Sərgidən sonrakı düşüncələr

 

Paytaxtımızda keçirilmiş I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası artıq tarixə çevrildi. Bu gözəl kitab bayramı uzun müddət ürəklərdə yaşayacaq, mədəni həyatımızın ən mühüm hadisələrindən biri kimi xatırlanacaqdır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində start götürən, dünyanın 20-yə yaxın ölkəsindən gəlmiş nümayəndələrin - nəşriyyatların, milli kitabxana direktorlarının, naşirlərin, poliqrafiya mütəxəssislərinin iştirak etdikləri bu sərgi sözün həqiqi mənasında böyük bir mədəniyyət törəninə- kitab bayramına çevrildi desək, yanılmarıq. Təsadüfi deyil ki, 60-a yaxın milli nəşriyyatın istehsal etdiyi kitabların sərgi-yarmarkası 3 gün ərzində minlərlə kitabsevərin diqqətini cəlb etdi, insanları bir yerə topladı, onlarda xoş təəssüratlar yaratdı.

 

Bu intellektual bayram həm də indiki elmi-texniki tərəqqi və texnologiyalar əsrində kitabın mənəvi həyatımızdakı böyük və əvəzsiz rolunu, heç bir elmi -texniki ixtiranın, nailiyyətin, kommunikasiya texnologiyalarının kitabı əvəz edə bilməyəcəyini bir daha sübuta yetirdi. Bəli, nə qədər ki, bəşəriyyət mövcuddur, deməli, kitablar da mövcud olacaq. Nə qədər ki, dünya yaşayır, kitablar da yaşayacaq və bəşər cəmiyyətinin ən qiymətli kəşfi kimi insanları elmə, biliyə, mədəniyyətə, inkişafa səsləyəcək.

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə bağlı rəylər, təəssüratlar, fikirlər bir daha sübut edir ki, müstəqil Azərbaycan Respublikası təkcə neft, təbii sərvətlər ölkəsi olmayıb, həm də zəngin və tükənməz mənəvi dəyərlər, intellektual sərvətlər, ziyalılar diyarıdır.

Qeyd etmək lazımdır ki sözügedən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının məhz əlamətdar bir vaxtda - yeni dərs ilinin başlandığı sentyabr ayında keçirilməsi daha çox simvolik məna kəsb edir. Digər tərəfdən bu sərgi belə bir həqiqəti də təsdiqlədi ki, Azərbaycanda mədəniyyətin, ədəbiyyatın, incəsənətin, texnikanın bütün sahələrini əhatə edən yeni kitabların çap olunması, poliqrafiya sahəsində diqqətəlayiq nailiyyətlər əldə olunub.

İstər qonaqlar, istərsə də sərgi ilə tanış olan sıravi ölkə vətəndaşları indiyədək ölkədə belə bir möhtəşəm kitab bayramının şahidi olmamışdılar. Bu fakt respublikamızın poliqrafiya və kitab nəşri sahəsində artıq dünya standartları səviyyəsinə çıxdığını əyani şəkildə sübut etdi. Sərgi-yarmarka hamıda və hər kəsdə həm də belə bir inamı möhkəmləndirdi ki, Avropaya inteqrasiya yolu ilə gedən Azərbaycan xalqı sözün həqiqi mənasında böyük və tükənməz intellektual potensiala malik, mədəni səviyyəsi yüksək olan, dünyanın ən çox mütaliə edən xalqları ilə bir cərgədə durur.

Yeri gəlmişkən onu da qeyd edək ki, sərgi-yarmarkanın keçirildiyi ünvanın özü də olduqca uğurlu bir məkan təsiri bağışlayırdı. Respublika Muzey Mərkəzinin möhtəşəm binasında, yüksək zövq və milli Azərbaycan səliqəsi ilə bəzədilmiş guşələr, sərgiyə nümayəndə göndərmiş xarici ölkələrin adları yazılmış xüsusi lövhələr, kitabların nümayiş etdirildiyi interyerin ümumi görünüşü, bədii tərtibatı, müasir dizayn səviyyəsi də sərgi-yarmarkanın uğurlarından sayılmalıdır. Birinci mərtəbədən başlayaraq yuxarı mərtəbələrə kimi milli koloriti özündə əks etdirən xüsusi zövqlə düzəldilmiş vitrin və rəflərdəki kitab düzümü, reklam materialları, plakatlar, öz məhsullarını təqdim edən nəşriyyat əməkdaşlarının davranış mədəniyyəti,sərgiyə gələnlərlə ünsiyyət qurmaq bacarığı, mərtəbələrarası sərgi iştirakçıları üçün təşkil olunmuş xüsusi kafe-guşələr və burdakı mədəni xidmət də bu kitab bayramının ən yaddaqalan detallarıdır.

Sərgidə təqdim olunan kitablara gəlincə, burada, doğrudan da, son illərin ən qiymətli çap məhsullarına rast gəlmək mümkün idi. Milli ədəbiyyatımızın və mədəniyyətimizin istər ən qədim tarixini, istərsə də müstəqillik əldə edildikdən sonrakı nailiyətlərini əks etdirən yüzlərlə cild kitab, kitabça, broşür, buklet, açıqca sərgi iştirakçılarında milli poliqrafiya sənayemizin, kitab və nəşriyyat işinin inkişaf səviyyəsi haqqında tam təsəvvür yarada bilirdi. Bütün bunları ümumilikdə milli mədəniyyətimizin barometri adlandırmaq da olar. Sərgi-yarmarka iştirakçılarının bir çoxu maraqlı kitabı burada tapa bilərdi. Sərgi-yarmarkanın özəlliklərindən biri də burada seçim mühitinin mövcudluğu idi. Kitabi-Dədə Qorquddan tutmuş, Qabusnamənin nəfis tərtibatlı nüsxəsini, Azərbaycan klassiklərinin və çağdaş yazarlarının külliyyatını, həmçinin yüzlərlə ən müxtəlif tematikalı istənilən kitabı almaq imkanı olan sərgi iştirakçılarında xoş ovqat yaradan digər bir cəhət də onların bu nəşrlər haqqında maraqlı məlumatlar ala bilmək imkanına malik olmaları idi.

Baltikyanı, Orta Asiya ölkələrindən, Rusiya Federasiyasından gəlmiş nümayəndələrin təqdim etdikləri ədəbiyyat nümunələri isə həm də həmin ölkələrdəki çağdaş poliqrafiya mədəniyyəti ilə tanış olmaq imkanı yaratması baxımından olduqca maraqlı idi.

Sərgi-yarmarkada ziyalılarımızın, yazarlarımızın, elm xadimlərimizin, KİV nümayəndələrinin böyük bir hissəsini görmək mümkün idi. Onların bəzilərinin sərgi-yarmarka barədə təəssüratlarını öyrəndikdə bir daha əmin olduq ki, kitabla bağlı törənlərin keçirilməsi hamının ürəyincədir.

Əminliklə deyə bilərik ki, 3 gün davam edən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası respublikamızın həyatında həqiqətən mədəni bir hadisəyə çevrildi.

 

 

C.Tağıyev

 

Mədəniyyət.- 2009.- 16 sentyabr.- S. 8.