Ruhumuzun ünvanı

 

Qədim Bakımızın məşhur dini abidələrindən sayılan Cümə məscidi. İçərişəhərdə, Qız Qalasının yaxınlığında yerləşən bu abidənin tarixi XIV əsrə gedib çıxır. İslam aləmində Cümə məscidi dedikdə, şəhərin baş məscidi başa düşülürdü. Belə ki, şəhərdə hər bir məhəllənin öz məscidi olardı. Amma İslam aləmində müqəddəs gün olan cümə günlərində şəhər əhalisi namaz qılmaq üçün məhz baş məscidə - Cümə məscidinə gedərdilər.

İllər keçdikcə baxımsızlıq üzündən dağılan məscidin yalnız minarəsi qalıb. Bu minarənin də üzərində onun tikildiyi tarix yazılıb. Məscidin yenidən bərpa olunması, daha doğrusu, dağıntıların üzərində yeni məscidin tikilməsi adları Azərbaycan tarixində xeyriyyəçi kimi tanınan Aşurbəyovlar tərəfindən həyata keçirilib. Cümə məscidi Əjdər bəy Aşurbəyov və Nabat xanım Aşurbəyovanın qardaşı Əli bəy Aşurbəyovun maliyyə imkanları hesabına tikilib.

XIV əsrdə İçərişəhərdə Cümə məscidi kimi inşa olunan bu tikili sonradan tələbatı ödəmədiyindən XIX əsrin sonlarında onun köklü şəkildə yeniləşməsinə qərar verilib. 1899-cu ildə məscidin əvvəlki qədim minarəsi saxlanılmaqla ibadət salonu yenidən tikilib, ərazisi genişləndirilib.

Beləliklə də, 1894-99-cu illərdə ərsəyə gələn İçərişəhər Cümə məscidi XIX, minarəsi isə XIV əsrə aiddir. Çünki məsciddən fərqli olaraq minarə dağılmayıb.

Abidənin hansı memar tərəfindən tikilməsi bəlli deyil. Lakin məscidin qalıqları onun peşəkar və əsl sənətkar olmasından xəbər verir.

Respublika Prezidenti İlham Əliyevin 2 il əvvəl maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı müvafiq sərəncam əsasında Cümə məscidində də təmir-bərpa işləri aparıldı. Məscidin daxili divarlarının və tavanının naxışlarla yanaşı, müqəddəs ad və kəlamlarla örtülməsi Azərbaycan dini abidələrində ilk dəfə həyata keçirilib.

Aparılan təmir-bərpa işlərindən sonra bu gün məscid yeni görkəm alıb və bir neçə il əvvəlki görünüşündən çox fərqlənir. Bu yenilik məsciddə iki il ərzində aparılan qismən tikinti, daha çox isə interyerinin yeniləşməsi sayəsində baş tutub. Məsciddə iki daxili pəncərə incə ağac oyma ilə işlənmiş örtüklə əvəzlənib. Pəncərələr önündə isə başlığında Allah kəlməsi Gülab şəkilli naxışlar yerləşən dekorativ elementli, nisbətən qısa ölçülü oyma örtüklər yerləşdirilib.

Əvvəllər məscidin həyətində İmam Əli mədrəsəsi kimi fəaliyyət göstərən tikili indi ehsanxana kimi fəaliyyət göstərir. Cümə məscidi XIV-XX əsrlərin yadigarı ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən (inventar 89) qorunur.

 

 

Mədəniyyət.- 2009.- 16 sentyabr.- S. 16.