Yarmarka iştirakçıları mükafatlandırıldı

 

Sentyabrın 12-də Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində tədbirdə iştirak edən nəşriyyatlar mükafatlandırıldılar. Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli bildirdi ki, paytaxtımızda 3 gün davam edən kitab sərgi-yarmarkası yüksək səviyyəsi ilə fərqlənib. Sərginin iştirakçısı olan nəşriyyatların təmsilçiləri öz çap məhsullarının nümayişi ilə yanaşı, satışını da təşkil etdilər.

 

Beynəlxalq sərgi çərçivəsində bir-birindən maraqlı kitab təqdimatları, imza mərasimləri, dəyirmi masalar, müəllif görüşləri keçirildi. Bu cür sərgilərin təşkili gələcəkdə Azərbaycanda kitab nəşri işinin inkişafına güclü təkan verəcək.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, Bakı - İslam mədəniyyətinin paytaxtı-2009 layihəsi çərçivəsində keçirilən Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında dünyanın 20 ölkəsi 35 nəşriyyatla təmsil olunub: Ümumilikdə isə sərgidə 80-dən çox nəşriyyat və poliqrafiya müəssisəsi, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak ediblər. Tədbirə ölkəmizdə çap işi ilə məşğul olan 60-dan çox qurumun nümayəndəsi qatılıb. Üç gün ərzində burada 8 min 500 adda müxtəlif çap məhsulları sərgilənib. Tədbir günlərində 35 mindən çox kitabsevər sərgidə iştirak etmiş və müxtəlif tədbirlərə qatılıblar. Çox sevindirici haldır ki, hər il 5-6 beynəlxalq kitab sərgisinin iştirakçısı olan Azərbaycan artıq möhtəşəm bir tədbirə ev sahibliyi edib.

Tədbirdə Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının iştirakçısı olmuş nəşriyyatların təmsilçilərinə diplomlar və xatirə hədiyyələri təqdim edildi.

Sonda Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu Azərbaycan naşirlərinə müxtəlif beynəlxalq sərgilərdə layiq görüldükləri diplomları təqdim etdi.

 

 

Mehparə

 

Mədəniyyət.- 2009.- 16 sentyabr.- S. 8.