Qloballaşma və mədəniyyət

 

 (esse)

 

...Qloballaşmadan söhbət açan əksər tədqiqatçılar lokal (milli) sistemlərin qlobal (beynəlxalq) sistemlərə transformasiya olunmasının zəruriliyini göstərir və bunun üçün konkret layihə və modellər də təklif edirlər. Lakin artıq bizim qeyd etdiyimiz kimi, qloballaşma yalnız sırf texnoloji prinsiplərə əsaslanmayan və yalnız texniki vasitələrlə realizə olunmayan bir prosesdir. Qloballaşmada insan amilinin unudulması, əslində, baş verənlərə birtərəfli yanaşma kimi qiymətləndirilə bilər. Mənəviyyatsızlığın «bərqərar» olduğu mühitdə heç bir inkişafdan danışmaq olmaz. Cəmiyyət həyatının bütün ruşeymləri əxlaqla, mənəviyyatla bağlıdır. F. Bekon yazırdı ki, «mənəviyyatsız varlıqdan xali olan varlıq lənətlənmişdir».

Qloballaşmanın uğurunu və ya fəlakətini hiss edən region və qurumların hər biri adətən öz «prizmalarından» çıxış edir. İndi belə bir fikri də səsləndirmək olar ki, az qala, nəinki fərdlər, hətta dövlətlər belə, 2 cəbhəyə - qloballaşma tərəfdarlarına və antiqlobalistlərə bölünmüşlər. Bəs bu dövlətlər arasında «qlobal çatların» yaranmasının səbəbi və səbəblər toplusu nədir? Bizcə, məsələnin mahiyyəti daha çox inkişafın surəti və müxtəlif ölkələrin təsir dairəsi ilə bağlıdır. İqtisadi tempi yüksək olan ölkələr qloballaşma tərəfdarı kimi çıxış edir, zəif tərəqqi edən ölkələrsə qloballaşmanın «yeniliklərini» qəbul edə bilmir. Amma fakt budur ki, qloballaşma get-gedə insanların və ölkələrin həyatına sürətlə müdaxilə edir. İndi yəqin ki, ölkələr yeni universal sistemin - qloballaşmanın qarşısının alınması yox, onunla necə uzlaşmağın metodu barədə düşünməlidir. Qloballaşmanın sürəti elmin əvvəldən «gördüyü» prinsipin - təkqütblüyə doğru gedişinin həqiqiliyini təsdiqləməkdədir. Deməli, insan təkqütblü, qloballaşmaya «təslim olan» dünyada öz mövcudluğunu, yaşarlılığını təmin etmək üçün yollar aramalıdır. Yeni proseslərin intensivləşməsi sanki zamanlar arasındakı əlaqənin yeni düzənini yaradır; artıq zaman özünün «ənənəvi» mövcudluğunu qorumağa çətinlik çəkir, yeni çalarlar əxz edir. İnsanın fəaliyyəti zamana yeni vaxt «ölçüsu» diktə edir. Avqustin Blacenin eramızın 400-cü ilində yazdığı «Etiraflar» əsərində söylədiyi fikirlər, belə hesab edirik ki, bu gün üçün daha aktualdır: «…nə gələcək, nə də keçmiş mövcuddur və 3 zaman haqqında danışıb keçmiş, indi, gələcək - deyərkən, zamanı düzgün ifadə etmirlər; yəqin ki, belə ifadə etsəydilər, daha dəqiq olardı: indiki keçmiş, indiki gələcək».

Yeni mərhələdə zaman universallaşmanın (başqa sözlə qloballaşmanın) lokomativi kimi deyil, mühərriki kimi çıxış edir. Bu prosesdə insan təbiətlə mədəniyyət arasında canlı körpü rolunu oynayır.

İnsan (fərd) özünü dərk etdikcə, sosiumda baş verən ziddiyyəti proseslərin mahiyyətinə daha yaxından bələd olmağa çalışır. Lakin belə bir tezisi (paradiqapanı) unutmaq olmaz ki, özünüdərkin təşəkkülündə fərd yalnız özünü ətraf mühitdən ayırmır, habelə özünü - müəyyən, dəqiq deyilsə «konkret qrupun nümayəndəsi» hesab edir. Əslində qloballaşma prosesinin özü fərdin özünüdərkindən başlayaraq get-gedə daha geniş müstəviyə çıxır. Hətta bəzi alimlər gələcəkdə «kosmik sivilizasiyanın» (kosmik qloballaşmanın) baş verəcəyini iddia edirlər.

Müasir dünyada gedən qloballaşma - universallaşma prosesi nəticəsində bir çox hallarda nəinki qlobal problemlər çözülür, hətta əksinə, bəzən həmin problemlərin üstünə yeniləri əlavə olunur. Bizə elə gəlir ki, bəşəriyyətin mübtəla olduğu problemləri lokal prinsiplərlə həll etmək qeyri-mümkündür. Alimlərin bir çoxunun qeyd etdiyi kimi, «dünya qlobal sinergetizmə» istəklidir. Məhz elə bu səbəbdən də qlobalizasiyanın optimal strategiyası məhz sinergetizm prinsipləri əsasında müəyyənləşdirilməlidir. Bu strategiyanın idrakı, dünyagörüşü zəminləri də adekvat olmalıdır. Qloballaşma istər-istəməz insan-mühit, insan-cəmiyyət, insan-təbiət münasibətlərinə yenidənqiymətləndirmə meyarları ilə yanaşmağı tələb edir. Bu proses, xüsusilə, keçmiş SSRİ-də çox ağrılı ziddiyyətlərlə getməkdədir. Köhnə idarəetmə və təsərrüfat ukladlarında işləyib yeni mülkiyyət formalarında öz konkret yerini tapa bilməyən milyonlarla insan yeni epoxanın sərt qayda-qanunları ilə üzləşirlər. Qəfildən içində yaşamağa məhkum olduğu yeni cəmiyyətin (vəhşi kapitalizmin) tələbləri «köhnə» cəmiyyətdən (despotik sosializmdən) gələn adam üçün qorxulu və qorxunc idi. Yeni era «qorxulu nağıllardan» daha çox, «qorxulu filmlərə» bənzəyirdi. Yeri gəlmişkən, elə həmin dövrdə (SSRİ parçalanarkan) ekranlarda «sovet təfəkkürü» ilə yaşayan adamları xofa salan yeni «qorxulu filmlər» («film-ujas») görünməyə başladı.

 

(davamı növbəti sayımızda)

 

 

Firuz Mustafa

 

Mərkəz.- 2011.- 15 aprel.- S.15.