Alim kredosu: elmə mədəniyyətə xidmət

 

-Mənim ev kitabxanamda Fədakar maarif xadimi adlı bir kitab var. Bu kitab Füzuli rayonunun Kürdmahmudlu kəndində 50 il orta məktəb direktoru vəzifəsində çalışmış, insanların dərin hörmət və məhəbbətini qazanmış, el ağsaqqalı Xanoğlan Murtuza oğlu Əliyev haqqındadır. Müəllif Xanoğlan müəllimi köklü bir bəy nəslin layiqli davamçısı, əlli il rəhbərlik etdiyi Kürdmahmudlu orta məktəbinin qurucusu kimi təqdim edir. Xanoğlan müəllim həyatda hər şeyə öz halal zəhməti sayəsində nail olub. Onu başqalarından fərqləndirən əsas cəhətlərdən biri də müstəsna dərəcədə təmiz, düz adam olması idi. Tutduğu düz yoldan o heç vaxt sapmadı. Kitabda Xanoğlan müəllim və onun övladları barədə yazılan xoş sözləri oxuyarkən məşhur bir atalar sözü yada düşür: Ot kökü üstə bitər.

Kitabı oxuyub başa vurandan sonra başa düşdüm ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir yerdə çalışdığımız Vəfa Əliyevdəki bu insani keyfiyyətlər haradandır və hansı kişinin oğludur. Mən Vəfa müəllimi universitetə gəldiyim gündən, - 1997-ci ildən tanıyıram. O zaman o, elmi katib vəzifəsində çalışırdı. 1998-ci ilin yanvar ayında isə o, mənim dərs dediyim sənətşünaslıq fakültəsinə dekan seçildi. Neçə ildir ki, Vəfa müəllim bu vəzifədə uğurla çalışır.

İnsanlar xarakterinə görə müxtəlif cür olur: sərt və həlim, acıdil və şirindil, həyasız və həyalı, ağır təbiətli və yüngül, çox danışan və ya dinməz. Vəfa müəllim ikinci dəfə dekan seçiləndə biz müəllimlər məhz onun yüksək insani keyfiyyətlərini, ziyalılığını, işgüzarlığını, təşkilatçılıq bacarığını, xeyirxahlığını nəzərə alıb ona yekdilliklə səs vermişdik.

Hər gün dərsə gələndə birinci mərtəbədə oturan Vəfa müəllimlə görüşəndən sonra yuxarı - ikinci mərtəbədəki kinoşünaslıq kafedrasına qalxıram. Ona görə ki, birincisi, cavan olsa da, fakültəmizə rəhbərlik edir, ikincisi Vəfa müəllimdə müsbət bir aura vardır. Bu insanla adi söhbət etməklə, ünsiyyətdə olmaqla adam rahatlıq tapır.

Vəfa müəllim bir pedaqoq kimi çox savadlıdır. Öz ixtisasını dərindən bilir. Bunu nə özü dilinə gətirir, nə də müəllimlər, bunu universitetimizin barometri olan tələbələr deyirlər. Elə alim var ki, alimlik diplomu almaq xatirinə dissertasiya müdafiə edir. Sonralar onlar bir məqalə yazır, kitab çap etdirirlər. Vəfa müəllim isə işgüzar alimdir. O, vaxtilə Bilik cəmiyyətinin Füzuli rayon təşkilatında işləyərkən vaxt tapıb dissertasiya müdafiə edib, filologiya elmləri namizədi, alimlik dərəcəsi alıb. Bunu yalnız işgüzar elmə ciddi marağı olan insanlar edə bilərlər. Otağına daxil olanda kiminsə əsərinin əlyazmasını oxuyan, ya da müdafiəqabağı hansısa elmi işə rəy yazan görərsən. Onun indiyədək Hürriyyət fədaisi, Sənətkar ədəbi proses, Ədəbi proses ədəbi nəsil (həmmüəlliflə birlikdə) kitabları işıq üzü görüb. Fakültəyə rəhbərlik, müəllimlik, elmi şurada iştirak, elmi ad alanlara opponentlik, müxtəlif elmi-nəzəri konfranslarda məruzə çıxışlar onun əsas fəaliyyət sahələridir. Onun ayrı-ayrı elm, sənət adamları mədəniyyət xadimləri haqqında yazdığı məqalələri öz elmi siqləti orijinallığı ilə seçilir. Vəfa müəllim ədəbi məclislərdə , görüşlərdə elmi konfranslarda tez-tez ədəbiyyatımızın mədəniyyətimizin problemlərinə həsr olunmuş məruzələr edir.

Kökünə, əslinə bağlı bu alimi ən çox narahat edən torpaqlarımızın işğalı, qaçqın və köçkünlərimizin taleyidir. O öz şəxsiyyəti səmimiyyəti ilə işlədiyi kollektivin dərin hörmətini məhəbbətini qazanıb. Onun həyat kredosu doğma xalqımıza, elmimizə mədəniyyətimizə vicdanla xidmət etməkdir.

Vəfa müəllim öz sadəliyi və xeyirxahlığı ilə nəinki mənim, həm də ətrafında olan hər bir kəsin qəlbində özünə yer tapıb. Mən belə bir şəxsiyyətlə bir yerdə çalışmaqdan, dost olmaqdan fərəh duyuram. Mənalı ziyalı ömrü yaşayan Vəfa müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, elmi işində pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

 

 

Aydın Kazımzadə,

ADMİU-nun dosenti, əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2009.- 18 sentyabr.- S. 5.