ATƏT-in Minsk Qrupundan imtina etməliyikmi?

 

Azərbaycanda ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edilməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bu dəfə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu fikri səsləndirib. Millət vəkili deyib ki, istər ATƏT, istərsə onun Bakı ofisi öz funksiyalarını yerinə yetirməlidir: «Bu qurumun əsas vəzifələrindən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə məşğul olmaqdır. Amma bu vəzifə yerinə yetirilmir. ATƏT dövlətlərə münasibətdə ikili standartları davam etdirir. Bu hal isə onun nüfuzuna ciddi zərbə vurur. Bir dövlətdəki problemlərə göz yumub, başqa ölkədəki məsələləri şişirdərək qərəzli mövqe bildirmək ATƏT-in artıq ciddi təşkilat olmadığını göstərir. ATƏT adi qeyri-hökumət təşkilatına çevrilməkdədir. Mənə elə gəlir ki, artıq ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edilməlidir. Çünki Minsk Qrupunun həmsədrləri hələ də təcavüzkarı öz adı ilə çağırmır. Həmsədrlər qətiyyət göstərmədiyindən münaqişənin həlli ilə bağlı heç bir nəticə də yoxdur. ATƏT nümayəndələri cəbhə xəttində müşahidələr aparmalı və bu fakta obyektiv münasibət bildirməlidir. Təəssüf ki, biz bütün bunların əksini görürük».

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edilməsi barədə fikirlər qurumun ötən ilin dekabrın 1-2-də Astanada keçirilmiş sammitinin uğursuz başa çatmasından sonra daha intensiv şəkildə səslənməyə başlayıb. Bəs, ekspertlər nə düşünür? ATƏT-in Minsk Qrupunun fəaliyyətini davam etdirməsinə ehtiyac varmı? Yaxud Azərbaycan bu vasitəçilik missiyasından imtina etməlidirmi?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan iqtidarı və ictimaiyyəti, əslində, ATƏT-dən bundan artıq nəsə gözləməməlidir. Onun sözlərinə görə, bu nə Azərbaycandan, nə də ATƏT-dən asılıdır: «Böyük dövlətlər, o cümlədən də ATƏT bu problemin həllində aciz qalıb. Çünki dondurulmuş münaqişələrin həlli çətinlik yaradır. Xatırlayırsınızsa, ATƏT-in Astana sammitinin sonuncu günü yekun bəyanatın qəbul edilməsi hansı çətinliklərlə müşaiyət olundu. Konkretlik, əsası olmayan ortaq bir bəyanat qəbul olundu ki, orada da Dağlıq Qarabağ probeminin həllindən heç bir söz açılmırdı. Çünki bəyanatda sitat gətirilən beynəlxalq aktlarda xalqların öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri var. Dağlıq Qarabağ problemini də bu prinsiplərin ikisi birdən ödəmir. Bir sözlə, danışıqlar dalana dirənib. Məncə, daha ATƏT-dən heç nə gözləməyə dəyməz. Hər hansı fövqəladə hadisə baş verməlidir ki, Qarabağ məsələsinin həllində irəliləyiş olsun». Bununla belə, E. Şahinoğlunun fikrincə, Minsk Qrupunun vasitəçiliyindən imtina etmək düzgün siyasət deyil: «O zaman belə çıxacaq ki, Azərbaycan kimdənsə qorxur, çəkinir və ya müharibə qərarı verib. Bütün istiqamətlərdə işləmək lazımdır. Sadəcə, böyük gözləntilərimiz də olmamalıdır. Həmsədrlər gəlməlidirlər, danışmalıyıq, öz prinsiplərimizi deməliyik. Amma bilməliyik ki, həmsədrlər bu prosesi sürətləndirə bilmirlər. Prosesin sürətlənməsi üçün isə Ermənistana təzyiq edilməlidir. Heç kim də Ermənistana təsir barədə düşünmür».

Politoloq Rasim Ağayev isə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin formulunun heç kimdə olmadığını birdəfəlik qəbul etmək lazımdır. Müsahibimiz qeyd etdi ki, bununla belə, son 2 ildə Azərbaycanın mövqelərdə üstünlük əldə etdiyi görünür: «Eyni zamanda, Ermənistanın mövqeyi zəifləməkdədir. Unutmamalıyıq ki, münaqişənin həlli Vaşinqtonda, Brusseldə və Moskvadadır. Bunların üçünün də simpatiyası Ermənistanadır. Hazırda onların üçü də problem yaşayırlar. Bu problemin qarşısını alan isə enerji ehtiyatlarıdır. Ona görə də son illərdə Azərbaycanın önəmi artıb. Çünki həm karbohidrogen ehtiyatımız dar, həm də tranzit ölkəsiyik. Ona görə də Azərbaycana ehtiyatlı yanaşırlar».

R. Ağayev bildirdi ki, digər tərəfdən Minsk Qrupunun vasitəçiliyindən imtina yox, ya tərkibin dəyişdirilməsi, ya da ora yeni üzvlərin cəlb edilməsi məsələsi müzakirəyə çıxarıla bilər: «Çünki vasitəçilik edən ATƏT-in Minsk Qrupunun tərkibi əvvəlki kimi qaldığına görə danışıqlardan heç nə gözləmək də olmaz. Belə ki, təmsilçilər Ermənistanla əlaqəlidirlər. Rusiyanın Ermənistanla strateji müttəfiqlik müqaviləsi var. Fransa Ermənistanı daimi müdafiə edən bir dövlətdir. ABŞ isə tez-tez mövqeyini dəyişir. Bu tərkiblə görünür ki, Minsk Qrupunun danışıqları heç bir müsbət nəticə verməyəcək».

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Minsk Qrupu ləğv olunsa, onun alternativi göstərilməlidir: «Bunun da alternativi BMT-dir. Digər tərəfdən nəzərə almalıyıq ki, Minsk Qrupunu da BMT yaradıb. Bu nöqteyi-nəzərdən beynəlxalq qurumlar bir-biri ilə sıx əlaqədə olduğundan, Minsk Qrupunu ləğv etmək o qədər də asan məsələ deyil. Amma danışıqlar prosesi dalana dirənib və dalandan çıxmanın yolları aranmalıdır. Sadəcə, Azərbaycan məsələnin BMT müstəvisinə keçirilməsini təkid etməlidir. Yəni Minsk Qrupunu ləğv etmək yox, problemin danışıqlar yolu ilə həllinin BMT müstəvisinə keçirilməsinə nail olunmalıdır».

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2011.- 16 aprel.- S. 8.