Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatlarda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

 

XI yazı

 

Münaqişənin həllinə dair danışıqlar prosesinə ATƏT-in vasitəçilik missiyası

 

(Danışıqlar prosesinin xronologiyası)

 

Azərbaycan bu sənədə qəti etirazını bildirərək onu qəbul etmədiyini Minsk Qrupu üzvlərinin diqqətinə çatdırdı. Bundan sonra artıq ATƏM-in münaqişənin həlli üçün heç bir real mexanizmlərə əl atmamasından və beynəlxalq ictimaiyyətin laqeyd münasibətindən istifadə edən Ermənistan Azərbaycanın Qubadlı, Cəbrayıl və Füzuli rayonlarını da ələ keçirdi. Sentyabr ayında ATƏM-in Minsk Qrupunun üzvləri Parisdə görüşdülər və burada da "Təxirəsalınmaz tədbirlər cədvəli"nin yeni variantı tərəflərə təqdim olundu. Lakin bu layihədə də Azərbaycanın təklifləri nəzərə alınmamışdı. Burada Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması üçün şərtlər irəli sürülür və bununla da beynəlxalq hüququn mühüm prinsipləri pozulurdu. Azərbaycan tərəfi belə bir sənədin qəbul olunmasının mümkünsüzlüyünü bildirərək ona imza almaqdan qəti şəkildə imtina etdi. BMT Təhlükəsizlik Şurası sənədi müzakirə edərək onu bəyəndiyini və bu layihə əsasında regionda sülh yaratmağın mümkünlüyünü bəyanladı. BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsində bu, açıq şəkildə öz əksini tapmışdı.

Oktyabr ayında ATƏM-in sədri Marqareta af Uqlasın münaqişə bölgəsinə səfəri zamanı Ermənistan Zəngilan rayonunu da işğal etdi. Bu, artıq Ermənistanın beynəlxalq təşkilatların reaksiyasına heç bir məhəl qoymadığını və qəbul olunmuş qərarlara, qətnamələrə laqeyd münasibətini açıq şəkildə ifadə edirdi.

1993-cü ilin noyabrında ATƏM-ə üzv dövlətlərin Vyanada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bəyanat qəbul edildi. Sənəddə döyüş əməliyyatlarının davam etdirilməsi və yeni ərazilərin işğal olunması faktı beynəlxalq hüququn prinsiplərinə zidd addım kimi qiymətləndirilir və işğalçı qüvvələrin Horadizdən və Zəngilan rayonundan çıxarılmasının zəruriliyi qeyd olunurdu. Bəyanatda ATƏM-in Minsk Konfransının çağırılması və buna qədər işğal edilmiş ərazilərdən hərbi qüvvələrin çıxarılması, atəşin dayandırılması məsələləri də öz əksini tapmışdı. Bu görüş zamanı "Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş cədvəli" yenidən münaqişə tərəflərinə təqdim olundu. Lakin bu sənəd də Azərbaycanın qəbul etmədiyi "Paris cədvəli"ndən bir o qədər fərqlənmirdi. Çünki "Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş cədvəli" Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil tərəf kimi təqdim edir, işğalçı qüvvələrin Şuşa və Laçından çıxarılması tələbini qoymurdu. Ona görə də Azərbaycan bu planın qəbul olunmasına razılıq vermədi.

1994-cü ildən etibarən münaqişənin həllində Rusiya daha fəal rol oynamağa başladı. Fevral ayının 8-də Rusiyanın hazırladığı "Silahlı münaqişəyə son qoymaq və onun nəticələrini ləğv etmək haqqında" saziş layihəsi tərəflərə təqdim olundu. Bu sənədin bəzi müsbət və mənfi cəhətləri vardı. Müsbət cəhət layihədə BMT qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinin göstərilməsi idi. Bundan başqa, Rusiya Dağlıq Qarabağın hüquqi statusunun sonralar razılaşdırılmış formada müəyyənləşdirilməsini təklif edirdi. İlkin mərhələdə isə atəş dayandırılmalı və Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı idi. Bu isə o demək idi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən başqa, işğal olunmuş digər rayonlarını azad edir və yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsi gündəliyə gəlirdi. Təbii ki, belə bir vəziyyət Azərbaycana sərf edirdi, ən azı, o baxımdan ki, işğal olunmuş ərazilərin bir hissəsini döyüşsüz geri qaytarmaq imkanı yaranırdı. Lakin sənəddə Şuşa və Laçın barəsində heç nə deyilmirdi. Rusiya Ermənistanla Dağlıq Qarabağ arasında beynəlxalq nəzarət altında olan təhlükəsiz yolun yaradılması ilə eyni vaxtda Laçının taleyinin müəyyənləşdirilməsini təklif edirdi ki, bu da o dövr üçün bir tərəfdən real görünmürdü, digər tərəfdən də Rusiya dəhlizə nəzarət edəcək qüvvələrin məhz rus əsgərlərindən ibarət olmasını nəzərdə tuturdu. Layihədə Dağlıq Qarabağdakı separatçı rejim də müstəqil tərəf kimi göstərilirdi. Rusiyanın təklif etdiyi plan qəbul olunmadı.

Aprel ayında ATƏM-in Minsk Qrupunun Praqada keçirilən görüşü zamanı "Etimadı möhkəmləndirmək tədbirləri haqqında" yeni plan irəli sürüldü. Bunların bəzi hissələri Rusiyanın təklifləri ilə üst-üstə düşürdü, Planda göstərilirdi ki, danışıqlar prosesinin gedişində Azərbaycan Ermənistanla bütün kommunikasiya xətlərini açmaq öhdəliyini üzərinə götürməlidir.

1994-cü ilin mayında MDB Parlamentlərarası Məclisinin təşəbbüsü ilə Bişkek şəhərində münaqişənin həllinə dair daha bir görüş keçirildi. Burada da yekun sənəd qəbul olundu, lakin Azərbaycan həmin sənədə imza atmadı. Çünki bu layihədə Dağlıq Qarabağdakı erməni icmasına müstəqil tərəf kimi sənədə imza atmaq səlahiyyəti verilir, azərbaycanlı icması üçün isə belə bir hüquq nəzərdə tutulmurdu.

Nəhayət, uzun sürən danışıqlardan və müzakirələrdən sonra 1994-cü ilin may ayının 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında saziş imzalandı. Xatırladaq ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan münaqişə tərəfləri arasında sülhə doğru atılmış ilk ciddi və əhəmiyyətli addım kimi yadda qaldı. Atəşkəsin əldə edilməsindən sonra da danışıqlar prosesi davam etdirildi. ATƏM, əvvəlki kimi, danışıqlarda vasitəçilik missiyasını yerinə yetirir və tərəflər arasında davamlı sülhə gətirib çıxara biləcək razılaşmanın əldə olunmasına çalışırdı. Doğrudur bu prosesdə bəzi obyektiv və subyektiv çatışmazlıqlar meydana çıxırdı, bir çox hallarda ikili standartlar amili özünü göstərirdi. ATƏM-in sənədlərində, təkliflərində ədalətsiz məqamlar öz əksini tapırdı. Amma bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki. ATƏM münaqişənin həlli ilə intensiv məşğul olan və real nəticələrin əldə edilməsi istiqamətində həqiqətən fəallıq nümayiş etdirən yeganə beynəlxalq təşkilat olmuşdur. Minsk Qrupunun səyləri bu mənada xüsusən yüksək qiymətləndirilməlidir. Bu qurumun fəaliyyəti hələlik real sülhə gətirib çıxarmasa da etiraf etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmasında ATƏM-in fəaliyyəti əvəzsiz rol oynamışdır.

Qeyd edək ki, danışıqlar prosesinin gedişində ATƏM ilə Rusiya arasında ziddiyyətlər meydana çıxır və bəzi hallarda sülhün əldə olunmasına bu amil də öz mənfi təsirini göstərirdi. Bilavasitə Qərbin maraqlarını təmsil edən və Rusiya ilə müqayisədə bir qədər neytral görünməyə çalışan ATƏM Moskvanın mövqelərinin Cənubi Qafqazda möhkəmlənməsini istəmirdi. Bununla yanaşı, təbii ki, Rusiya da tamamilə fərqli mövqedən çıxış edir və öz mənafelərinə uyğun həll modelinin gündəliyə çıxmasına can atırdı. Danışıqların gedişi zamanı müəyyən kompromislərin əldə edildiyi ərəfədə Ermənistanın cəbhə xəttində əməliyyatların intensivləşdirilməsi də məhz bu ziddiyyətlərin təzahürü kimi özünü göstərirdi.

 

 

Mövqe.- 2011.- 19 aprel.- S. 10.