HEYDƏR ƏLİYEV

 

Bakının küçələrindən biri və DİN-in Ali kursları bu gün Arif Heydərovun adını daşıyır. Xəzər dənizində "General Heydərov" tankeri üzür. Qeyd edək ki, Arif Heydərov küçəsi Heydər Əliyev prospekti ilə paraleldir. Onlar ölümlərindən sonra da yan-yanadırlar. Akademik Primakov bizimlə söhbətində Heydər Əliyevlə bağlı fikirlərini belə açıqlayır:

- Şübhəsiz ki, o, dahi şəxsiyyət idi. Azərbaycan üçün Heydər Əliyev çox iş görüb. Onunla Gürcüstanın birinci katibi Eduard Şevardnadze arasında üstüörtülü bir rəqabət gedirdi və bu yarışmada Heydər Əliyev, onun rəhbərlik etdiyi Azərbaycan şəksiz qələbə qazanırdı. Çünki Heydər Əliyev daha intizamlı, inadkar və təşkilatçılıq baxımından çox mütəşəkkil bir rəhbər idi.

Mən Heydər Əliyevlə tez-tez görüşürdüm, - deyə hal-hazırda Rusiyanın Sənaye-Ticarət Palatasının prezidenti olan Yevgeni Maksimoviç Primakov söhbətinə davam edir. - Bir dəfə hətta üç gün onun yanında, Mərdəkanda istirahət də etmişəm. Biz dənizdə çimir və söhbət edirdik.

-Yəqin ki, dənizdəki fırtına haqqında, dalğaların necə nizamla sahilə can atmaları barədə danışmırdınız?

- Təbii ki, - Yevgeni Maksimoviç gülümsünür, - bu söhbətlər dövlətlərin taleləri haqqında, yüksək vəzifəli kadrlar, Azərbaycan və ümumiyyətlə, SSRİ barədə idi.

Primakovla Əliyevin açıq söhbət etmək üçün məhz dəniz sahilini seçmələri də aydındır. Azərbaycanda deyirlər ki, hətta divarların da qulaqları var. Xəzər isə nə xəbərçilik eləyəcək, nə satacaq, nə də rəsmi məlumat yazacaq.

- Əlbəttə, Heydər Əliyeviç o vaxt heç də hər məsələ barədə fikirlərini açıq demirdi, amma məsələlərə münasibətlərimizi açıq şəkildə biri-birimizə bildirirdik. Heydər Əliyev proqressiv adam idi və bu proqressivlik onda ciddi tələbkarlıqla vəhdətdə özünü büruzə verirdi. Bu düzgün yoldur və mən də bunu şübhə altına almıram. O, özündə demokratizmlə sərt nizam-intizamı birləşdirirdi. Onun rəhbərliyi dövründə Azərbaycan həm iqtisadi, həm də sosial sahələrdə böyük dəyişikliklərə imza atdı. Məlum məsələdir ki, bu dəyişikliklər, bazar qanunları ilə yox, qəbul olunmuş planlı təsərrüfat qaydalarına uyğun həyata keçirilirdi.

Yevgeni Maksimoviç xatırlayır ki, bir dəfə Heydər Əliyevin keçirtdiyi müşavirə onu heyrətə gətirmişdi. Bakıdan Moskvaya uçmamışdan əvvəl Heydər Əliyev MK-nın büro üzvlərini aeroporta yığmışdı.

- Məni heyran edən onun qoyduğu tapşırıqların səhihliyi idi - qışqırıqsız, hay-küysüz, söyüşsüz. Hərçənd ki, danlanmağa əsas verən bir-iki adam vardı. Lakin bu cəhətdən Heydər Əliyeviç səbrli, təmkinli idi. Eyni zamanda, məsuliyyətsiz kadrları çox sərt sorğu-suala tutmağı, danlamağı da bacarırdı. Xudahafizləşəndə bircə kəlmə dedi: "Qayıdıb yoxlayacağam". İndi hünərin var onun dediyini yerinə yetirmə.

Qoy ədalət zəfər çalsın

18 oktyabr 1981-ci ildə Moskvada dərc olunan "Literaturnaya qazeta"da Sov. KP MK Siyasi Bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə müsahibə dərc olunmuşdu. Müsahibə aşağıdakı başlıq altında verilmişdi: "Qoy ədalət zəfər çalsın". O illərin ən populyar qəzetlərindən birinə çevrilmiş "Literaturnaya qazeta"nın bu nömrəsi əldən-ələ ötürülürdü. Həmin müsahibə bu gün də öz aktuallığında qalmaqdadır.

- Heydər Əliyeviç, sovet ictimaiyyəti yaxşı bilir ki, Azərbaycan SSR son iki beşillikdə iqtisadiyyat, sosial və mədəni yaradıcılıq sahəsində diqqətəlayiq müvəffəqiyyətlər qazanmışdır. Bu müddətdə sənaye istehsalının həcmi 2,2 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,1 dəfə artmışdır. 1970-1979-cu illər ərzində sənaye istehsalının ümumi həcmi 1945-ci ildən 1969-cu ilədək olan bütün dövrdəkindən 1,3 dəfə çox olmuşdur.

Bu müvəffəqiyyətlər xeyli dərəcədə respublika Kommunist Partiyasının və Hökumətinin Azərbaycanda mənəvi-psixoloji iqlimi sağlamlaşdırmaq uğrunda qətiyyətli mübarizəsi ilə əlaqədardır. Sov. İKP MK-nın oktyabr (1964-cü il) plenumundan sonra partiya həyatının Lenin normalarının, rəhbərliyin Lenin prinsiplərinin inkişaf etdirilməsi və bunlara ciddi riayət edilməsi ölkəmizin həyatında mühüm amil olmuşdur.

"LQ"yə gələn məktublarda oxucular Azərbaycan kommunistlərinin əməli fəaliyyəti nümunəsi əsasında sosialist həyat tərzini təkmilləşdirməkdə sovet qanunçuluğunun rolu və əhəmiyyəti barədə söhbət açmağı xahiş edirlər.

- Bəli, Sov. İKP MK-nın oktyabr (1964-cü il) plenumu partiyanın və ölkənin həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. Bizim respublikamızda bu plenumun nəcib təsiri Azərbaycan partiya, sovet və təsərrüfat orqanlarının fəaliyyətində 50-60-cı illərdə yığılıb qalan nöqsanların aradan qaldırılması prosesinin, saysız-hesabsız sui-istifadə faktlarına, kommunist əxlaqının antipodlarına qarşı mübarizə prosesinin başlandığı 1969-cu ildən sonra xüsusilə aydın hiss edilmişdir.

Mənə elə gəlir ki, respublikada qanunçuluğun bərpa edilməsi və möhkəmləndirilməsi "Literaturnaya qazeta" oxucularını məhz geniş mənada maraqlandırır. Hərçənd bizdə gurultulu ifşalar da olmuşdur, adları illər uzunu toxunulmaz sayılan və qanundan üstün tutulan adamlara şiddətli cəza da verilmişdir. Yeri gəlmişkən deyim ki, burjua şərhçilərini hər şeydən çox məhz bu cəhət maraqlandırır. Kommunist Partiyası MK-sının avqust plenumundan, respublikanın həyatındakı ciddi nöqsanları Azərbaycan zəhmətkeşlərinə düzgün və açıq bildirən plenumdan düz on gün sonra burjua mətbuatı hay-küy qaldırmış və cinayət xarakterli sensasiyaların sorağında dayanmışdı.

Qeyd etmək istəyirəm ki, biz "qanunçuluq" deyəndə cinayət məcəlləsindən çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özü də bu baxımdan hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətdən, ləyaqət və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətləri, yüksək əxlaq prinsipləri tərbiyə edilməsindən gedir.

Azərbaycan partiya təşkilatının işi məhz belə bir mövqeyə əsaslanır və məhz bu mövqe böyük əksəriyyəti həyatda, əməkdə yüksək əxlaq prinsiplərini rəhbər tutan zəhmətkeşlər tərəfindən qızğın surətdə bəyənilmişdir. Lakin vəzifədən sui-istifadə, rüşvətxorluq, gözdən pərdə asmaq, halal zəhmətə xor baxmaq şəraitində kütlələrin təşəbbüskarlığı zəifləməyə bilməzdi, mənəvi narahatlıq hökm sürməyə bilməzdi - sonradan bu narahatlıq əhalinin bir çox təbəqələrində məyusluq, laqeydlik əhval-ruhiyyəsi doğurmuşdu. Azərbaycan iqtisadiyyatının orta İttifaq göstəricilərindən mütəmadi geri qalmasının başlıca səbəblərindən biri də elə bu idi. Biz xalqa kömək edib onda haqq-ədalətə, sosializm cəmiyyəti həyatının və bu cəmiyyətin idarə olunmasının Lenin prinsiplərinin sarsılmazlığına inam oyatmalı idik. Bu, çoxcəhətli bərpa işinin canıdır, zəncirin elə bir halqasıdır ki, ondan yapışaraq bütün zənciri çəkib çıxarmaq mümkün idi. Ağır, çətin proses idi. Mən "idi" sözünü heç də ona görə demirəm ki, indi vəziyyət idealdır, ona görə deyirəm ki, bu prosesin pozulmazlığı real həqiqətə çevrilmişdir. Son on ildə iqtisadiyyatın, mədəniyyətin əsaslı yüksəlişi, sosial inkişaf buna sübutdur.

- Bəli, buna yol açmaq, çox ehtimal ki, asan deyildi. Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə lap yaxınlarda seçilmiş Dilruba camalova şəhərdə və rayonda indiki vəziyyətlə altmış doqquzuncu il ərəfəsində mövcud olmuş vəziyyətin adamı heyrətə gətirən fərqini bariz misallarla göstərdi. O bir müəllim kimi həmişə ictimaiyyətçi olmuşdur. Plenumlarda və fəallar yığıncaqlarında gurultulu mücərrədlik, döşünə döyüb əqidədən ağızdolusu danışan əqidəsizlərin riyakarlığı ikrah oyadırdı.

"Lənkəran rayonu partiya, sovet və təsərrüfat orqanlarının fəaliyyətində ciddi nöqsanlar haqqında" Azərbaycan KP Mərkəzi Komitəsinin yetmişinci ilin iyul qərarından sonra şəhər partiya komitəsinin birinci katibi İsa Əliyeviç Məmmədov, - o indi Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifəsinə irəli çəkilmişdir, - başda olmaqla büronun yeni heyətinin səmərəli fəaliyyəti sayəsində yaxşılığa doğru dönüş yarandı.

Başqa bir misal, Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi Feyruz Mustafayev bu rayonda işə raykomun keçmiş katibinin "fəaliyyəti" nəticələrini aradan qaldırmaq, yəni həm rayonun iqtisadiyyatını yüksəltmək, həm də həyat sərvətləri haqqında adamların yanlış təsəvvürünü düzəltmək lazım gəldiyi bir şəraitdə başlamışdı. O, az vaxt içərisində hər iki vəzifənin öhdəsindən gəlmişdir. Ən çətin rayonlardan biri respublikanın qabaqcılları sırasında yer almışdı.

Biz şəhərlərdə və kəndlərdə zəhmətkeşlərlə söhbət etdikdə hər yerdə səmimiyyətlə deyirdilər ki, müvəffəqiyyətlər yaxşı idarəetmə və səriştəli rəhbərliklə bağlıdır. Respublikanın həyatının özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq bilmək istəyirik ki, yerlərdə bu cür işçilər necə tapıldı?

- Belə işçilər həmişə olmuşdur. Mən əvvəllər də demişəm ki, əgər biz adamların böyük əksəriyyətinin namusla yaşayıb işlədiyinə inanmasaydıq və bunu dönə-dönə yəqin etməsəydik, heç bir dəyişikliyə nail ola bilməzdik. Amma di gəl ki, israfçılıq, səhlənkarlıq, gözdən pərdə asmaq üzündən çox vaxt onların əməyi zay olurdu. Prinsipial, namuslu kadrlar əksər hallarda irəli çəkilmirdilər, onlara qabiliyyətinə uyğun iş verilmirdi.

Siz indiki rəhbər işçilərdən bir keçmiş müəllimənin adını çəkdiniz, bir də çoban nəslindən olan keçmiş çobanın. Mən Mustafayev yoldaşı nəzərdə tuturam. Onun irəli çəkilməsi son illərdə Azərbaycan üçün səciyyəvi haldır. Sovxozun çobanı, uçotçusu, mühasibi, partkom katibi və direktoru, sonra trest müdiri, daha sonra raykomun birinci katibi. Özü də bioqrafiyasının hər mərhələsində mükafata layiq görülmüşdür. Sosialist Əməyi Qəhrəmanıdır, partiyanın XXVI qurultayının nümayəndəsidir.

Mən rəhbər vəzifələrdə fərasətsiz, nadürüst, təsadüfi adamların yaxşı təşkilatçılıq qabiliyyəti, yüksək mənəvi keyfiyyətləri olan bacarıqlı, fədakar adamlarla əvəz edildiyinə dair çoxlu misal gətirə bilərəm. Ən əhəmiyyətli cəhət isə budur ki, biz fəhlələri, kolxozçuları rəhbər vəzifələrə cəsarətlə irəli çəkirik. Dəniz neft mədənləri idarəsinin buruq ustası, Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynov iki ildir ki, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir; qabaqcıl fəhlə, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmov Mingəçevir toxuculuq kombinatındakı toxuculuq dəzgahı başından Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdir; sovxoz briqadiri Təhmasib İbrahimov Lənkəran Şəhər Partiya Komitəsinin katibi seçilmişdir; inşaatçılar briqadiri İlyas Quliyev respublikanın ikinci böyük şəhəri olan Kirovabadın xalq deputatları Soveti icraiyyə komitəsinin sədri seçilmişdir. Üstəlik, hamısı göstərilən etimadı doğruldur.

Biz kadr hazırlığına xüsusi əhəmiyyət veririk. Buna görə də təsadüfi deyil ki, iqtisadi və sosial-mənəvi sahələrdə qayda yaratmaqla bərabər, ali məktəblərə də əl atdıq. Ali məktəblərin işinə Kommunist Partiyası MK-sının fəal surətdə qarışması ona görə vacib idi ki, professor-müəllim heyəti arasında rüşvətxorluq, proteksionizm, qohumbazlıq geniş yayılmışdı. Bu vəziyyət ali təhsilli kadrlar hazırlığı işinə ciddi xələl gətirmiş və gənclərin tərbiyəsinə çox böyük mənəvi ziyan vurmuşdu.

Biz belə bir vəziyyətlə də üzləşdik: ayrı-ayrı ali məktəb müəllimləri, rəhbər işçilər öz övladlarını ali məktəblərə "valideyn" ixtisasları üzrə düzəltməyə çalışırdılar. Biz bu cür hərəkətləri məhdudlaşdırmalı olduq. İnzibati orqanların işçilərinin övladlarını dövlət universitetinin hüquq fakültəsinə götürməyi isə tamamilə qadağan etdik.

- Deməli belə! Heydər Əliyeviç, axı, məlum bir aforizmdə "Tanrı dahilərin övladlarını dahi xəlq eləməyib" deyilsə də, ziyalı nəsilləri həmişə olub və olacaqdır. Axı, bizdə sovet ziyalı nəsilləri indi-indi çoxalmağa başlayıb. Ailənin mənəvi marağı mühitində böyüyən uşağın öz babalarının, atalarının işini davam etdirməsi məgər pisdir?

- Biz sizinlə müxtəlif şeylərdən danışırıq. Gəlin müzakirəmizin mövzusunu dəqiqləşdirək. Ziyalını səciyyələndirən ən əvvəl nədir? Ali təhsil diplomu, yoxsa elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir. Yeri gəlmişkən deyim ki, Rusiya tarixində ziyalıların faciəli aqibətinə dair misallar çoxdur; silk sədləri qoymurdu ki, bu ziyalılar xalqa sərbəst xidmət etsinlər, onların işlərinin istedadlı davamçıları olsun. Onlar bu sədləri öz imkanları daxilində aşıb keçirdilər. canlarının hayına qalmayaraq, mədəniyyət yaymaq kimi bir məramla "xalq içinə" əldən-ayaqdan uzaq qəzalara, çarizmin milli ucqarlarına gedirdilər. Övladlarında onların işini davam etdirmək qabiliyyəti görəndə özlərini xoşbəxt sanırdılar. Bəli, işinin! Belə bir qabiliyyət görməyəndə isə övladlarını elə sahəyə yönəldirdilər ki, öz şəxsi imkanlarından istifadə edib özlərinə və xalqa daha çox fayda verə bilsinlər. Çünki onlar nəslin şərəfini yüksək tuturdular, övladlarını, müasir dillə desək, naqislik kompleksindən qoruyurdular.

Bizim dövrümüzdə, cəmiyyətə, fəhlə-kəndli dövlətinin mənafeyinə sərbəst xidmət etmək yolunda bütün maneələrin dağıdılıb məhv edildiyi bir zamanda isə bəzən elə diplomlu meşşanlar ortaya çıxır ki, xalq etimadından, xalq pulundan özlərinin xeyrinə istifadə edirlər.

Övladlarını, nəvələrini, qohum-əqrəbasını öz kafedrasına, laboratoriyasına, institutuna düzəldən, üstəlik, qabil olsalar da, olmasalar da dissertasiya hazırlamağa, elm pillələri ilə yuxarı qalxmaq üçün onlara imtiyazlı şərait yaradan professorlara, hətta akademiklərə ziyalı deməyə adamın necə dili gələr?

Hüquq fakültəsinə gəlincə, burada da bizim qərarımız sağlam olmayan bir meyllə bağlı idi. Biz aşkara çıxarmışdıq ki, bu fakültəyə qəbul olunan tələbələrin böyük əksəriyyəti milis, prokurorluq, məhkəmə, hüquq kafedraları, partiya və sovet orqanları işçilərinin balalarıdır. Əsasən sui-istifadə ilə əlaqədar olan belə bir vəziyyət, daha artıq dərəcədə isə onun zərərli nəticələri, inzibati orqanların tərkibində bir növ qohumbazlıq və "irsiyyət" şəraitinin yarada biləcəyi təhlükə bizi narahat edirdi.

Mən həmin təhriflərin əleyhinə çıxanda ilk vaxtlar qulağıma belə sözlər gəlib çatırdı ki, bəs bu cür sərt tədbirlər nəyə lazımdır, axı, həkim, müəllim, hüquqçu, alim nəsilləri olmuşdur - baba, ata, oğul Bəs nə üçün indi bunu qadağan edirik? Bu suala cavabım belədir: bəli, olmuşdur və ola da bilər, yalnız yüksək mənəviyyat zəminində, yalnız istedada görə. Şahmatçı, neftçi, poladəridən, taxılçı sülaləsinə mənim dərin hörmətim var və bu sülalələri yüksək qiymətləndirirəm. İşə namuslu münasibətə əsaslanan varislik nəsillərdə əsl ziyalı keyfiyyətləri yaradır - həm fiziki, həm də əqli əmək adamlarında.

Leonid İliç Brejnevin indi bütün sovet xalqı tərəfindən böyük maraqla oxunan "Xatirələr"ində nəsildən-nəslə keçən bu cür ziyalılıq, ailə şərəfi nümunəsi verilmişdir: "Hər zaman olduğu kimi Brejnevin anası ilə tanışlıqdan öz məqsədləri üçün istifadə etmək istəyən adamlar da, hər cür şikayət və ərizələri "yerinə" çatdırmaq üçün ona zorla verməyə çalışırlarmış. Deməliyəm ki, onun ağlına və nəzakətinə, çox böyük təvazökarlığına mat qalmışam. Anam bu barədə mənə heç nə demirdi, kənardan, başqalarından eşidirdim. Belə hesab edirdi ki, mənim işlərimə qarışmağa ixtiyarı yoxdur. Xatirini nə qədər əziz tutduğumu, onu nə qədər sevdiyimi bilirdi, amma bunu da bilirdi ki, əgər xahişinə əsasən kiməsə, məsələn, mənzil işində kömək eləsəm, deməli, başqalarının, anama ağız açmağı ağlına gətirməyən və ya buna imkan tapmayan adamların hesabına etmiş olacağam. Həmin adamların isə köməyə, bəlkə də, daha çox ehtiyacı var".

Brejnev yoldaşın kitabları bizim hamımıza sosializm işinə sədaqət hissi, öz fikir və əməllərimizi ən yüksək meyarla, kommunist ideyalılığı meyarı ilə ölçmək bacarığı aşılayır, hər kəsi öyrədir ki, gündəlik həyatında, əməli işində cəmiyyət qarşısındakı vətəndaşlıq məsuliyyətini həmişə yadda saxlasın

Hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə. Bu, sosializmin qanunudur. Lakin bir halda ki, həmin qanun təhrif edilir, biz vəziyyəti düzəltmək üçün sərt tədbirlərə əl atırıq. Beləliklə, ziyalı ailələrinin ənənələri yox, "əl əli yuyar, əl də üzü" kimi qarşılıqlı himayədarlığa əsaslanan ailəçilik, proteksionizm və qohumbazlıq zərbəyə məruz qalır. Biz bunun kökünü kəsəcəyik. Bilmək istəsəniz, elə bu özü problemə məhz sinfi münasibətdir

- Lakin bunlar heç də yerli xüsusiyyətlərdən doğan qüsurlar deyil. "Tifilinin qeydinə qalıb" onu "nüfuzlu" instituta düzəltməyə, övladının can-başla işləmək qabiliyyətinə malik olmadığını yaxşı bilə-bilə onun üçün "isti" yer tapmağa cəhd göstərən valideynlər çoxdur. Bu, əsl bəladır. Belə cavanlara "atabalası" deyirlər. Bir söz kimi yazılır. Bəlkə də qanunla ümumi ciddi tələblər müəyyən etmək lazımdır

- Mən də həmin bəladan danışıram. Amma qanun çıxarmaq Əlavə bir qanun nəyimizə gərəkdir? XXVI qurultayda deyildiyi kimi, bizdə yaxşı qanunlar az qəbul edilməmişdir, məsələ onların dəqiq və sözsüz həyata keçirilməsindədir. Hər hansı qanun yalnız o zaman yaşayır ki, yerinə yetirilsin - özü də hamı tərəfindən və hər yerdə.

Konstitusiya var, kommunizm qurucusunun əxlaq kodeksi var, vətəndaşlıq borcu var, sovet həyat tərzinin mənəvi prinsipləri var. Konkret praktika da bütün bunların əsasında yaranır.

Məsələn, biz bağ binaları tikməyi, şəxsi avtomobil almağı, alimlik dərəcəsi üçün dissertasiya müdafiə etməyi rəhbər partiya işçilərinə və vəzifəli şəxslərə qadağan etməyə məcbur olmuşuq

- Üzr istəyirəm, Heydər Əliyeviç, biz ki qanunçuluqdan danışırıq! Bu isə, mülayim desək

- Mülayim sözlər axtarmayın. Bəli, bu, iradi qərardır. Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi mən təklif etdim, həmkarlarım razılaşdılar.

60-cı illərdə Bakıda bağ binaları tikintisi geniş miqyas almışdı. Kim tikdirirdi? Əsasən rəhbər işçilər, ziyalılar. Nəticəsi nə olmuşdu? Bir çox hallarda sui-istifadə: müəssisə və tikintilərin texnikasından, nəqliyyat vasitələrindən, inşaat materiallarından, işçi qüvvəsindən qanunsuz istifadə edilməsi. Üçtəlik, bağ binaları tikilməsi xüsusi mülkiyyətçilik psixologiyasının, fərdiyyətçilik əhval-ruhiyyəsinin dirçəlməsinə təkan verir, ictimai borcun yaddan çıxarılmasına səbəb olur. Biz bəzi rəhbər işçilərə şiddətli cəza verdik, hətta partiyadan da xaric etdik. Bağ binaları tikintisini qadağan etməyimizdən heç kim zərər çəkmədi, cəmiyyətə isə bunun xeyri oldu. Zavod direktoru üçün bağ yox, zavodun bütün kollektivi üçün pansionat, profilaktoriya. Biz, bax bunu əsas götürürük. Son illərdə bu cür pansionatlar, istirahət evləri, - o cümlədən rəhbər heyət üçün, - az tikilməmişdir. Respublika ictimaiyyəti bizim tədbirlərimizi bəyənmişdir.

Fərdi avtomobillər almanın qadağan edilməsi avtomobil alveri faktları ilə əlaqədardır. Həm də belə faktlar çoxalmışdır. Biz avtomobil alıb-satmaq üstündə də bir çox məsul işçiləri cəzalandırmalı olduq.

Mən təcrübəmizi kor-koranə götürüb tətbiq etməyi məsləhət görmək fikrindən uzağam. Belə qərarları biz özümüzdə yaranmış kəskin vəziyyətə uyğun olaraq qəbul etmişik. Rəhbər işçilərin adına az da olsa ləkə düşməməlidir.

- Bəs alimlik dərəcələri! Axı, biz həmişə cəmiyyəti elmi qaydada idarə etmək zərurətindən danışırıq. Əgər partiya işçisi və ya nazir həm də alimdirsə

- Güman edirəm ki, şairin çox riyakarlıqla, lakin dəqiq şəkildə dəyişdirilmiş misralarına bələdsiniz: "Alim olmaya da bilərsən, amma namizəd olmağa borclusan". İndi biz elmsiz keçinə bilmərik. Kim idarəetmə ilə məşğul olursa, elmlərin, xüsusilə ictimai elmlərin əsaslarına yiyələnməlidir. Üstəlik, öz əməli fəaliyyəti ilə elmə töhfə verməli, cəmiyyətdə cərəyan edən hadisələri təhlil etməyi və bir anlıq qərarlar deyil, dərin qərarlar qəbul etməyi bacarmalıdır. Biz bütün rəhbər işçilərdə bu keyfiyyətlərin olmasını istəyirik. Azərbaycan KP Mərkəzi Komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri Əfrand Firudinoviç Daşdəmirov sizinlə üzbəüz əyləşib. Hələ qırx yaşı yoxdur, amma fəlsəfə elmləri doktorudur, professordur. MK aparatına alim kimi gəlib və öz partiya işini elmi işlə əlaqələndirir. Bu, bizə fayda verir. Hər bir qaydanın əsaslandırılmış istisnaları da var. Yoxsa qayda ehkama çevrilər.

Lakin Sumqayıt Şəhər Partiya Komitəsinin keçmiş birinci katibi Balakişiyevin texnika elmləri namizədi alimlik dərəcəsi almasını əsla normal vəziyyət hesab etmək olmaz. Axı, o, partiya işinə keçməzdən əvvəl elmi tədqiqatla məşğul olmamışdı, heç mühəndis də işləməmişdi, ömründə istehsalatda çalışmamışdı. Buna görə də yoxlamanın nəticələri təəccüb doğurmur. Bu nəticələr oyanan şübhəni təsdiq etmişdir: Balakişiyev əslində dissertasiyanın müəllifi olmamış, özgə əməyindən istifadə etmişdir. Balakişiyev sovet alimi adına yaraşmayan hərəkətlərinə görə SSRİ Ali Attestasiya Komissiyasının 1981-ci il 12 avqust tarixli qərarı ilə alimlik dərəcəsindən məhrum edilmişdir. Daha əvvəl Balakişiyev işdəki ciddi nöqsanlarına görə vəzifədən götürülüb sıravi işə göndərilmişdir.

Lakin bu, yeganə hadisə deyildi. 60-cı illərdə rəhbər işçilər arasında alimlik dərəcəsi almağa aludəçilik dəb düşmüşdü. Biz belə bir nəticəyə gəldik ki, bunun nə elm üçün əməli faydası var, nə də partiya, dövlət fəaliyyəti üçün. Zərəri, mənəvi ziyanı isə çoxdur. Rəhbər işçilər öz vəzifələrindən sui-istifadə edirdilər, alimlərin sıraları isə zibillənirdi. Qadağan etməyimizin səbəbi bax budur.

 

 

Mərkəz.- 2010.- 29 oktyabr.- S. 10-11.