Hicab məsələsi ilə bağlı layihə hazırlanır

 

Bir neçə il əvvəllə müqayisədə ölkədə QHT sektoru inkişaf etsə də, elə sahələr var ki, bu gün həmin istiqamətlər üzrə layihə həyata keçirən qeyri-hökumət təşkilatlarının sayı barmaqla sayılacaq qədərdir. Ölkədə milli-mənəvi dəyərlərin aşınma təhlükəsi qarşısında olduğu bir zamanda bu sahəyə daha çox diqqət yetirilməli olsa da, adət-ənənələrimizin, vətənpərvərlik hissinin təbliği yönündə həyata keçirilən layihələrin sayı qənaətbəxş deyil. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (QHT-lərə DDŞ) yaranması milli maraqlarımıza xidmət edən QHT-lərin yaranması və bu istiqamət üzrə layihələrin həyata keçirilməsi məqsədini daşısa da, hələ ki, arzuolunan yüksək nəticəni görmək olmur. Amma bununla belə milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş görən vətəndaş cəmiyyəti institutları da az deyil. İllərdir ki, milli-maraqlarımıza xidmət edən layihələrinə qərbyönümlü təşkilatlardan maliyə dəstəyi ala bilməyən, qrantsız fəaliyyət göstərən təşkilatlardan biri də Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyidir. Rubrikamızın budəfəki qonağı, birliyin sədri Əli Cəfərovla söhbətimizdə rəhbərlik etdiyi təşkilatın, eləcə də QHT-lərin ölkədə milli-mənəvi dəyərlərin təbliği istiqamətində gördüyü işlər və bu sahədəki problemlərdən danışdıq.

-Rəhbərlik etdiyiniz İctimai Birlik nə vaxtdan fəaliyyətə başlayıb?

-Biz bu QHT-ni 2006-cı ildən təsis etmişik. Amma birliyimiz 2008-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

QHT təsis edildiyi gündən könüllü şəkildə, maliyyə vəsaiti olmadan müxtəlif tədbirlər həyata keçirmişik.

-Məlumdur ki, milli-mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin təbliği istiqamətində qərbyönümlü təşkilatlara layihə ilə müraciət edən QHT-lər maliyyələşdirilmirdi. Bəs Milli donorun yaranmasından sonra necə, vəziyyət dəyişdimi?

-Düzdür, qərbyönlü təşkilatlar öz siyasi və ideoloji maraqlarına uyğun gələn QHT-lərin layihələrini maliyyələşdirirdi. Onlar milli-mənəvi dəyərlərin, əxlaqi keyfiyyətlərin, vətənpərvərlik hissinin təbliği istiqamətində layihələrin keçirilməsinə maraqlı deyildilər. Odur ki, ölkədə QHT-lər bu sahədə layihələr həyata keçirə bilmirdilər. Bu nöqteyi-nəzərdən şuranın yaranması ideyası yüksək qiymətləndirilməlidir. Və bu gün şura imkan daxilində bu istiqamətdə layihələri maliyyələşdirir. Amma etiraf edək ki, bu gün milli donorun maddi imkanlarının bir qədər məhdud olması adıçəkilən sahədə lazımi sayda layihələrin həyata keçirilməsini məhdudlaşdırır. Bu gün bizim birlik şuranın maliyyə vəsaiti hesabına «Məktəblərdə vətən sevgisi və əxlaqi dəyərlərin formalaşmasında bədii ədəbiyyatın rolu, sinifdən xaric işi» mövzusunda layihə həyata keçirir.

-Sirr deyilsə, bu layihəyəni həyata keçirməyə nə qədər maliyyə vəsaiti ayrılıb? Və həmin məbləğ layihənin icrasına kifayət edirmi?

-Layihəyə 3 min manat maliyyə yardımı ayrıldı. Amma təbii ki, şuranın maliyyə imkanları məhduddur və biz bunu anlayışla qarşılayırıq. Bununla belə biz layihənin icrasına həvəslə başladıq. Çünki amalımız gənc nəslin vətənpərvər, əxlaqlı böyüməsini aşılamaqdır. Biz ayrılan vəsait az olsa belə, məktəblərdə şagirdlər arasında iş aparırıq. Amma ümumi bu sektorun inkişafı üçün şuraya ayrılan vəsaitin məbləği artırılmalıdır. Çünki söhbət burada gənclərin vətənpərvər, dövlətə, cəmiyyətə layiqli bir şəxsiyyət kimi yetişdirilməsindən gedir. Bu günün gəncləri sabah dövləti idarə edəcəklər. Odur ki, məsələyə diqqət göstərilməlidir.

-Azərbaycan Avropaya inteqrasiya edir. Gənclərin müasirləşməsi onlara adət-ənənələrimizi unutdurmayıb ki?

-Biz məktəblərdə tez-tez gənclərlə söhbətlər aparırıq. Sevindirici hallar da var, problemlər . Gənclərin Avropaya inteqrasiyası onların davranışına mənfi təsir göstərib. Müasir gəncliyi öz milli dəyərlərimizə xas olan şəkildə yetişdirmək üçün düşünürəm ki, hələ çox işlər görülməlidir.

-Gənclərin vətənpərvər ruhda böyüməsində məktəbin rolu danılmazdır. Bəs dərsliklərimizdə necə, bu istiqamətdə təbliğat hansı səviyyədədir?

-Hesab edirəm ki, dərsliklərimiz istədiyimiz səviyyədə vətəni sevdirmir. Elə ədib tapmaq olmaz ki, onun yaradıcılığında vətənpərvərlik mövzusu yer almasın. Sadəcə olaraq dərsliklər hazırlanarkən bu, xüsusi proqram kimi salınmalıdır. Elə məktəblərdə ayrıca proqram kimi tədris olunmalıdır.

- QHT-lərin həyata keçirdikləri layihələr dərəcədə səmərəli olur?

-Mən öz birliyimizin adından deyirəm ki, həyata keçirdiyimiz hər bir layihənin səmərəli olması üçün əlimizdən gələni edirik. Hər bir QHT maliyyəni yönəltdiyi sahənin inkişafına çalışmalıdır. Amma ümumən QHT-lərin həyata keçirdiyi layihələrinin dərəcədə səmərə verdiyini şura qiymətləndirir.

-2011-ci ilə yenicə qədəm qoymuşuq. Rəhbərlik etdiyiniz birlik bu il hansı layihələrin həyata keçirməyi planlaşdırır?

-Ötən il , bu il orta məktəblərdə hicab məsələsi gündəmə gəlib. Yaranmış mənzərə göstərir ki, bəzi gənclər İslam dinindəki əxlaqi dəyərləri təlqin etmək əvəzinə dini fanatizmə meyillənib. Gələcəyimiz olan gənclərin milli şüurunun işğal edilməsi, onların hansısa dini cərəyanların təsiri altına düşməsi yolverilməzdir. Odur ki, orta məktəblərdə gənclərin İslamı doğru-dürüst anlaması yönündə xürafatçı meyillərdən çəkinməsi üçün layihə həyata keçirməyi planlaşdırırıq. Digər planımız orta məktəblərdə valideyn-şagird müəllim birliyinin yaradılmasıdır. Əgər layihələrimiz maliyyə dəstəyi alarsa, bu planlarımızı həyata keçirəcəyik.

 

 

Zülfiyyə QULİYEVA

 

Mərkəz.- 2011.- 20 yanvar.- S. 9.