Qorxmaz kəşfiyyatçının son döyüşü

 

Etibar İsmayılovun ölümündən bizi 17 il ayırır. Bu illər ərzində onun doğulduğu Hindarx qəsəbəsində çox şeylər dəyişib. Lakin dəyişməyən bircə ona olan sevgi, məhəbbətdir. Kənddə hər gün əziz xatirəsi yad olunur, ölməz hünəri, qəhrəmanlığı ilə ürəklərdə yaşayır. Vaxtilə təhsil aldığı orta məktəbə qəhrəmanın adı verilib, məktəbin önündə isə büstü qoyulub. Səhər-axşam buranı ziyarətə dəstə-dəstə adamlar axışır. Bura qocalar da gəlir, məktəblilər də…

Kənd camaatı onu yana-yana xatırlayır. Dosta sədaqətli, xalqını, Vətənini sevən, bir sözlə, qeyrətli oğul idi, Etibar. Heyf, zalım ölüm onu aramızdan tez apardı. Bəlkə, yaşasaydı… Deyirlər, Allah öz istədiyi bəndəni tez qovuşdurur, haqq dünyasına.

Etibar Bəylər oğlu İmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulub. Ziyalı bir ailədə böyüyüb, tərbiyə almışdı. Orta məktəbdə oxuyarkən inşaat mühəndisi olmaq arzusundaydı. O, mütaliə etməyi çox xoşlayırdı. Mübahisəli məsələlər olanda elmə əsaslanıb danışardı. Bu da onun müsbət keyfiyyətlərindən biri idi. Ailə böyük olduğundan Etibar erkən yaşlarından əmək fəaliyyətinə başlamışdı. 1981-ci ildə orta məktəbi bitirdikdən sonra kənddəki Su Artezianları İstismarı İdarəsində işə düzəlmişdi. Çilingər işləyirdi. O, az müddətdə kollektivin dərin hörmətini qazanmışdı. Hərbi xidmət vaxtı çatanda ordu sıralarına yollanır. Etibar ikiillik əsgəri xidmətini başa vurub, doğulduğu qəsəbəyə qayıdır. Öz peşəsində əmək fəaliyyətini davam etdirir. İşə yenicə başlamışdı ki, ermənilərin torpaq iddiaları əvvəlcə Qarabağı, sonra isə bütün Azərbaycanı bürüdü. Kəndin qeyrətli oğlanları torpağın müdafiəsinə yollandılar. Həmin vaxtlarda Etibar da Vətənin dar günündə əlinə siah götürüb, düşmən üstünə yeriməyi özünə mənəvi borc bildi. O, 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edir, işğal olunmuş ərazilərin erməni tapdağından azad olunmasına çalışırdı. Elə ilk günlərdən onun şücaəti komandanlığın diqqətindən yayınmadı. Batalyondakı bir taqıma başçılıq etmək Etibara tapşırıldı. O, döyüşçü yoldaşlarını bir-bir nəzərdən keçirdi. Bir azdan bunlarla ürək-ürəyə, çiyin-çiyinə verib, döyüşə atılacaqdı. Elə ona görə də hamısıyla ayrı-ayrılıqda söhbət edib, tanış oldu. Orduya könüllü yazılmışdılar, hamısı da bir-birindən qorxmaz, cəngavər idilər.

Etibar doqquz nəfərdən ibarət kiçik bir dəstə ilə ilk dəfə kəşfiyyata göndərilmişdi. Bütün məsuliyyət onun üzərində idi. Onlar meşə ilə bir xeyli yol getməli oldular. Nəhayət, təpənin başına çatanda dayandılar. Buradan düşmənin mövqeləri açıq-aydın görünürdü. Kəşfiyyatçılar ehtiyatla lazım olan qeydləri götürüb, geri döndülər. Xoşbəxtlikdən heç bir fövqəladə hadisə baş vermədi. İki gündən sonra erməni silahlı birləşmələri texnikanın müşayiəti ilə güclü hücuma keçdilər. Etibar öz dəstəsi ilə mövqedə dayanıb, komandanın əmrini gözləyirdi. Bir azdan atəş açmaq əmri verildi. Döyüş bir saata yaxın davam etdi. Düşmən güclü müqavimətlə qarşılaşaraq geri çəkilməyə məcbur oldu.

O, Ağdamın Naxçıvanik, Şelli kəndlərinin müdafiəsində də xüsusilə fərqlənərək, döyüşçü yoldaşlarına şəxsi nümunə göstərdi. E. İsmayılov Ağcabədi özünümüdafiə batalyonu yaradılanda həmin batalyonda xidmətini davam etdirdi. Onlar Xocavənd rayonunun ərazilərindən hücumları dəf edir, şərait yarandıqda isə əks-hücuma keçərək, düşmənə sarsıdıcı zərbələr endirirdilər.

1994-cü il yanvar ayının 4-ü … Soyuq bir qış axşamı idi. Etibar bir dəstə kəşfiyyatçı ilə Xocavənd rayonunun Qarakənd istiqamətində mövqe tutan düşmənin arxasına keçmək və məlumat əldə etmək üçün tapşırıq almışdı. Onlar böyük çətinliklə düşmən postlarına yaxınlaşdılar. Birdən bir dəstə erməni ilə üz-üzə gəldilər. Atışma başladı. Bu vaxt qarşıdan bir düşmən tankı göründü. Əməliyyata yollanan kəşfiyyat dəstəsi mühasirəyə düşdü. Etibar vəziyyətin çıxılmaz olduğunu hiss edib, yoldaşlarına geri çəkilməyi əmr edir. Özü isə axırıncı qumbaranı əlində bərk sıxaraq düşmən tankının altına atılır… Onun bu qəhrəmanlıgı dildən-dilə düşdü.

Döyüş yoldaşlarını xilas etdiyinə və torpaqlarımızın müdafiəsi uğrunda misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

 

Vüqar ƏSGƏROV

AMEA-nın Respublika Xatirə

Kitabı Redaksiyasının redaktoru

 

Mərkəz.- 2011.- 14 aprel.-S. 15.