Həmişə Yaşar

 

Zaman-zaman Azərbaycan incəsənəti çox böyük sənətkarlar yetişdirib. Teatr kino sahəsində çox böyük uğurlarımız olub. Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Münəvvər Kələntərli, Mustafa Mərdanov, Ağadadaş Qurbanov, Ağahüseyn Cavadov, Möhsün Sənani, Bəşir Səfəroğlu, Lütvəli Abdullayev, Məmmədsadıq Nuriyev, Həsənağa Salayev, Nəsibə Zeynalova və başqaları yaratdıqları gözəl sənət əsərləri, obrazlarla Azərbaycan incəsənətini, Azərbaycan səhnəsini çox-çox yüksəklərə qaldırıblar. Bu sənətkarlardan sonra çox istedadlı yeni bir nəsil formalaşdı ki, onlar öz sələflərindən heç geri qalmadılar. Mən bu gün onlardan biri- respublikanın xalq artisti, sevimli sənətkarımız Yaşar Nuri haqqında söhbət açmaq istəyirəm. 

Mən onun haqqında çoxdan yazmaq istəyirdim. O, həm bir aktyor, həm də bir insan kimi hər zaman diqqətimi çəkib. Onun yaratdığı obrazları ürəkdən oynadığının, sənətə can yanğısının şahidi olduqda sənətkarlığına heyran qalmışam.

Bugünlərdə Yaşar müəllimin 58 yaşı tamam oldu. O, ömrünün müdriklik mərhələsinə doğru bir addım da atdı.

Yaşar Nuri mənalı bir ömür yolu keçib. Tanrının verdiyi ömrü özündən çox, xalqı üçün yaşayıb. Y.Nuri içdən azad olan, içdən yananbu yanğı ilə tamaşaçısını da yandıran bir sənətkardır. Təkcə elə Dadaşov obrazınıQatarda») yada salmaq kifayətdir ki, bu aktyorun böyüklüyünün fərqində ola bilək. Cəmiyyətdə olan neqativ hallara, haqsızlıqlara, rüşvətxorluğa, yaltaqlığa və riyakarlığa qarşı Y. Nurinin yaratdığı bu obraz əslində, həmin antipodların, onların həyatdakı prototiplərinin sifətlərinə dəyən çox güclü bir sillədir: “...Cavab verə bilmirsiniz, çünki hamınız gözükölgəlisinizBu sözləri Yaşar Nuri o qədər ürəkdən, yana-yana deyir ki, onun sənət yanğısına, yaratdığı obrazı özününkü etmək bacarığına, vətəndaş həssaslığına heyran qalmaya bilmirsən.. Düşünürəm ki, bəlkə də, başqa bir aktyor bu obrazı oynasaydı, bu cür - məhz Yaşar kimi yarada bilməzdi və tamaşa da bu qədər güclü alınmazdı... Çünki Yaşar müəllim ifa etdiyi obrazı yaşayır, onunla birlikdə özü də “ölüb-dirilir” bəlkə də ürəyində saxlayıb deyə bilmədiklərini məhz yaratdığı obrazlarla deyir, cəmiyyətdə baş verən əyintilərə, insanların biganəliyinə, saxtakarlığına etirazını bildirir. Biz hamımız “Qatarda” televiziya tamaşasına dönə-dönə baxsaq da, bezmirik, usanmırıq, əksinə, daha da dərindən düşünürük bu əsəri yazan unudulmaz böyük yazıçımız İsi Məlikzadəyə rəhmət diləməklə, Yaşar müəllimə “Əhsəndeyirik. Bundan başqa, “Səni axtarıram” televiziya tamaşasında Y.Nurinin yaratdığı Elçin obrazını yada salaq: postsovet məkanında ali məktəblərdə baş alıb gedən rüşvətxorluğa qarşı Elçinin apardığı mübarizə, atasının hesabına ali təhsil alaraq elmi müdafiə etməyə hazırlaşan gənc aspirant Gülnara qarşı olan saf məhəbbətibu məhəbbətlə istədiyi qızı eqoistlikdən, insanlara yuxarıdan aşağı baxması kimi pis vərdişlərdən uzaqlaşdıraraq doğru yola çəkməsi diqqətimizi cəlb edir. Y. Nuri bu obrazı o qədər təbii oynayır ki, tamaşaçı bütün olaylara inanır. Həmin məqamda insan saflaşmaq, içdən təmizlənmək, mərhəmətli olmaq, sevmək istəyir.

Mən cəmi iki obrazın adını çəkdim. Yaşar müəllimin ustalıqla yaratdığı mənfi və müsbət qəhrəmanları saysız-hesabsızdır. Özü təkcə teatr sahəsində deyil, kino sahəsində yaddaqalan obrazlar yaradıb. Ən maraqlı və diqqətçəkən budur ki, bu obrazlar bir-birindən tamamilə fərqlidir: hərəsinin öz həyat yolu, düşüncə tərzi. Amma Y.Nuri öz qəhrəmanlarını onların xarakterinə uyğun elə məharətlə yarada bilir ki, heyran qalmaya bilmirsən. Və istər-istəməz düşünməli olursan: Tanrının bizləri sınağa çəkdiyi, torpaqlarımızın düşmən tapdağı altında olduğu, əsəblərin tarıma çəkildiyi günlərdə nə yaxşı ki, öz nurlu siması, təbəssümü, gülüşü ilə yorğunluğumuza sığal çəkən bu cür istedadlı sənətkarlarımız var. İnanmıram Azərbaycanda elə bir adam tapıla ki, Yaşar Nurini efirdə və ya səhnədə görəndə üzünə təbəssüm qonmasın, ona məhəbbət dolu baxışlarla baxmasınlar. Bu gülüş insanlara sevinc, müsbət enerji bəxş edir. Gərgin olduğumuz anlarda onun oynadığı səhnələrə baxanda bütün yorğunluğumuz, stresslərimiz yox olur. Böyük yunan filosofu Aristotel yazırdı: «Təfəkkür təəccübdən başlayır». İnsanları bəzən təəccübləndirən, bəzən güldürən, bəzən də gülə-gülə ağladan bu böyük aktyorun yaratdığı obrazlar bir çox yatmış vicdanları oyadır, paslı beyinləri təmizləyir, intellektual səviyyələrinin artmasına yardımçı olur.

Yaşar Nuri insanları güldürsə də, onlara hər zaman xoş ovqat bəxş etsə də, amma həyatında çox ağrı-acılar yaşamış bir sənətkardır. Yadımdadır ki, təxminən 7-8 il bundan əvvəl qızının həyat yoldaşı faciəli surətdə həlak olmuşdu. Mən o zaman qəzetlərin birində çalışırdım və Akademik Dram Teatrına Yaşar müəllimin iştirak etdiyi bir tamaşaya baxmağa getmişdim. Həmin tamaşada Y.Nuri komik bir rolda gedirdi. Həyatında yaşadığı sarsıntılara baxmayaraq, yenə çox məharətlə oynayırdı. Mən heyran qaldım. Fasilədə Yaşar müəllimlə görüşdüm. İnanın, onun içindəki o ağrı-acını, nisgili gördüm dəhşətə gəldim ki, bu qədər ağrını necə gizlədə bilir tamaşaçı qarşısında?.. Heç şübhəsiz ki, bir sənətkar kimi bu da onun böyüklüyündən irəli gəlirdi. Tamaşa qurtarandan sonra hamı onu alqışlayırdı. Deyirlər, Tanrı çox sevdiyi bəndələrini həmişə imtahana çəkir. Düşünürəm ki, Yaşar müəllim də Tanrının sevimli bəndələrindədir. Tanrı onu yaxın illərdə hamımızı qorxuya salan daha bir imtahandan keçirdi. Ciddi bir xəstəliklə üzləşdi. Amma bu sınaqdan da uğurla çıxdı.

Tanrı bizlərə ərməğan etdiyin gülüş payını sənin özündən də əskik etməsin, Yaşar müəllim!

 

 

Südabə Sərvi

 

Mədəniyyət.- 2009.- 4 sentyabr.- S. 5.