Tarzən Əhsən Dadaşovun 80 illik yubileyi qeyd edilib

 

Beynəlxalq musiqi həftəsi çərçivəsində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında unudulmaz tarzən Əhsən Dadaşovun 80 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi sevimli müəllimi, Azərbaycan mədəniyyətinin iftixarı, fitri musiqi qabiliyyətinə malik olan görkəmli tarzən Əhsən Dadaşovun musiqi tariximizdə şərəfli yer tutduğunu bildirib.

 

1924-cü il sentyabrın 4-də Bakı şəhərində dünyaya göz açan Əhsən Dadaşovun gənclik illəri dahi bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan mədəniyyətində böyük işlərin həyata keçirildiyi bir dövrə düşüb. Ötən əsrin 20-ci illərindən Ü.Hacıbəylinin təşəbbüsü ilə not sisteminin xalq çalğı alətlərimizə tətbiqi, notlu xalq çalğı alətləri orkestrinin yaranması və digər bu kimi faktlar yeni ifaçı nəslinin yetişməsinə güclü təkan verib.

Belə bir şəraitdə sənətin sirlərinə yiyələməyə can atan Ə.Dadaşov musiqi təhsilini davam etdirmək üçün 1938-ci ildə Bakı Musiqi Texnikumuna daxil olub. Onun parlaq istedadı görkəmli bəstəkar dirijor Səid Rüstəmovun diqqətini cəlb edib. O, gənc tarzəni rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə işə götürür. Bununla da onun böyük sənətə gəlişi başlayıb. Səid Rüstəmov Ə.Dadaşova xüsusi qayğı göstərərək, bir sənətkar kimi formalaşmasında mühüm rol oynayıb. Nəticədə o, kollektivin yaradıcı simalarından birinə çevrilib. Onun 40 illik yaradıcılıq fəaliyyətinə nəzər salsaq görərik ki, Əhsən Dadaşovun bütün ömrü Azərbaycan xalqına, onun musiqisinə xidmətdə keçib. Ustad tarzənin qısa, lakin mənalı ömrünün yaradıcılıq dövrünü solist, müşayiətçi, orkestr ifaçısı, ansambl rəhbəri, bəstəçi, pedaqoq -müəllim mərhələlərinə bölmək olar.

Ustad tarzən heç vaxt özündən əvvəlki ifaçıları təkrar etməz, ifa etdiyi kiçik bir musiqi parçasına da yaradıcı yanaşardı. Odur ki, onun çalğısı ilk mizrabdan tanınırdı. Əhsən Dadaşov bəstəkar qəlbli sənətkar idi. O, musiqi folklorumuzu zənginləşdirən bir çox rəng, mahnı rəqs havaları bəstələyib. Rahab, Şur, Rast, Humayun, Segah rəngləri bu qəbildəndir. Onun bəstələdiyi bir çox mahnılar bu gün dillər əzbəridir. Hazırda mərhum sənətkarın adını daşıyan Xatirə xalq çalğı alətləri ansamblının ifasında milli mahnılarımız geniş şəkildə təbliğ edilir.

Əhsən Dadaşovun bir sıra ifaçıların yetişməsində, püxtələşməsində də əvəzsiz xidmətləri olub.

Gecədə əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəylinin Koroğlu operasından uvertüra səslənib.

Tədbir gənc ifaçıların geniş konsert proqramı ilə başa çatıb.

 

 

Turan

 

Mədəniyyət.- 2009.- 25 sentyabr.- S. 3.