Qəhrəmanlar unudulmur

 

Xocalıların yaddaşından silinməyən oğul

 

Odlar yurdu - Azərbaycan Tarix bu diyarı çox sınaqlara çəkib. Ondan ötrü çox qanlar tökülüb, çoxlu şəhidlər verilib. Amma Vətən torpağı zaman-zaman yadelli işğalçılardan qorunub, ulu babalarımızdan ötürülərək bizlərə əmanət qalıb. Deməli, Vətənin başını uca tutub dünyaya tanıdan da, onu ayaqlar altına atan da onun övladlarıdır. Ataların gözəl bir deyimi var: Eli olmayanın, dili olmaz.

Erməni qəsbkarları torpaqlarımıza göz dikəndə yurda bağlı oğullarımız harada yaşamasından asılı olmayaraq, Vətənin harayına tələsdilər. Döyüşlərdə misilsiz rəşadət göstərərək adını öz qanıyla yazıb, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən Aqil Quliyev kimi Bu gün o, öz hünəri, şücaəti ilə hamının yaddaşında silinməz iz qoyub, adı həmişə hörmətlə xatırlanır. Aqili bu torpağa bağlayan, onu döyüşdən-döyüşə ruhlandıran idi? Burada özünə yaxşı şərait qurmaq, ev-eşik sahibi olmaqmı? Əsla! Onun Xarkovda hər şeyi vardı. Evi, işi gözəl ailəsi. Aqilin valideynləri 1988-ci ildə erməni millətçiləri tərəfindən doğma yurdu - göz açdığı Urud kəndindən vəhşicəsinə qovularaq Azərbaycana pənah gətirmişdi. Bax, elə onu bu odun, alovun içinə gətirən millətinə, Vətəninə, valideynlərinə olan sonsuz məhəbbəti idi.

Aqil Quliyev 1963-cü il sentyabrın 19-da Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olub. İlk addımlarını bu kənddə atıb, orta məktəbə elə bu kənddə gedib. O, uşaqlıq yaşlarında hazırcavablığı ilə yaşıdlarından fərqlənirdi. Valideynləri ondan daha çox elmi uğurlar gözləyirdi. O da valideynlərinin bütün ümidlərini doğruldacağına söz vermişdi. 1980-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib, Azərbaycan Dövlət Neft Kimya İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) axşam şöbəsinə daxil olur. O, dərslərinə səylə çalışır, verilən tapşırıqların öhdəsindən layiqincə gəlirdi. III kursda oxuyarkən hərbi xidmətə çağırılır. Əsgəri xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmək fikrindən daşınır. Aqil hərbidə mətinləşib, bərkimişdi. Sanki Vətənə başqa sahədə daha çox fayda verə biləcəyini əvvəlcədən duymuşdu. O, neft mühəndisi ixtisasını milis sistemi ilə əvəz etdi. 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olur. 1986-cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib, elə Xarkovda qalır. Orada bir müddət müəllim işləyir sevib-seçdiyi bir qızla ailə həyatı qurur. Bir qızı dünyaya gəlir.

1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr doğmalarının öz ata-baba torpaqlarından, yurd-yuvalarından vəhşicəsinə qovulması Aqil Quliyevi bərk narahat edirdi. O vaxt valideynləri Bakıda sığınacaq tapmışdı. Bu nigarançılıqlara son qoymaq üçün o, ailəsini götürüb Bakıya gəlir. Ailəsini yerləşdirmək üçün burada müvəqqəti bir sığınacaq tapır. Lakin Qarabağdan gələn hər qara xəbər bir xəncər olub, Aqilin ürəyinə sancılırdı. Artıq bu nisgilə dözə bilmirdi. O, təzəcə yaranmaqda olan Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Həmin dövrlərdə təcrübəli mütəxəssislərə böyük ehtiyac var idi. Aqilin müraciəti isə lap yerinə düşmüşdü. Tezliklə sənədlərini qəbul edib, onu 45 nəfər döyüşçü ilə birlikdə Ağdam cəbhəsinə göndərirlər. O, bölük komandiri təyin edilir. Bu dəstənin tərkibində leytenant A.Quliyevin kiçik qardaşı Nəsimi var idi. Kəşfiyyat qrupuna rəhbərlik etmək Nəsimiyə həvalə olunmuşdu. Bölük Ağdama çatanda Xocalı artıq düşmən mühasirəsindəydi. Aqil vaxt itirmədən öz dəstəsi ilə Xocalıya yollanır. Əhali dəstənin gəlişini səbirsizliklə gözləyirdi. Güman edirdilər ki, dəstə gəlib onları mühasirədən qurtaracaq. Lakin döyüşçülərin sayca az olması silah-sursatın çatışmaması mühasirəni yarmağa imkan vermirdi.

Düşmən böyük qüvvə ilə Xocalıya doğru irəliləyirdi. Aqil dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə bacarığını sərf edirdi. Lazım olan yerlərdə postlar təşkil etmişdi. Fevralın 18-i cəsur komandir 3 döyüşçü ilə qaz kontoru deyilən yerə yollanır. Əməliyyat plan üzrə öz qaydasında aparılırdı. Amma döyüşçülərdən biri heç bir səbəb olmadan özünü döyüş meydanına atır. Düşmən bunu gözləyirmiş kimi güllələri onun üzərinə yağdırır. Yoldaşının köməyinə yetişən Aqil ayağından ağır yaralanır. Fevralın 18-dən 25-nə qədər davam edən döyüşlərdə bölük komandiri rəşadətlə vuruşaraq, onlarla erməni faşistini məhv edir.

Fevralın 25-i Bu tarix qanla yazılan səhifələrimizdəndir. Erməni yaraqlıları 366-cı motoatcı alayın köməyinə arxalanaraq qarşısına keçən dinc əhalini, günahsız insanları vəhşicəsinə qırırdı. Döyüş dostları cəsur komandiri təhlükəsiz yerə çıxarmağa cəhd göstərirdi. Lakin amansız ölüm artıq onları haqlamışdı. Kətik kəndi yaxınlığında güllələrdən biri onun kürəyinə sancıldı və o, gözlərini əbədi olaraq yumdu. Onun cəsədini faciədən 5 gün sonra hadisə yerindən götürmək mümkün oldu və cəsur komandir Bakı şəhərindəki Şəhidlər xiyabanında böyük ehtiramla Vətən torpağına tapşırıldı.

Aqil Quliyevin qəhrəmanlığı xocalıların yaddaşından heç vaxt silinməyəcək.

Dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində misilsiz qəhrəmanlıq göstərdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə baş leytenant Quliyev Aqil Sahib oğluna olümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

 

Vüqar ƏSGƏROV

AMEA-nın Respublika Xatirə

Kitabı redaksiyasının redaktoru

 

Mərkəz.- 2011.- 10 fevral.- S.15.