Bakıda müasir incəsənət bayramı davam edir

 

Mədəniyyət və Turizm Nazirliyi, "Yarat!" Müasir İncəsənət Məkanı və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə dekabrın 11-də başlayan "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi davam edir.

 

“Mərkəz”in verdiyi xəbərə görə, Biennaleyə Rusiya, Türkiyə, Gürcüstan, Litva, Almaniya, ABŞ, Norveç, İspaniya, Mərakeş, Fransa - ümumilikdə 17 ölkədən 50-dək sənət adamı qatılıb. Sənət bayramında ölkəmizin təmsilçiləri də maraqlı əsərlərlə iştirak edirlər. Tədbir çərçivəsində paytaxtın müxtəlif qalereyalarında sərgilər təşkil olunur, layihələr təqdim edilir.

"Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində növbəti bir layihə dekabrın 12-də "LN art" İncəsənət Mərkəzində təqdim edilib. Mərasimdə ilk olaraq xalqımızın ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar xatirəsi yad edilib. Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, biennalenin direktoru Qalib Qasımov böyük öndərin Azərbaycan incəsənətinin inkişafında, dünyaya tanınmasında tarixi xidmətlərindən danışmışdır.

Sonra layihələri təqdim olunan müəlliflər öz işləri barədə məlumat veriblər.

Sərgidə Kamal Babayev, Fəqan Qasımov, Mehdi Abbasov, Marta Ramazanova, Nata İbrahimovaEla Ganda Bogdanienenin (Litva) əsərləri nümayiş olunmuşdur.

Litvalı iştirakçının «Yuxun şirin olsun, Yudita» adlı instalyasiya işi daha çox diqqəti cəlb edib. Yundan hazırlanmış yastıqcalar üzərində yundan hazırlanmış kəsik başlar, eyni yumşaq materialdan iynə ilə forma verilmiş insan bədəni. Müəllif sərt təəssürat yaradan əsərin əsas konsepsiyasının iki qədim əfsanədən - «YuditHolofern» və «SolomeyaYuan Baptist» əsatirlərindən götürüldüyünü deyib.

Fəqan Qasımovun "Relax" adlı bürünc memarlıq nümunələri sərgiyə xüsusi bir estetik zövq qatıb.

Mehdi Abbasovun sovet məktəbliləri, pionerlərdən bəhs edən fotoları isə bennialenin mövzusuna uyğun olaraq keçmişlə bu gün arasındakı insanları göstərir.

Nata İbrahimovanın illüstrasiya janrında maraqlı nümunələrdən ibarət rəsmlərində müasir texnologiyalarla, virtual və reallıqla toqquşmuş insanların obrazları verilmişdir.

Dekabrın 13-də "Kiçik Qalart" salonunda fotoqraf-rejissor Rauf Məmmədovun çəkdiyi bir neçə sənədli film nümayiş olunub. Sənətçinin verdiyi məlumata görə, təqdim olunan filmlər 2010-cu ildə Qırğızıstanda baş verən iğtişaş və silahlı toqquşmalar zamanı lentə alınıb: "Bu mövzuda altı film lentə almışıq. Onlardan dördü burada nümayiş olunur". Filmlərdə silahlı toqquşmaların qızğın anları, müxtəlif həyat mənzərələri əksini tapıb.

Dekabrın 13-də daha bir tədbir Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda keçirilib. Burada Vladimir Nasedkin (Rusiya), Tərlan Qorçu (Azərbaycan), Eli Qlader (Norveç) və digərlərinin üslubuna, həyata yanaşma tərzinə görə bir-birindən fərqlənən maraqlı əsərləri sərgilənib.

Norveçli sənətçi Eli Qladerin sərgidə video filmlərini təqdim edilib. O, uzun illər Bakıda yaşadığını və Bakıda, Xəzər dənizində gedən müsbət dəyişiklikləri izlədiyini bildirib: "Burada yaşayan insanlar işlərinin ardınca gedir, lakin dəyişikliyin bəzən fərqinə də varmırlar. Bu şəhərdə böyük tarix var - neft bumu dövrü, ardınca gələn sovet quruculuğu və artıq müstəqillik dövrü. Zaman keçir, ola bilsin ki, insanlar dəyişmir, lakin ətraf mühit daim dəyişməkdədir".

Qonaq filmlərində ətraf mühit mövzusuna toxunub və insanın mühitə etdiyi təsir və əvəzində mühitin insanaverdiyini göstərməyə çalışıb.

Vladimir Nasedkinin kompozisiyaları da maraq doğurub. Onun işlərində mətn və xırda qayaya bənzər təsvirlər bir araya gəlir. Bu da bir kitabın səhifələrini xatırladan kompozisiya yaradır. Qravürlərdə təsvir olunan konkretlik diqqət çəkir. Tərlan Qorçunun əsərlərində isə Qobustan rəsmlərini xatırladan milli ornamentlər yer alıb.

Dekabrın 13-də "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində "Art Group" sərgi qalereyasında almaniyalı və azərbaycanlı rəssamların işləri nümayiş olunmuşdur.

Tədbirdə Zigfred Horst, Cemma Səttar, İrina Eldarova, Nazim ŞahYusif Kətanovun əl işləri, Rüfət Əsədovun rejissoru olduğu "Antropologiya" sənədli filmi təqdim edilib.

Cemma Səttarın əl işləri orijinal ideya olması baxımından xüsusilə seçilib. O, yalnız notlardan istifadə etməklə Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Niyazinin portretlərini yaratmışdır. "Bundan öncə ədiblərin - M.Ə.Sabirin, Nəsiminin və başqalarının portretlərini çəkmişəm. İkinci portretlər seriyam isə görkəmli musiqiçilərə həsr olunub. İnsanların əl işlərimə böyük maraq göstərməsi məni sevindirir", - deyə gənc rəssam bildirib.

Nazim Şah mürəkkəb, nar şirəsi və ədviyyat (sarıkök), eləcə də kəsici əşyalar istifadə edərək yaratdığı "Zamanın simaları"nı təqdim edib.

Babək Ağayev isə "Relax" əsərində plastik məmulatlardan istifadə etməklə istirahət edən insanın təsvirini yaratmışdır. Yusif Kətanov, İrina EldarovaZigfred Horstun rəngkarlıq janrında təqdim etdikləri əl işləri də maraqla qarşılanmışdır.

"Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində dekabrın 13-də "Baku Creative Center" yaradıcılıq mərkəzinin "Memory/ Retrospective" kurator layihəsinin təqdimatı olub. İçərişəhərdəki "Abşeron" rəsm qalereyasında gerçəkləşən mərasimdə biennalenin əsas konsepsiyası olan "Zamanın siması" mövzusu kontekstində inkişaf etdirilən "Yaddaş" mövzusunun əksini tapdığı envayronmental layihədə 3 rəssamın yaradıcılıq işi təqdim edilib. Envayronment - tamaşaçını əhatə edən məkan kompozisiyasıdır. İnsan özünü əsərin bir hissəsi və ya iştirakçısı hiss edir.

 

 

 

Ayşə Osmanova.

 

Mərkəz.-2012.-15 dekabr.-S.-14.