Kitablarımız Belarusda nümayiş olunub

 

Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə fevralın 9-13-də Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan da təmsil olunub. Sərgidə nazirliyin aparat rəhbərinin müavini - kadrlar şöbəsinin müdiri cavanşir Cəfərov, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov və “Çinar-Çap” Nəşriyyatının icraçı direktoru Akif Dənzizadədən ibarət nümayəndə heyəti iştirak edib. Sərgidə ölkəmiz üçün ayrılmış 10 kv-metrlik stenddə 100 addan artıq 202 nəşr məhsulundan ibarət rəngarəng ekspozisiyası nümayiş olunub. 22 ölkənin qatıldığı sərgi-yarmarkanın rəsmi açılış mərasimində Belarus Respublikasının İnformasiya naziri Oleq Proleskovski, Belarusun informasiya nazirinin birinci müavini Liliya Ananiç, müxtəlif vəzifəli şəxslər və xarici ölkələrin səfirləri, o cümlədən Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyev iştirak edib. Mərasimdən sonra O.Proleskovski, L.Ananiç, Almaniyanın, İranın səfirləri və digər rəsmi şəxslər stendimizi ziyarət ediblər.

Tədbir boyu Azərbaycan stedinə təkcə belaruslar və Belarusda yaşayan soydaşlarımız deyil, müxtəlif ölkələrdən olan insanlar böyük maraq göstəriblər. Qarabağ hadisələrinə həsr olunmuş ayrıca guşə tamaşaçıların diqqətini xüsusilə cəlb edib. Sərgiyə gələnlər ekspozisiya vasitəsi ilə Qarabağda erməni vandalizmi, onların törətdikləri ağır cinayətlər barədə Azərbaycan, ingilis və əsasən rus dilində dolğun məlumatlar əldə ediblər. Sərgi-yarmarkanın üçüncü günü stendimizi ziyarət edən Belarus Respublikası prezidentinin müşaviri Viktor Aleksandiroviç Lukaşenkoya Elçinin “Dədə Qorqud”, Çingiz Əlioğlunun “Çərçivə” kitabları və turizm xarakterli çap məhsulları hədiyyə olunub. Prezident aparatı rəhbərinin müavini Aleksandr Radkova müxtəlif nəşrlər, Belarus Respublika Kitabxanasının rəhbərliyinə isə “Qara Qarayev” kitabı hədiyə edilib. Nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Çingiz Əlioğlu həmin vaxt Minsk şəhərində keçirilən digər bir beynəlxalq tədbirdə iştirak edib. Bu tədbirdə şairin “Çərçivə” kitabının geniş təqdimat mərasimi keçirilib.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2011.-18 fevral.-S.11.