Erkən nikaha daxil olan qadınların sayı artır

 

Qızların 37%-i 18 yaşına çatmamış ailə qurur

 

Azərbaycanda qadınların 37%-i 18 yaşa çatmamış, 29%-i 18-19 yaşlarında, 25%-i 20-24 yaşlarında, 6%-i 25-29 yaşlarında, 3%-i isə 30 yaşdan yuxarı nikaha daxil olurlar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olublar. Dövlət Statistika Komitəsinin 2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dairstatistik müayinəsi zamanı bu rəqəmlər ortaya çıxıb.

Komitənin məlumatına görə, 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxilolma rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında sorğu aparılıb. Sorğuya 50 yaşadək 19711 qadın cəlb olunub.

Erkən yaşda ailə qurmuş qadınların 39%-nin şəhər, 61%-nin kənd sakinləri olduğu üzə çıxıb. 18 yaşınadək ərə gedən qadınların 37%-i öz istəyi ilə, 26%-i valideynlərinin təzyiqi altında, 11%-i ailənin maddi vəziyyəti çətin olduğundan, 8%-i ərinin maddi cəhətdən imkanlı olmasına, 6%-i qaçırıldığına, 2%-i hamilə olduğuna görə, qalan 10%-i isə digər səbəblərdən erkən nikaha daxil olduqlarını söyləyiblər. Səbəblər üzrə erkən nikaha daxilolma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil edib. Müayinə zamanı qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunub ki, 41%-nin müvafiq sənədləri qaydasında olmadığından, üçdə birinin vaxtı ilə yaşı nikah yaşına çatmadığından, 26%-nin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıblar. Kənd yerlərində yaşı nikah yaşına çatmayanların sayı daha çox olub. Göründüyü kimi, gəlinciklə oynayan 12-13 yaşlı qızların ərə verildiyi vaxtdan az qala bir əsr keçməsinə baxmayaraq, bu xoşagəlməz ənənə bu gün davam etdirilir. Azərbaycanda erkən nikah probleminin miqyasını müəyyən etmək çox çətin olsa da, Lənkəran, Astara, Balakən, Samux, Masallı, Cəlilabad, Goranboy, İmişli qızların ən tez ərə verildiyi rayonlar hesab edilir.

 

Erkən nikah halları artır

 

Bu məsələ dəfələrlə ictimai müzakirə mövzusuna çevrilsə də, erkən nikaha daxilolmaların sayı azalmaq bilmir.

Xatırladaq ki, ölkədə keçirilən Azərbaycan Qadınlarının 3-cü Qurultayında erkən nikah mövzusunun müzakirə olunması da məsələnin ciddiliyindən xəbər verirdi. Qurultayda çıxış edən ölkənin birinci xanımı Mehriban Əliyeva bu xoşagəlməz tendensiyaya qarşı cəmiyyətdə səylərin birləşdirilməli olduğunu söyləmişdi.

Məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bizimlə söhbətində bildirdi ki, nikah yaşının bir qədər artırılması qızların təhsildən yayınma hallarını aradan qaldıra bilər. Amma M. Əzizova bunun qızların erkən nikaha cəlb olunmasının qarşısını almayacağını söylədi: "Bu gün erkən nikahlar ölkənin ən böyük problemlərindən sayılır. Hətta mənim fikrimcə, erkən nikahların baş tutması əngəllənməsə, Azərbaycan demək olar ki, qarşısı alınmaz bir fəlakətlə üz-üzə qalacaq. Bunu tarix də təsdiqləyir. 2005-2006-cı illərdə erkən nikaha girənlərin yaşı 15-16 həddində idi. Amma bu gün 13-14 yaşlarında qızlar da ailə qururlar. Bu o deməkdir ki, 13 yaşında ailə qurmaq artıq bir normaya çevrilməkdədir. Artıq vəziyyət göstərir ki, bu problemin qarşısını almaq üçün qanunvericilikdə nikah yaşının artırılması çıxış yolu ola bilməz. Əgər bu gün 17 yaş erkən nikahların qarşısını almırsa, bu həddin 18-20 yaşa qədər artırılması da heç nəyi dəyişməyəcək".

 

Erkən qurulan ailələr tez də dağılır

 

Mərkəz rəhbəri hazırda erkən nikaha cəlb olunan qızların əksəriyyətinin təhsildən kənar qaldığını, ailələri dağıldıqdan sonra isə bunun acısını çəkdiklərini bildirdi: "Əgər 14-16 yaşında qız ailə qurursa az keçməmiş bir uşaqla onun ailəsi dağılırsa, o mütləq işləməlidir. Amma bu gün elə dövrdə yaşayırıq ki, təhsilə önəm verilir. Orta təhsili olmayan birini işə götürməkdə də problemlər yaranır. Belə olan halda, ailəsi dağılmış qadın bəzən özünü uşağını dolandırmaq üçün əxlaqsızlıq etmək məcburiyyətində qalır".

M.Əzizova deyir ki, müşahidələr və statistika da erkən nikahların çoxunun boşanmalarla nəticələndiyini göstərir: "Çünki 14-15 yaşında bir qızın hələ ailə barədə təsəvvürü yoxdur. Azyaşlı qızlar ailə qursalar da, onlar düşünərək qərar verə bilmirlər. Erkən nikahların tibbi baxımdan da fəsadları var. 14 yaşında qızın bədəni fizioloji baxımdan ana olmağa formalaşmadığından, belə hamiləliklərin əksəriyyəti uşaq düşmələri ilə nəticələnir. Bu isə qadının sonsuzluğuna gətirib çıxarır".

M.Əzizova qızların erkən nikaha cəlb olunmasının qarşısını almaq üçün bu gün təbliğata ehtiyac olduğunu bildirdi. Onun fikrincə, erkən nikahların kökü mentalitetimizlə bağlı olduğundan, bu problemi həll etmək üçün azyaşlı qızların ailə qurmasının fəsadları ilə bağlı təbliğat gücləndirilməlidir.

 

Erkən nikah qızları təhsildən yayındırır

 

Millət vəkili Qənirə Paşayeva da məsələyə kompleks yanaşmağın tərəfdarıdır. Amma o, eyni zamanda, nikah yaşının artırılmasını da məqsədəuyğun hesab edir: "Mən hesab edirəm ki, bu məsələ təkcə qanunvericiliklə administrativ deyil. Amma qanunvericilikdə nikah yaşı ilə bağlı da dəyişikliklər edilməlidir. Təbii ki, bu işlər kompleks aparılmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün qızlar üçün nikah yaşı 17 olsa da, istisna hallarda 16 yaşından ailə qurulmasına da icazə verilir. Bizdə isə bu istisna hallardan daha çox istifadə edilir. Mən düşünürəm ki, bunu nəzərə alıb istisna hallarda nikah yaşı 17, normalda isə 18 yaş müəyyənləşdirilməlidir. Bununla da, biz heç olmasa, qızların ailə qurmazdan əvvəl orta təhsili tam başa vurmalarını təmin edə bilərik".

Q.Paşayeva bizimlə söhbətində bildirdi ki, erkən nikahlar qızların təhsildən yayınması ilə yanaşı, bu gün sağlamlıqhüquqi baxımdan problemlərin yaranmasına da səbəb olur.

Onun sözlərinə görə, nikah rəsmiləşdirilmədiyindən ailə dağılarkən qadınlar əmlak bölgüsü uşağa görə alimentlərin ödənilməsi kimi məsələlərdə problemlə qarşılaşırlar.

 

Mollalar qanunsuz nikah kəsir

 

Q.Paşayeva hazırda qızların erkən ailə qurmalarına dini, "imam" nikahının kəsilməsinin də rəvac verdiyini söylədi. Odur ki, millət vəkili Ailə Məcəlləsində dəyişikliklə yanaşı, rəsmi dövlət nikahı olmadan dini nikahın kəsilməsinin qadağan olunmasını da təklif edir. Q.Paşayevanın fikrincə, imam nikahı kəsənlər ciddi məsuliyyətə cəlb olunmalıdırlar ki, erkən nikahların qarşısı xeyli alınsın.

Q.Paşayeva, eyni zamanda, vəziyyəti müsbətə doğru dəyişmək üçün ciddi təbliğatın aparılmalı olduğunu da dilə gətirdi: "Erkən nikaha cəlb olunmanın qızların həyatında, sağlamlığında hansı problemlərin yaratdığını açıq-aydın göstərməliyik. Bütün bunları əks etdirən plakatlar hazırlanaraq evlərə aparılmalıdır. Bütün mexanizmlər işə salınmaqla problem həll olnmalıdır".

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Ailə Məcəlləsində dəyişikliklərlə bağlı layihənin hazırlanıb Milli Məclisə təqdim edildiyini bildirdilər. Komitədən sadalanan bütün təkliflərin layihədə öz əksini tapdığını söylədilər.

 

 

Zülfiyyə QULİYEVA

 

Mərkəz.-2011.-19 aprel.- S.9.