«Oxucu bədii mətnə, əsərə qarşı qəddar və amansızdır»

 

Müsahibiım yazıçı, şair Əjdər Oldur. Əjdər Ol ədəbiyyata ötən əsrin 80-ci illərinin əvvəllərində şeirlə gəlib, istedadlı şair kimi tanınıb. Ancaq ona məşhurluğu portret hekayələri və digər nəsr əsərləri gətirib. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Əjdər Ol I Milli Kitab Mükafatının qaliblərindən biridir.

Ədəbi camiədə kifayət qədər sevilən bu qələm adamı ilə iş gününün sonuna yaxın görüşdük. Ağır iş gününün yorğunluğuna baxmayaraq, Əjdər müəllimlə maraqlı və əhatəli söhbətimiz alındı. Şəxsi yaradıcılığı və ədəbiyyatımızda gedən proseslərdən danışıb, Milli Kitab Mükafatına və “Ən yeni ədəbiyyat” seriyasına münasibətini öyrəndik. Eyni zamanda, ədəbiyyatdakı cəbhələşmələr barəsində, Azərbaycan Yazıçılar Birliyinin və ona alternativ olan qurumların fəaliyyəti haqqında söhbət etdik. Bir yazıçının toxunacağı bir çox mətləblərə aydınlıq gətirdik.

- İstərdim ki, sizinlə əsasən müasir ədəbi prosesdən danışaq. Öncə bir yazıçı kimi müasir ədəbi prosesləri dəyərləndirib, Azərbaycan ədəbiyyatında gedən proseslərə münasibət bildirərdiniz...

- Azərbaycanda ədəbi proses hər zaman gur və qaynar şəkildə inkişaf edib. Bizdə həmişə ədəbiyyata meyl, ədəbi sözün qüdrətinə inam olub. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində, 2000-ci ilə qədər müəyyən sönüklük dövrü, boz dövrdür. Bu dövrdə professionallar bir qədər geri çəkildi. Bu zaman bütün dövrlərdə olduğu kimi, həvəskarlar daha çox önə keçdilər. Ədəbiyyat həvəskarları geniş miqyasda hücuma başladı. Zamanında əsərlərini çap etdirə bilməyən, ədəbiyyata şöhrət xatirinə gələn, eyni zamanda, kitab çap etdirməyə imkanı olan insanlar başladılar qalın-qalın, kərpic-kərpic kitablar çap etdirməyə. Uzun müddət bu cür kitablar çap olundu. Mən hərdən şükür edirəm ki, bu cür kitablar çap olunub qurtardı və bu cür insanlar meydandan çıxdı. Bu insanlar dərk elədilər ki, ədəbiyyat sadəcə kitab çap etdirməklə məhşur olacaq yer deyil. Çünki son nəticədə kitablar oxucuya təqdim olunur. Oxucu bədii mətnə və əsərə qarşı qəddar və amansızdır. Ola bilsin ki, görüşəndə oxucu səni xoş qarşılaya bilər. Amma ürəyinə yatmayan, onun tələbatına cavab verməyən, onu mənən doydurmayan əsərə oxucu “hə” demir. Bu təbiidir.

- Ümumiyyətlə bizdəki ədəbi prosesin özünü necə izah edərdiniz?

- Ədəbi proses sel kimidir. Sel zamanı su çox bulanıq olur. Üzərində çör-çöp də gətirir. Proses çox qarışıq bir məsələdir. Bizdən əvvəlkiləri, klassikləri bizə qədər seçiblər. Artıq klassik dediyimiz insanlar hazır mənbələrdir, biz bunları oxuyuruq, dəyərləndiririk və qidalanırıq. Müasirlərimizi seçmək isə bizim boynumuza düşür. Biz müasirlərimizi seçməli, oxumalı, araşdırmalı və saf-çürük eləməliyik. Bu da çox vaxt aparan bir məsələdir. Prosesi təhlil eləmək üçün yaxından bu məsələ ilə maraqlanmaq, daimi olaraq diqqətdə saxlamaq lazımdır. Yazarlarla münasibət son dərəcə sıx olmalıdır ki, prosesi dəyərləndirə biləsən. Mən özümüzdə olan ədəbi prosesi çox yüksək qiymətləndirirəm. Bizdə namusla çalışan, ədəbi qeyrəti olan yazıçılar var. Təbii ki, belələrinin sayı çox deyil. Təxminən 60-70 nəfər yaxşı qələm adamı var. Hərənin müəyyən qədər xidməti var. Son vaxtlar Azərbaycanda prosesi qızışdıran, ona təkan verən tədbirlər həyata keçirilir. Azərbaycan Dövlət Mükafatı yenidən bərpa olunub. “Qızıl kəlmə” mükafatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilib və keçən il qaliblərə təqdim olundu. Bu il də bu müsabiqənin namizədləri açıqlanıb. Milli Kitab Müsabiqəsi keçən il keçirildi və bildiyiniz kimi, qaliblərdən biri də mənəm. Bütün sadaladıqlarım onu göstərir ki, ədəbi proseslər canlanır. Yeni əsərlər, kitablar üzə çıxır, şeirlər, romanlar, esselər, pyeslər yazılır. Yeni filmlər çəkilir. Son vaxtlar yazıçılarımızdan Sabir Rüstəmxanlının bir neçə romanı işıq üzü görüb. Bu romanlar daha çox bilimsəl əsərlərdir. Məktəblilər, gənclər üçün tariximizi, ədəbiyyatımızı öyrətmək üçün bu romanlar çox gözəldir. Seyran Səxavətin bir neçə romanı çap olunub və çox maraqlı əsərlərdir. Gənc nasirlərin xeyli maraqlı əsərləri çap olunub. “Qanun” nəşriyyatının “Ən Yeni Ədəbiyyat” seriyasından buraxdığı əsərlər də çox maraqlıdır. Bu seriyadan Pərvizin “Yad dildə” romanı, gənclərdən cavid Zeynallının “Günəşi gözləyənlər” romanı, Elçin Hüseynbəylinin çap olunan romanları, Nərmin Kamalın, Sevinc Pərvanənin, Rasim Qaracanın çap olunan kitabları prosesi əks etdirə bilər və mən bu əsərləri oxumuşam. Eyni zamanda, Həmid Herisçinin son dövrlərdə maraqlı kitabları çıxıb. Rafiq Tağının ayrı-ayrı nəşrlərdə çap olunan hekayələri və publisistik yazıları diqqət çəkir. Xeyli müəllif sadalamaq olar, çünki ədəbi mühitdə mənim oxumadığım adam yoxdur. Hamını bacardığım qədər izləyirəm. Əsasən istedadını qəbul etdiyim yazarları izləyirəm. İlk əsərlərini yazan gənc müəlliflərin əsərlərini oxumağa bəzən vaxt yetişmir. Sel kimi, ədəbi prosesin də bulanıqlığı var. Öncə də prosesi sellə müqayisə elədim. Doğurdan da belədir və hər kəsi izləmək, xüsusən də bütün gənc müəllifləri izləmək çox çətindir. Azacıq səs salan əsərləri, dişə vurmaq üçün bir şey olan əsərləri oxumağa çalışıram. Bəzən iki -üç səhifədən sonra o müəllif haqqında müəyyən fikrim yaranır. Bizim qələm adamı olmağımız öz yerində, eyni zamanda, həm də professional oxucuyuq axı. Təbii ki, mən dünya ədəbiyyatında gedən prosesləri izləyirəm.

- Hazırda Azərbaycan ədəbiyyatında baş verənləri yazıçı kimi necə dəyərləndirirsiniz?

- Azərbaycanda gedən ədəbi prosesdən danışırıqsa, Milli Kitab Müsabiqəsindən də danışmaq lazımdır. Bu il müsabiqə çox maraqlı şəkildə başlayıb, “iyirmilik” və “onluq” artıq məlumdur. “Onluğa” düşən romanlardan Paşa Qəlbinurun “Qara su” romanı çox maraqlı romandır. Bu romanda hadisələrlə düşünmək xətti var. “Qara su” məncə, çox az təbliğ olunduğu üçün oxuculara o qədər də tanış deyil. Lazımınca təbliğ olunmağa layiq və oxunmalı bir əsərdir. Bu mükafatın özü, tərtib olunan siyahıları hər dəfə oxuculara yeni kitablar təqdim etmək niyyəti güdür. Bir az da oxucuları istiqamətləndirmək, yol göstərmək üçün belə müsabiqələr, kitab bayramları Rusiyada və digər ölkələrdə də həyata keçirilir. Yaşlı və professional oxucular əsər tapmaqda çətinlik çəkmir. Gənc oxucular çaşqın halda nə oxumalı olduqlarını bilmirlər. Bəzən gənclər çox zəif kalitəli əsərlərin təsirinə düşür, təriflənən əsərlərə maraq göstərirlər.

Klassiklərlə müqayisədə biz bu əsrdə - yaşadığımız əsrdə çox güclüyük. Klassiklər yazdıqları ilə, kitabları ilə meydanda olduqları halda bizim həm kitablarımız, həm də özümüz meydandayıq. Kitabımıza, yazdıqlarımıza yiyəlik edirik. Bəzən klassiklərdən önə keçənlərimiz də olur. Bu müvəqqəti də ola bilər. Lakin son anda, sözün yaxşı mənasında, klassiklərin arxasında gizlənirik. Klassiklərdən qabağa keçmək üçün ciddi əsərlər, müəllifsiz yaşaya bilən əsərlər yazılmalıdır.

- 80-ci illərin əvvəllərində, Sovet dövrünün buzlarının əridiyi, demokratiya və yenidənqurmadan danışılan bir dövrdə ədəbiyyata şair kimi gəldiniz. Bəzi tənqidçilər “80-cilər” ədəbi nəslini “itirilmiş ədəbi nəsil” hesab edir. Siz isə şair kimi tanınıb sevildikdən sonra nəsrə keçdiniz. Ədəbi taleyinizi, ədəbi nəsildaşlarınızın yaradıcı taleyini necə dəyərləndirirsiniz?

- Düzdür, “80-cilər” ədəbi nəslini “itirilmiş ədəbi nəsil” hesab edirlər. Amma bu fikrin özü də bizə məxsus deyil. Bizdə işlənsə də, bu fikir bizə gəlmə fikirdir. Rus ədəbiyyatından gəlmə fikir hesab edirəm bu fikri. Çünki bu ifadə bizdə o qədər də özünü doğrultmur. Bizim ədəbi nəsil xoşbəxtdir ki, siyasiləşməyib, partiya və Lenin haqqında şeir yazmayıb.

- Amma o dövrdən çox az imza çıxdı...

- Bu da təbiidir. Hər zaman belə olur, silkələnir və cəmi 10% yazar çıxır hər onillikdən. Növbəti onilliyə çox az yazar qalır. Ədəbiyyatı, eyni zamanda, yüzilliyə də bölürük. Təbii ki, bu bölgü şərti bölgüdür. Keçən yüzillikdən bizə qalanları bilirik. Bunlar artıq bizim üçün istinadgah olur. Bu yüzillikdən də kimlərsə növbəti yüzilliyə qalacaq. Məncə, əsas yazmaqdır. Mən bütün janrlarda yazmışam, yazmağımı da davam etdirirəm. Mən təbiətim etibarı ilə də yenilikləri, dəyişiklikləri sevirəm. Göz önündə olan görüntülərin dəyişməsini xoşlayıram. Uşaqlıqdan dəyişikliyə marağım olub.

- Ancaq daha çox şeirlərinizlə tanınırdınız...

- Əlbəttə, mən ədəbiyyata şeirlə gəlmişəm. Özümü yenə də şair hesab edirəm. Daha doğrusu, şeir yazan hesab edirəm. Amma son illər nəsr daha çox çəkir məni. Bunu son kitabımın ön sözündə də yazmışam. Şeir bəzən çox çətin başa düşülür. Şeir rəmzlərlə, bənzətmələrlə, metrikayla bağlı olduğu, şeirin öz danışıq dili olduğu üçün şeiri insanlar bəzən çətin başa düşür. Demək istədiyin, konkret forma daxilində sıxışdırılmış fikirləri bəzən insanlar çətin anlayır. Füzuli də zamanında az başa düşülüb. Şeiri, poeziyanı ancaq xiridarlar, ədəbiyyatla, şeirlərlə maraqlanan insanlar başa düşüb. Puşkinin də şeirləri zamanında başa düşülməyib. Mən Puşkin haqqında oxuyanda bildim ki, onun kitabları öz zamanında 1000-1500 tirajla çap olunub. Nəsr insanlara daha yaxındır. Nəsrdə danışıq dili var. Nəsrdə oxucuya daha çox yol yoldaşlığı eləmək var. Hər halda şeir hamısından üstündür. Hisslərin presləşmiş bir forması kimi, şeiri oxumaq daha asandır. Kim nəyi yaxşı yaza bilirsə, onu yazmalıdır.

- Şeiri daha çox Allah vergisi kimi qəbul edənlər nəsri daha çox şəxsi istedadın və peşəkarlığın bəhrəsi hesab edirlər. Sizin ilk yaradıcılığınız şeir olsa da, Avropada daha çox tanınmağınız tərcümə olunan əsərləriniz nəsr yaradıcılığınızla bağlıdır. Bu nədən irəli gəlir? Siz daha çox istedadınıza güvəndyiniz üçün nəsrə müraciət edirsiniz?

- Şeirlə dünyaya açılmaq çətin məsələdir. Şeirin tərcüməsinə maraq yoxdur. Yalnız böyük ölkələrin, supergüclərin, böyük tarixi olan xalqların, imperiya yaratmış dövlətlərin ədəbiyyatından xəbərdar olmaq üçün şeirlər tərcümə olunur. Məsələn, Nizamini, Bayronu, Puşkini öyrənmək üçün tərcümə edirlər. Məsələ burasındadır ki, metrik şeirləri, forması, müəyyən ölçüsü, qafiyəsi olan şeirləri tərcümə eləmək istənilən effekti vermir. Tərcümə zamanı ikinci növ məhsul ortalığa çıxır. Mən son müsahibələrimin birində demişəm ki, mənim ümumiyyətlə marağım itib şeirlərimin hansısa dilə tərcümə olunmasına. Şeirin tərcüməsi şairin yox, tərcüməçinin istedadından asılı olan məsələdir. Tərcümə olunan şeir sənin deyil, çünki ona haram qarışır, belə deyək, başqa nəfəs qarışır. Mənim çox şeirlərim tərcümə olunub, rus dilində şeir kitabım çap olunub və mən buna çox ciddi bir məsələ kimi baxmıram. Nəsr dünyaya çıxmaq üçün yaxşı vasitədir. Çünki nəsr daha asan başa düşülür və oxucuyla ünsiyyətə girmək üçün gözəl vasitədir.

 

(davamı gələn sayımızda)

 

 

Cəlil CAVANŞİR

 

Mərkəz.-2011.-6 aprel.-S.10.