Üzeyir ömrü zamansızlıq

 

O, dövrünün mücahididi. Millət aşiqi, vətən təəssübkeşi, sənət cəfakeşidi. Həmişə əlçatmazdı, qibləgahdı. heç şübhəsiz, bütün zamanların sınağından üzüağ çıxan ürfan adamı, dahidi. Səmimi deyim ki, Üzeyir Hacıbəyov haqqında danışanda ilk ağlıma gələn indicə söylədiyim fikirlər olur. Heç vaxt dahi deməyə xəsislik etmədiyim Üzeyir bəyin ünvanına, məncə, bu qiymət zərrəcə artıq deyil. Azərbaycan mədəniyyətinə misilsiz töhfələr vermiş bir insanın dəyərini başqa cür çatdırmaq mümkünsüzdü.

 

Üzeyir bəy peyğəmbər ömrü yaşayıb. Altmış üç il. Bu, təsadüf, ya qanunauyğunluqdu, bunu bir Allah bəndəsi olaraq, dəqiq deyəmmərəm. Görünür, uca yaradanın bizim üçün sirr qalacaq möcüzələri sırasında dahilərin dünyaya gəlişi özünə yer tutur. birmənalı şəkildə deyə bilərik ki, Üzeyir bəyin həyatı məhz, belə istisnalara aiddi.

Altmış üç ildə neçə-neçə ömrə yetəcək işləri görmək həqiqətən möcüzədi. Ən azı, fiziki ölçülərə sığışmayan fəaliyyətin hardan, necə qaynaqlandığı sirri-xudadı. Bəli, Üzeyir bəy fitrəti xudanın lütfündən beləcə təkrarsız, qaynar, tükənməz yaranmışdı.

Bəstəkar, müəllim, nəzəriyyəçi, dramaturq, jurnalist, ictimai xadim... Bunların hamısı onun şəxsində cəmləşib, fəaliyyətində əksini tapıb. Biri o birindən geri qalmadan. Əgər ötən əsrin əvvəlində Qori Seminariyasında təhsilin ardından Üzeyir bəy sadəcə kənd müəllimiydisə, on-on beş il sonra Azərbaycanın tanınan, sayılıb-seçilən ziyalılarının cərgəsindəydi. Müəllimlikdən jurnalistliyə, jurnalistlikdən bəstəkarlığa, bəstəkarlıqdan dramaturqluğa, ictimai xadimliyə doğru mürəkkəb inkişaf mərhələsi keçmişdi. Onun belə zəngin, çoxcəhətli fəaliyyətində bəstəkarlığı xüsusi çəkiyə malikdi.

Azərbaycanda opera və musiqili komediya janrının, xor kapellasının, simfonik və xalq çalğı alətləri orkestrlərinin, yalnız ölkəmizdə deyil, bütün Şərqdə ali musiqi təhsilli kadrlar hazırlayan konservatoriyanın yaradılması, Elmlər Akademiyasında İncəsənət İnstitutunun formalaşdırılması və s. məhz Üzeyir bəyin adıyla bağlıdı. Hələ 22 yaşındaykən bəşərin nadir söz incilərindən olan, yüz illər boyu sevilmiş Leyli Məcnuna müraciət hər baxımdan əlamətdar hadisəyə çevrildi. Dahi Füzuli poeziyasını musiqiyə qovuşduran sənətkar dünyada ilk muğam-operanı ərsəyə gətirməklə böyük şairə, özünə ürəkləri fəth edən məhəbbət dastanına heykəl qoydurdu. Azərbaycan peşəkar musiqisinin, milli bəstəkarlıq məktəbinin həmin tarixdən hesablanması tam, ədalətli qərardı. Yüz ildən artıq vaxt keçməsinə baxmayaraq, Üzeyir Hacıbəyovun peşəkar musiqimizin cığırdaşından mayakına, milli mədəniyyətimizin məhək daşına çevrilməsi bu qərarı, bu inkaredilməz həqiqəti bir daha təsdiqləyir. Maraqlıdı ki, ömrünün axır illərində Azərbaycan xalq musiqisinin əsasları fundamental əsərini yazmaqla musiqişünaslıq xəzinəmizi, gəncliyindəsə satirik məqalələri, felyeton pamfletləriylə mətbuatımızı zənginləşdirmişdi Üzeyir bəy. onun bu fəaliyyəti musiqi yaradıcılığından geri qalmır. Üstəlik, bizi gələcək əhəmiyyətinə inamsız qoymur.

Dahi bəstəkar neçə-neçə əbədiyaşar əsərlər müəllifidi. Onlardan az bir qisminin Arşın mal alanın, O, olmasın, bu olsunun, Koroğlunun, Sənsizin, Sevgili cananın, Arazbarının adını çəkmək kifayətdi. Bunlar öz yerində, onunla bağlı ən yaddaqalan hadisə hər il doğum gününün elliklə keçirilməsidi. Axı, həmin gün dünyəvi musiqimizin şəhadəti kimi qəbul olunub, təntənəylə qeyd edilir.

Növbəti təntənəni yaşayırıq. Yenə Üzeyir bəy musiqimizin başındadı. Amma mən nədənsə bu anda dahi sənətkarın yüz üç il qabaq qələmindən çıxmış bir yazını diqqətinizə yönəltmək istəyirəm. Mətbuatla bağlıdı oxuyanda ovqata uyğun musiqi qulağımızı qıdıqlayır. Buyurub, baxa qulaq asa bilərsiz. Üzeyir nəfəsini dərhal duyacaqsız.

Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli tövr oldusa bir firənglə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik, axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz bir altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desəydin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzet çıxır. Dedim, allahdan gizli deyil, səndən gizli olacaqdır: bu altı milyon müsəlmanın içində tək bircə dənə qəzet çıxır. Bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya kişini ilan dişlədi! üzəndə elə bir heyrət təəccüb əlaməti göstərdi ki, mənim özüm quruyub mat qaldım ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman! Bir gör sənin içində bircə dənə qəzet çıxması yad firəngə pis təsir elədi halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzet olması deyilmiş, çünki o məndən soruşdu ki, müsyö, indiyədək, təvarixdə, heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetin altı milyon müştərisi olsun!! Nujeli sizin bir dənə qəzetinizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... Dedi, nəyə gülürsünüz? Dedim, heç, onu deyirəm ki, qəzetimizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.

 

Dedi: Beş milyon?

Dedim: Bir qədər azdır.

Dedi: Dörd milyon?

Dedim: Bir qədər azdır.

Dedi: Üç milyon?

Dedim: Bir qədər azdır.

-İki milyon?

-Yox, azdır.

-Bir milyon?

-Yox, azdır.

-Beş yüz min?

-Yox, azdır.

...-Üç min?

-Yox, azdır.

- İki min?

-Yox, azdır.

-Bir min?

-Yox, bir az çoxdur.

-Bəs neçə?

-Min səkkiz yüz!

 

Bu sözü demişdim ki, gördüm rəfiqim tez bir fayton çağırıb, düz vağzala sürdürdü və o gedən firəng odu getdi. Bir neçə vaxtdan sonra firəngdən bir kağız aldım ki, içində bunu yazmışdı:

Altı milyon tayfanın içində bir dənə qəzet ola və o qəzetin də min səkkiz yüz müştərisi ola, o tayfadan heç bir yaxşı şey gözləmək olmaz, a molla!..

 

 

Seymur Elsevər

 

Mədəniyyət.- 2009.- 18 sentyabr.- S. 4.