"Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi ölçüyəgəlməz irəliləyişə nail olmuşdur"

 

   1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı

   

   Üçüncü yazı

   

   Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan bu təsisatlar on minlərlə şəxsə tətbiq edilmişdir. Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur. Ümummilli liderimizin gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişöz beynəlxalq mövqeyini möhkəmləndirmişdir. Heydər Əliyevin xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələr qurmağa yönəlmişdi. Bu siyasət indi də möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qələbələrlə zəngin və diqqətəlayiq bəhrələrini verir.

   Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatanuzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur. Sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli liderimizin xidmətləri əvəzsizdir.

   Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Bu gün xalqımız ümummilli lider Heydər Əliyevin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.

 

   1969-cu ilin 14 iyul tarixindən başlayaraq Azərbaycanda yeni bir həyat başladı

 

   Milli Məclisin deputatı Fəttah Heydərovun fikrinə görə, 14 iyul günü Azərbaycan xalqının tarixində parlaq səhifələrdən biridir. Bugün hec vaxt unudulmayacaq. Çünki bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Bu kəlam təsadüfi bir kəlam deyil. Bu ifadəni Milli Məclisdə bəlkə də ilk işlədən şəxslərdən biri mən olmuşam. Bu fikir mənim Heydər Əliyevin fəaliyyətinə bələd olduğum ilk illərdən bu yana gəldiyim ən yüksək nəticədir. Ona görə ki, mən hələ 1969-cu ildən öncə də respublikanın ictimai həyatında iştirak etmişəm. Hələ gənc yaşlarımdan mən partiya komitəsinin siyasi fəalı kimi ölkədəki vəziyyəti gözəl dərk edirdim və təhlil edirdim. O zaman Azərbaycanın İttifaq respublikaları içərisində bütün göstəricilər üzrə, xüsusilə iqtisadi, sənaye və digər sahələrdə kəmiyyət göstəricilərinin aşağı olduğunun şahidi olurdum. Bu hal isə bizim üçün xoşbəxtlik gətirmirdi. Belə vəziyyət hər zaman bizi düşünməyə vadar edirdi. Çünki hər bir insan, xüsusilə gənclər öz ölkəsinin, xalqının nailiyyətləri ilə fəxr edir. O zaman ölkənin aşağı səviyyədə olması məni narahat edirdi. Yuxarıda sadaladığım göstəricilərə görə Azərbaycan ya 13-cü, ya da 14-15-ci yerdə olurdu. Lakin 1969-cu ilin 14 iyul tarixindən başlayaraq Azərbaycanda yeni bir həyat başladı. Azərbaycanın həyatında, insanların işə münasibətində, onların bir-birinə davranışında, yaşam tərzində çox böyük, inqilabi dəyişikliklər baş verməyə başladı. Bunun da səbəbi həmin vaxt Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi oldu. Bu, bir təsadüf deyildi. Çünki Heydər Əliyev işlədiyi təşkilatda Azərbaycanda gedən proseslərin əksəriyyəti ilə tanış idi. O bilirdi ki, Azərbaycanda vəziyyət necədir. Lakin bilmək onun üçün az idi. Bilmək onun üçün əsas şərt deyildi. Ona görə də Heydər Əliyevin o zaman Azərbaycanda hakimiyyətə gəlməsi, onun rəhbərliyə təyin olunması Azərbaycan xalqının şansı idi.

   

   Heydər Əliyevin rəhbərliyindən qabaq Azərbaycan İttifaq ölkələri arasında sahibsiz bir ölkə idi

 

   Millət vəkili Fəttah Heydərov bildirib ki, Heydər Əliyevin rəhbərliyindən qabaq Azərbaycan İttifaq ölkələri arasında sahibsiz bir ölkə idi. Azərbaycanda heç bir inkişafdan söhbət gedə bilməzdi. Bu dövrə qədər Azərbaycana rəhbərlik edən insanların əksəriyyətinin dövründə Azərbaycan həm də zaman-zaman öz torpaqlarını itirmişdi. Azərbaycanda Heydər Əliyevə qədər və onun hakimiyyətdən uzaqlaşdırıldığı dövrlərdə torpaqlar əldən gedirdi. Bu torpaqlar gah Ermənistan, gah da başqa torpaq tələbində olanlar arasında paylaşdırılmışdı. Bu dahi insanın Azərbaycanda rəhbər olmasının əsas nailiyyəti ondan ibarətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 14 ildə Azərbaycandan bir qarış torpaq da iddiaçılara verilmədi. Baxmayaraq ki, ondan əvvəlki dövrdə imzalanan sənədlər var idi.

   İkinci böyük nailiyyət ondan ibarət idi ki, Heydər Əliyev öz xalqına çox gözəl bələd idi. O, millətin içərisindən çıxmış bir dahi idi. Sanki İlahi bir qüvvə ona bu xalqı arxasınca aparmaq qabiliyyəti vermişdi. Mən həmişə onda İlahi qüvvənin olduğuna inanmışam və bu fikirləri hər zaman söyləmişəm. Heydər Əliyev qısa bir müddətdə Azərbaycan kəndlərini müasirləşdirdi. Azərbaycan kəndləri o vaxta qədər ən geridə qalmış və ən aşağı səviyyədə yaşanan məkanlar idi. Heydər Əliyev bu insanlara ev tikməyi öyrətdi, onlara məişət şəraiti yaratmağı öyrətdi və ən əsası iqtisadiyyatın səviyyəsini qaldırdı. Azərbaycanda üzüm istehsalını 2 milyon tona qaldırmaqla Azərbaycan torpaqlarını yaşıllığa qərq etdi. Azərbaycan insanını ən gözəl nemət olan üzümlə təmin etdi. Bu qidanın gətirdiyi maddi gəlir bir yana qalsın, üzüm sahələrində işləyən insanların və ailə üzvlərinin belə xeyirli qida ilə qidalanması kimi bir təminat əldə olundu. Ulu öndər Azərbaycanda böyük bağçılığın inkişafına nail oldu. Azərbaycan o dövrdən sonra meyvəçilikdə də böyük inkişaf əldə etdi. Bununla bərabər, pambıqçılığı, taxılçılığı inkişaf etdirdi. Azərbaycan böyük sənaye potensialını işə saldı. Bu dahi insan şəxsi nüfuzundan istifadə edərək Azərbaycana əvvəlki dövrlərə nisbətən qat-qat çox maliyyə vəsaiti gətirdi.

   

   Heydər Əliyevin Azərbaycanda olmaması nəticəsində bu gün də xalqımız üçün ağır dərd olan Dağlıq Qarabağ münaqişəsi yarandı

 

   Dahi şəxsiyyətin Azərbaycan üçün etdiklərini müqayisə etmək üçün Heydər Əliyevli Azərbaycanla Heydər Əliyevsiz Azərbaycanı mütləq müqayisə etmək lazımdır. O, hakimiyyət başında olduğu bütün dövrlər ərzində Azərbaycanda quruculuq işləri görülüb. Bütün işlər insanların maddi rifahının yaxşılaşdırılmasına yönəldilib. Bu dövrlərdə Azərbaycanda elmin, təhsilin daha yüksək səviyyəyə qalxması üçün gərgin işlər gedib və yüksək nəticələrə nail olunub. Görün, Heydər Əliyev qısa müddətdə hakimiyyətdə olmadığı bir zamanda nələr baş verib? Deyərdim ki, bütün qazanılan nailiyyətlərin dağıdılması prosesi getdi. Ən dözülməzi ondan ibarətdir ki, Heydər Əliyevin Azərbaycanda olmaması nəticəsində bu gün də xalqımız üçün ağır dərd olan Dağlıq Qarabağ münaqişəsi yarandı. Biz 20 min şəhid verdikdən, torpaqlarımızın 20 faizini itirdikdən sonra böyük problem qarşısında qaldıq. Bu problem Heydər Əliyevsiz Azərbaycanda yarandı. Əgər 1989-1990-cı illərdə Heydər Əliyev Azərbaycanda olsaydı, bu müsibətlər Azərbaycanın başına gəlməzdi və bu qədər böyük problemlər də yaranmazdı. Nə yaxşı ki, Azərbaycan xalqı öz müdrik rəhbərini yenidən Azərbaycana rəhbər gətirdi və qısa müddətdə bugünkü əbədi müstəqilliyimizə nail olduq. Bu gün isə bu siyasət onun siyasi varisi, prezident İlham Əliyev tərəfindən şərəflə, böyük iradə ilə davam olunur. Ulu öndərin açdığı yol Azərbaycan üçün ən doğru yoldur.

 

 

  (Ardı gələn sayımızda)

   

  A.Mənsumə

 

 Mövqe.- 2010.- 13 iyul.- S. 4.