “Arxada qalmış gələcək”i çox bəyənirəm”.

Amid Cəfərzadə (tələbə): “Bizdə kino məktəbi demək olar ki, zəifdi. TV- göstərilən filmlərimizin də əksəriyyəri sovet təbliğatının bəhrəsidir. Vaxtilə partiyanın sifarişiylə lentə alınan filmləri ekranda nümayiş etdirmədən öncə gərək mütləq izahat verilsin. Bolşevik ideologiyası ilə xalqı çaş-baş salmaq lazım deyil. Kino sahəsində bədii zövqümüz çox aşağı səviyyədədir. “Təhminə” filmi bu mənada istisnadır”.

 

 Əzbərlədiyimiz kinoafişa...

 

Telekanallarımız çox şükür ki, həftədə bir dəfə olsa milli kinolarımızı nümayiş etdirir. Lakin bu yerdə bir anı xüsusilə vurğulayacağam. Neçə dəfə şahidi olmuşam ki, bayram günlərində “Qayınana”, “Əhməd haradadır?” və s.eyni saatda müxtəlif kanallarda göstərilib. Filmlər nümayiş etdirilməzdən öncə evdə hamı bilir ki, Vətənimizin tarixi günlərində “Yalan”, “Arxada qalmış gələcək”, “Fəryad”, bayram günlərində isə bayaq adlarını qeyd etdiyim filmlər göstəriləcək. Ən pisi isə bir filmin eyni ayda eyni kanalda bir neçə dəfə təkrar verilməsidir.

Günel Dadaşova (tibb bacısı): “SSRİ dövründə istehsal olunan filmlərimizi çox bəyənirəm. Baxdıqca doymuram. Lakin bir şeyi qeyd edim ki, çox zaman bir filmi bir neçə dəfə izləmiş oluruq. Halbuki o filmin yerinə görmədiyimiz kinonu göstərə bilərlər. Sevdiyim filmlər arasında ən çox “Şərikli çörək”, “Ögey ana” “Qayınana”ı bəyənirəm”.

Lalə Rzayeva (tələbə): “Bir neçə il bundan öncə ANS “Qızlar” adlı serial çəkdi. Onun efirə verməzdən əvvəl səviyyəsizcəsinə bir şou da hazırlayıb reklam etdilər. Guya Zümrüd Qasımovanın nişanlısı bu kinolentin nümayişinə icazə vermir. Sizcə, kinomuz belə savadsız reklamlarla irəli gedə bilər? Görəsən, nə vaxtsa kinomuz keyfiyyətinə görə özünü reklam etmək qabilliyyətinə malik olacaq...”

 

Nəticə

 

Beləliklə, sorğumuzun nəticəsindən keçmiş və müasir dövr filmlərimizin tamaşaçıların gəldiyi ümumi qənaətə görə vəziyyəti hamıya məlum oldu. ən əsas bu problemimizin- son dövr istehsal olunan filmlərimizin də nə vaxtsa TV məkanlarından hamının izləyəcəyinə ümid edirik. Sonluğu isə sevdiyim bir filmdən olan fraqmentlə yekunlaşdırmaq istəyirəm.

 

“Na na nay nay nay nay, evdə uşaqlar diyir atamız işə gedib” (“Bəyin oğurlanması”)

  

 

Yeganə Cansil

 

Mədəniyyət.- 2009.- 4 sentyabr.- S. 11.