YAP Gənclər Birliyi «Xocalıya ədalət» adlı tədbir keçirdi

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə dünən «Park inn» hotelində «Xocalıya ədalət» adlı tədbir keçirildi. Mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.

Toplantıda Xocalı faciəsi qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra soyqırımı dəhşətlərindən bəhs olunan «Xocalı soyqırımını unutma» adlı qısametrajlı film nümayiş olundu. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov faciənin təfərrüatları haqda danışaraq bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Onun sözlərinə görə, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Soydaşlarımız tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkünə çevriliblər. Tarixə qısaca nəzər salan S. Orucov bildirdi ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının «dənizdən dənizə böyük Ermənistan» adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, onminlərlə günahsız insanın ölümü, yüzminlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. S. Orucov soyqırımının törədilməsində SSRİ silahlı qüvvələrinə məxsus 366-cı motoatıcı alayın xüsusi fəaliyyəti olduğunu vurğuladı.

Mərasimdə çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirdi ki, cinayət cəzasız qalmamalıdır. O qeyd etdi ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. «Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər», - deyən Ə. Əhmədovun sözlərinə görə, belə toplantıların keçirilməsi ilk növbədə Xocalı faciəsinin unudulmaması məqsədini daşıyır. Millət vəkili Azərbaycan xalqının, xüsusilə, gənclərin bu soyqırımını unutmamalı, onu qəlbində yaşatmalı, faciəni törədənlərin bu cinayətə görə layiqli cəzalarını almaları üçün əllərindən gələni etməli olduqlarını vurğuladı: «Bu tədbirlərin keçirilməsində digər məqsəd isə ondan ibarətdir ki, Xocalı faciəsinə bəşəriyyətin diqqətini yönəldək. Dünya dövlətləri, təşkilatları Xocalı faciəsinin həqiqətlərini bilsələr, ona düzgün qiymətin verilməsinə nail ola bilərik. Düşünürəm ki, bütün vətəndaşlarımız Xocalı faciəsinin bütün beynəlxalq təşkilatlar qarşısında XX əsrin ən dəhşətli faciələrindən biri kimi tanıdılmasına nail olmaq üçün səylərini daha da artıracaqlar». YAP sədrinin müavini törədilən qətliamın hərbi cinayət olmadığını, insanlığa qarşı yönəldiyini vurğuladı: «İndiyə qədər beynəlxalq təşkilatlar qətliama ədalətli qiymət verilməsi üçün səy göstərməyiblər. Təəssüf ki, bu cinayəti törədənlər öz əməlləri ilə fəxr edirlər və Ermənistanın rəhbər vəzifələrində çalışırlar». Ə. Əhmədov bildirdi ki, dünya bu kimi cinayətlərə biganə qalmaqla, yeni cinayətlərin törədilməsinə rəvac verir: «Azərbaycan dəfələrlə dünyanın ikili siyasətindən narazılığını ifadə edib. Bu gün də o mövqeyimizdəyik. Təəssüf hissi ilə bildirmək istəyirik ki, ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində ikili standartlardan istifadə olunur. Xocalı faciəsinin beynəlxalq səviyyədə qiymətinin verilməsi ilə bağlı da bu mövqeni görürük. Azərbaycan dövləti bununla bağlı etirazını bildirir. Digər tərəfdən, o da məlumdur ki, Azərbaycan dövləti, qeyri-hökumət təşkilatları, Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində genişmiqyaslı işlər aparılır. Azərbaycan gəncləri, diaspor təşkilatlarının nümayəndələri bu faciənin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərirlər. Amma bununla yanaşı, görüləsi işlər də çoxdur».

Ə.Əhmədov gəncləri bu məsələdə fəal olmağa çağırdı: «Gənclər iştirak etdikləri bütün tədbirlərdə faciə haqda məlumatları beynəlxalq təşkilatların diqqətinə çatdırmalı, aksiyalar keçirməli və daima mübarizə aparmalıdırlar».

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin Binəqədi rayon təşkilatının sədri Qüdsi Bayramov, Gənclər Birliyinin Sabunçu rayon təşkilatının üzvü Lamiyə Cəlilova, şəhid atası, Xocalı faciəsinin iştirakçısı Məhəmməd Şükürov Xocalı faciəsindən, erməni vəhşiliyindən geniş bəhs etdilər. Bildirdilər ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımıları pisləyir, yolverilməz olduğunu bildirirlər. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Sonda Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirildi.

 

 

Səxavət HƏMİD

 

Mərkəz.-2011.-24 fevral.-S.5.