Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatlarda

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

 

XII yazı

 

Münaqişənin həllinə dair danışıqlar prosesinə ATƏT-in vasitəçilik missiyası

 

(Danışıqlar prosesinin xronologiyası)

 

1994-cü ilin iyulunda Vyanada ATƏM-in Minsk Qrupunun iclasında Rusiyanın hazırladığı "Böyük Siyasi Saziş" layihəsi müzakirəyə təqdim olundu. Bu layihə ATƏM-in bəzi təklif və əlavələrindən sonra tərəflərə verilməli idi. Uzun müzakirələrdən sonra məlum oldu ki, ATƏM-lə Rusiya layihə barədə ortaq mövqeyə gələ bilməyiblər. Qeyd edək ki, burada Minsk Qrupunun təklif etdiyi "Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş cədvəli"ni Rusiyanın irəli sürdüyü layihə ilə razılaşdırmaq nəzərdə tutulmuşdu. Sənədlərin əsas fərqi isə bundan ibarətdir ki, Rusiya nizamlama prosesini sırf özünün nəzarətinə keçirmək niyyətində idi.

ATƏM isə çoxtərəfli vasitəçiliyə tərəfdar çıxırdı. Rusiya əvvəlki kimi, sülhməramlıların rus ordusundan, ATƏM isə çoxmillətli qüvvələrdən təşkil olunması ideyasını dəstəkləyirdi. Nəhayət, 1994-cü ilin oktyabrında sülhməramlı qüvvələrin çoxmillətli olması barədə ATƏM-in qərarı qəbul edildi. Bu, Rusiya tərəfindən ciddi etirazla qarşılandı. Beləliklə də ATƏM-in Minsk Qrupunun qərarı ilə münaqişə bölgəsinə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi barədə təklif tərəflərin müzakirəsinə verildi. Ermənistan bu təkliflə razılaşmadı.

1994-cü ilin dekabrında Budapeştdə ATƏM-ə üzv olan dövlət başçılarının növbəti zirvə görüşü keçirildi. Burada qəbul olunmuş sənədlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi bölmədə öz əksini tapmışdı. Budapeşt sammitində 1995-ci ilin yanvarından etibarən ATƏM-in ATƏT adlandırılması barədə qərar qəbul edildi.

1995-ci ilin fevralında ABŞ-ın DQ üzrə xüsusi nümayəndəsi Cozef Pressel münaqişə bölgəsinə səfər etdi. Lakin onun bu səfəri Azərbaycanda ciddi narazılıqla qarşılandı. Belə ki, C. Pressel Azərbaycanı güzəştə getməyə, öz iddialarından əl çəkməyə çağırmaqla əslində Ermənistanın mövqelərini müdafiə etdiyini göstərdi. Bu isə, təbii ki, münaqişənin həllinə kömək göstərə bilməzdi, əksinə, sülh prosesini ləngidən bir mövqe idi.

1995-ci ildə Moskvada yenə də Rusiyanın təşəbbüsü ilə danışıqlar başladı. Bu danışıqlarda Dağlıq Qarabağdakı separatçı rejimin də müstəqil tərəf kimi iştirakı nəzərdə tutulurdu. Belə olan halda Azərbaycan da Dağlıq Qarabağın azərbaycanlı icmasının prosesə qatılmasını təklif etdi. Danışıqların gedişində Ermənistan yeni bir təkliflə çıxış edərək sülh sazişinin sülhməramlı qüvvələrin münaqişə bölgəsinə göndərilməsindən sonra imzalanmasını təklif etdi. Ermənilər sülhməramlı qüvvələrin tərkibində Türkiyənin təmsil olunmasının da əleyhinə çıxış edir, Şuşa və Laçının azad olunması məsələsinə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən sonra baxılmasını istəyir, Laçının da erməni qoşunlarının nəzarəti altında olmasını tələb edirdilər. Bu təkliflərin heç biri Azərbaycan tərəfindən qəbul olunmadı.

1995-ci ildə Stokholmda ATƏT-in Minsk Qrupunun növbəti iclası keçirildi. Burada qəbul olunmuş bəyanatda ATƏT-in Minsk Qrupu atəşkəs rejiminin qorunub saxlanılmasını təqdir edir, münaqişə tərəflərini hərbi əməliyyatların yenidən başlanmasından çəkinməyə çağırır, münaqişənin nəticələrini qeyd-şərtsiz aradan qaldırmağı tələb edir və danışıqlar prosesini davam etdirməyi tövsiyə edirdi. Həmin ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Moskvada danışıqlar keçirilməsi ərəfəsində Ermənistan Minsk prosesi çərçivəsində danışıqları dayandırdığını bəyan etdi. Bu danışıqlar prosesinin iflasa uğradığını göstərirdi. Bir qədər sonra ATƏT-in Minsk Qrupunun Helsinki və Badendə keçirdiyi danışıqlar da nəticəsiz bitdi. Bundan sonra Qərb ölkələri danışıqlar prosesində real nəticələrə çatmaq üçün daha fəal mövqe nümayiş etdirməyə başladılar. ABŞ, Türkiyə və Almaniyanın ATƏT-in Minsk Qrupundakı nümayəndələrinə xüsusi səlahiyyətli səfir statusu verilməsi bunun əyani göstəricisi idi.

1995-ci ilin sentyabrında Moskvada danışıqların növbəti raundu keçirildi və burada Azərbaycan bəzi irəliləyişlərə nail ola bildi. Belə ki, Ermənistan Şuşa və Laçının azad edilməsi məsələsinə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən əvvəl baxılmasına razılıq verdi.

Qeyd edək ki, bu, hər şeydən əvvəl Rusiyanın təzyiqlərinin nəticəsi idi. Çünki Rusiya C.Presselin məlum bəyanatından sonra danışıqlar prosesini öz nəzarətinə keçirmək üçün belə bir manevr etməyi qərara almışdı. Bununla da rəsmi Moskva özünün daha konstruktiv və səmərəli fəaliyyət göstərdiyini nümayiş etdirməyə çalışırdı. Lakin Ermənistan bu dəfə də Laçın və Şuşanın azad olunması barədə öhdəlik götürməkdən imtina etdi. Ermənilər Laçına ATƏT-in sülhməramlı qüvvələrinin göndərilməsinə etirazlarını bildirdilər, həmçinin Şuşanın Azərbaycana qaytarılmasının mümkünsüzlüyünü bəyan etdilər.

1995-ci ilin dekabrında Budapeştdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və burada yenə də eyni məsələlər ətrafında ortaq mövqenin tapılmaması sülh prosesində irəliləyişə gətirib çıxarmadı. 1996-cı ilin yanvarında ATƏT-in Minsk Qrupunun Moskvada keçirdiyi görüş də nəticəsiz başa çatdı. Mübahisə doğuran məqamlar əvvəlkilərdən fərqlənmirdi. İyun ayında Moskvada yenidən danışıqlar keçirildi. Bu dəfə də Ermənistan Şuşa və Laçının işğaldan azad edilməsinə razılaşmadı. Onlar Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artdığını bəhanə gətirərək bundan ehtiyatlandıqlarını bildirdilər. Maraqlıdır ki, bu məsələdə həmsədrlərin fikri də ermənilərin bəhanələri ilə üstüstə düşürdü. Elə buna görə də Moskvada aparılan danışıqlarda irəliləyiş əldə edilmədi.

1996-cı ildə Lissabon sammitindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrliyi uğrunda ciddi mübarizə müşahidə edilməyə başlandı. Belə ki, bu dövrdə Minsk Qrupunun həmsədrləri Rusiya və Finlandiya idi ki, onların da mövqeyi əksər hallarda eyni idi. Gərgin müzakirələrdən sonra Finlandiyanın həmsədrliyi Fransa ilə əvəz olundu. Lakin bu da danışıqların gedişində Azərbaycanın mövqelərinin güclənməsinə xidmət etmirdi. Elə buna görə də Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə ABŞ-ın da həmsədr olması məsələsi gündəliyə gəldi. Ermənistan və Rusiya buna ciddi şəkildə müqavimət göstərsələr də, 1997-ci ilin fevralında ABŞ dövlət katibinin müavini Stroub Telbott ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsinə təyin olundu.

Aprel ayında Lissabon sammitindən sonra ilk dəfə olaraq Moskvada ATƏT-in Minsk qrupunun növbəti görüşü keçirildi. Lakin burada da Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hər hansı bir konkret qərarın qəbul edilməsi baş tutmadı. Bundan sonra həmsədrlər fəaliyyətlərini daha da intensivləşdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair layihə üzərində işləməyə başladılar.

 

 

Mövqe.-2011.- 20 aprel.- S. 10.