20-ci əsrin «Koroğlu»su

 

Milli Qəhrəman Koroğlu Rəhimov haqqında film çəkilib

 

Dünən Kinematoqrafçılar İttifaqında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Koroğlu Rəhimova həsr olunanƏbədiyyətə qovuşan Koroğlusənədli filminin təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən film təqdimatından öncə milli qəhrəmanın oğlu Samir Rəhimov atası haqqında söz açdı.

Atasının xatirəsinə göstərilən dövlət qayğısından razılıq edən S. Rəhimov eyni zamanda, atası ilə öyündüyünü, qürur hissi keçirdiyini dilə gətirdi. Ekran işinə gəlincə, «Koroğlu» sənədli filmi Etibar Məmmədovun ssenarisi əsasında, və rejissor yozumunda ərsəyə gəlib. 40 dəqiqəlik filmdə milli qəhrəmanın keçdiyi qısa, lakin şərəfli həyatdöyüş yolu öz əksini tapıb. Qeyd edək ki, Koroğlu Rəhimov 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə ordu sıralarına çağırılan gənc hərbi xidmətini Almaniyada başa vurub. Əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri Zavodunda başlayan Koroğlu könüllü cəbhəyə gedib və 1992-ci il martın 17-də öz arzusuyla Azərbaycan Milli Ordusu sıralarına yazılıb. 1992-ci ildə o, «N» saylı hərbi hissədə 2-ci motoatıcı böylüyün komandiri təyin olunub. Gənc döyüşçü öz arzusuyla Qarabağın qızğın döyüş gedən cəbhə bölgəsinə yollanıb. Goranboy rayonunun Buzluq, Santaz, Erkəs kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsl qəhrəmanlıq göstərib.

Həmin döyüş zamanı çoxlu sayda düşmən məhv edilib, bir neçəsi əsir götürülüb, xeyli döyüş sursatı ələ keçirilib. Daha sonra qəhrəman komandir Başkənd, Madaqız, Gülüstan kəndlərini düşməndən xilas edib. 1992-ci il iyulun 3-də Koroğlunun komandiri olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu, Koroğlunun son döyüşü olur. Döyüşə-döyüşə qəhrəmancasına həlak olan Koroğlunun ölüm xəbəri hamını sarsıdır. Bakıda Şəhidlər Xiyabanında uyuyan şəhid ölümündən iki il sonra prezident Heydər Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb. Real həyat həqiqətlərindən bəhs edən film təqdimata gələnləri, kövrəltdi. Qeyd edək ki, təqdimat mərasimində həmçinin, Milli Qəhrəman haqqında nəşr olunan «Koroğlunun Ağdərə səfəri», «Əbədiyyətə qovuşan Koroğlu», «20-ci əsrin Koroğlusu» adlı kitablar, eləcə də təqvim və bukletlər nümayiş olundu.

 

 

Mərkəz.- 2010.- 20 yanvar.- S. 11.