Aşıq sənət nümunələri YUNESKO-nun mədəni irs siyahısına təqdim olunub

 

Uzun müddət idi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan aşıq sənətinin YUNESKO-nun mədəni və təbii irs siyahısına salınması istiqamətində fasiləsiz iş aparılırdı. Sevindirici haldır ki, bu günlərdə proses müvəffəqiyyətlə başa çatıb Azərbaycan aşıq sənəti ilə bağlı hazırlanan materiallar YUNESKO-ya təqdim olunub. Sənədlərin hazırlanmasında bilavasitə iştirak edən YUNESKO-nun Azərbaycandakı qeyri-maddi irs üzrə eksperti, Azərbaycan Milli Elmlər Akademiyasının memarlıq incəsənət institutunun ənənəvi musiqi, Azərbaycan xalq musiqisi tarixi nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi Sənubər Bağırova ilə söhbətimizdə mövzu ilə bağlı bu ya digər məsələlərə toxunduq.

 

- Sənubər xanım, Azərbaycan aşıq sənətinin YUNESKO-nun mədəni və təbii irs siyahısına salınması ilə bağlı proses hazırda necə gedir?

- Aşıq sənətini YUNESKO-nun təmsiledici siyahısına salmaq üçün müəyyən işlər aparılıb. Elmi təsvirlər, filmlərdən ibarət disklər b. nümunələr təşkilata təqdim olunub. Sentyabrın sonunda beynəlxalq dövlətlərarası komitənin yığıncağında YUNESKO öz qərarını verməlidir. Onu da qeyd edim ki, təmsiledici siyahıya müxtəlif ölkələrdən 111 namizəd irəli sürülüb. Bəzi ölkələr oraya daha çox nümunələr təqdim edib. Məsələn, Çin 50 növ qeyri-maddi irs nümunəsini təqdim edib.

- Məlumdur ki, 2003-cü ilin noyabrında YUNESKO-nun qeyri-maddi mədəni abidələrinin siyahısına muğam sənəti də salındı. həmin prosesdə siz yaxından iştirak etmisiniz. Ümumiyyətlə, abidələrin sözügedən təşkilatın siyahısına düşməsi üçün hansı tələblər yerinə yetirilməlidir?

- Bunun üçün qurumun öz tələbləri var. Daha doğrusu, müəyyən olunmuş bir forma mövcuddur ki, bütün işlər ona uyğun aparılmalıdır. Əvvəlcə hər abidənin əhəmiyyəti haqqında ilkin yazılı təqdimat hazırlanmalıdır. İlkin mərhələdə bu təqdimat yoxlanılır müzakirə olunur.

Məsələn, təşkilatın vacib hesab etdiyi həmin sorğu blankında müəyyən suallar var ki, onlara əhatəli, həmçinin konkret cavab yazılmalıdır. Elə suallar var ki, onun cavabı 1000 sözdən çox olmamalıdır və ya digər başqasına 500 sözdən çox olmayan cavab yazılmalıdır.

Aşıq sənəti kimi böyük bir mədəniyyət sahəsinin həm tarixini konkretləşdirmək, həm də barəsində qısa və əhatəli təsəvvür yaratmaq çətin idi. Məsələn, qurum tərəfindən suallar qoyulur ki, bu sənət canlı təcrübədə dərəcədə mövcuddur, necə yaşadılır, onun daşıycıları qədərdir, kimlərdir. Həmçinin sənətin daşıycılarının xarakteristikası, onların təsvirləri haqqında da məlumat verilməlidir. Bundan başqa, aşıq sənəti ilə bağlı film çəkilməli, fotoşəkillər olmalıdır. Nəticədə bir qovluq toplandı ki, ona da elmi, vizual sənədlər, audio-video disklər daxil idi. Bütün bunları hazırlamaq az deyildi. Bir məsələni xüsusi qeyd etmək istərdim ki, ilk dəfə aşıq sənətinin yayılma arealının xəritələrini mən hazırlamışdım. Bu vaxta kimi Azərbaycanda belə bir xəritə yox idi.

Qeyd etdiyiniz kimi, 2003-cü ildə muğam sənətinin YUNESKO-nun mədəni irs siyahısına salınmasında mən yaxından iştirak etmişdim. Daha doğrusu, sənədləri Fransa alimi Jan Dürinqlə birlikdə hazırlamışdıq. Təbii ki, 30 ildən çox muğamla məşğul olduğumdan mən bu sahəyə kifayət qədər bələdəm. O zaman muğamla bağlı film bir çox sənədlərin hazırlanması da mənim öhdəmə düşmüşdü. Bildiyiniz kimi, çəkilən zəhmət öz uğurlu nəticəsini verdi.

- Deməli, burada daha çox peşəkarlıq tələb olunur. Maraqlıdır, budəfəki prosesdə kimlər iştirak etdi qurum təmsilçiləri tərəfindən ilkin reaksiya necə oldu?

- Sənədlərin hazırlanmasında əsasən mən iştirak etmişdim. Eyni zamanda Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı da bir məsləhətçi kimi kömək edirdi. Bildiyiniz kimi, aşıq sənəti sinkretik sənət olduğundan özündə ədəbiyyatı, musiqini, ifaçılığı, şairliyi, musiqini, aktyorluğu, hətta dastançılığı birləşdirir. Ona görə hazırlanma prosesində Məhərrəm Qasımlı yaxından iştirak etdi.

Məsələnin digər tərəfinə gəlincə, prosedur qaydalarına uyğun şəkildə, əvvəlcə YUNESKO tərəfindən olan yoxlaycı komissiya bu sənədlərin keyfiyyətli olub-olmadığını süzgəcdən keçirir. Çünki bu komissiya rəy verdikdən sonra təqdim olunan mədəni irs növü onu millətlərarası komitəyə təqdim edir. Sevindirici haldır ki, YUNESKO tərəfindən ilkin təqdimat çox ürəkaçan oldu. Sənədlərin müzakirə olunmasında iştirak edən qurum təmsilçiləri hətta bizim yüksək rütbəli rəsmi şəxslərə demişdilər ki, onlar sənədlərin bu dərəcə yüksək səviyyədə peşəkarcasına hazırlanmasından çox təəccübləniblər.

İnanıram ki, müsbət nəticə əldə olunacaq. Əgər aşıq sənəti YUNESKO-nun mədəni irs siyahısına düşsə, bu bizim üçün çox əhəmiyyətli hadisə olacaq. O zaman aşıq sənətinin inkişafı tətbiqi üçün müxtəlif imkanlar yaranacaq.

- Mümkünsə, müxtəlif imkanlar ifadəsini bir qədər konkretləşdirərdiniz...

- Məsələn, muğam sənəti YUNESKO-nun mədəni irs siyahısına salındıqdan sonra cəmiyyətdə onun səviyyəsi, nüfuzu xeyli artıb. Məhz bu hadisədən sonra muğamla bağlı müxtəlif müsabiqələr keçirildi, ensiklopediya, disklər buraxıldı. Möhtəşəm Muğam Mərkəzi tikildi. Əgər aşıq musiqisi YUNESKO-nun mədəni irs siyahısına salınsa, onun nüfuzu artacaq. Eyni zamanda mən özüm bununla bağlı müəyyən layihələr hazırlamışam onları Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə reallaşdırmaq niyyətindəyəm. Düşünürəm ki, milli-mənəvi dəyərlərimizə böyük həssaslıqla yanaşan Mehriban xanım bu sahənin inkişafına hər cür dəstək verəcək. Onda aşıq sənətinə yeni nəfəs gələcək.

- Sənubər xanım, yeri gəlmişkən, soruşmaq istərdik ki, hələ 60-cı illərdə tanınmış Amerika folklorşunası Alan Lomaksı heyrətləndirən Azərbaycan aşıq musiqisi bu gün dünyada necə qarşılanır?

- Mən aşıqları Fransaya apardım. Onların Luvr muzeyində verdikləri konsert müvəffəqiyyət qazandı. Bu nailiyyətin nəticəsi olaraq Fransada aşıqların iki diskini buraxdım. İndi həmin disklər Fransa, Amerika, İngiltərə İtalyada əldən-ələ gəzir. Həmin ölkələrin qəzetlərində disklər haqqında müsbət rəylər çıxıb. İndi aşıqları İngiltərəyə aparmaq istəyirəm. Bu sənətə diqqət qayğı lazımdır. Belə olduqda bu qədim sənət çiçəklənəcək.

 

 

MEHPARƏ

 

Mədəniyyət.- 2009.- 25 sentyabr. S. 7.