«Qarabağ problemi türk dünyasının ortaq problemidir»

 

Bu mövzuda konfrans keçirildi

 

Dünən, "Ortaq Dəyərlər" İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qarabağ problemi türk dünyasının ortaq problemidir" mövzusunda müzakirələrin yekunuyla bağlı mətbuat konfransı keçirdi.

QHT rəhbərlərinin, bir sıra ziyalıların, türk toplumlarının təmsilçilərinin, həmçinin, gənclər təşkilatı nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə açan birliyin sədri Aqil Camal sözügedən layihə onun icrası haqqında geniş məlumat verdi. O, layihə zamanı effektivliyin təmin edilməsi üçün ortaqdeyerler.org saytının yaradıldığını eyni zamanda, layihə çərçivəsində türk dünyasının müxtəlif bölgələrindən gəlib Azərbaycanda təhsil alan 25 tələbənin iştirakı ilə seminarın keçirildiyini bildirdi: "Seminar zamanı iştirakçılar Ermənistanın işğalçılıq siyasəti Azərbacanın ədalətli mövqeyi barədə ətraflı bilgiləndirildi". A.Camal layihənin adının məhz "Qarabağ problemi türk dünyasının ortaq problemidir" olmasına da aydınlıq gətirdi: "İki hadisənin baş verməsi səbəb olub. Birincisi, Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozonun ölkəmizdəki çıxışı qurumun saytında çıxışın təhrif edilməsi; ikincisi, Ermənistan prezidenti Serj Sarkisyanın Yunan Kiprinə səfər edərkən irəli sürdüyü iddialar. Təkcə bu son hadisələr türk dünyasının gözünü açmaq üçün gərəkli faktorlardır".

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi cavid Vəliyev isə Dağlıq Qarabağ məsələsinin həlli yolunda türk dövlətlərindən gözləntilərin daha böyük olduğunu dedi: "Dünyada 350 milyon türk, 7 türk dövləti var. Bu dövlətlərin hamısı Ermənistanın işğalçı dövlət kimi tanıyır bu yöndə bir sıra addımlar atırlar. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının prezidentliyinə Mövlut Çavuşoğlunun seçilməsi Qarabağ probleminin həllində ümidləri bir qədər artırdı".

Türkiyənin Bilkent Universitetinin müəllimi Hasan Ali Karasar isə Fələstin məsələsinin islam dünyası üçün önəmli olduğu qədər Dağlıq Qarabağın da önəm daşıdığını dedi: "Əgər Qarabağ problemini həll etmək istəyiriksə, bütün türk dünyası dövlət səviyyəsində buna təzyiq göstərməlidir".

Tədbir davamında QHT rəhbərləri, türk toplumlarının təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri çıxış edərək fikirlərini bölüşdülər.

 

 

S. MEHRALIYEV

 

Mərkəz.- 2011.-27 yanvar.- S.10.