Siyəzən ili uğurlu nəticələrlə başa vurur

 

Yekunlaşmaqda olan 2011-ci il respublikanın digər şəhər və rayonları kimi Siyəzən üçün də bir sıra uğurlarla yadda qalıb. 2011-ci ilin doqquz ayında rayon üzrə əldə edilən sosial-iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin yüksəlməsini, gəlirlərinin və əməkhaqqıın artmasını təmin edib. İqtisadi və sosial sahələrdəki vəziyyəti əks etdirən ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 48,1 milyon manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artıb.

Ümumi məhsul buraxılışının 55,0 faizi kənd təsərrüfatının, 23,2 faizi ticarətin, 10,7 faizi tikintinin, 9,4 faizi sənayenin, 1,7 faizi nəqliyyat və rabitə sektorunun payına düşüb. Orta hesabla rayon üzrə hər bir nəfərə düşən ümumi məhsul buraxılışı 1237,2 manat olub. Ötən dövrdə əhalinin pul gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq 44604,0 min manata, adambaşına düşən məbləğ isə 1147,2 manata çatıb. Əhali arasında iqtisadi fəallıq artıb, dörd yeni müəssisə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb, 79 yeni daimi iş yeri açılıb.

İlin əvvəlindən sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 4518,0 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun 47,9 faizi mədənçıxarma bölməsində, 6,8 faizi emal bölməsində, 37,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 8,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. Ümumi istehsalın 54,7 faizi sənaye mallarının, 45,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Sənaye məhsulu istehsalının 91,0 faizi dövlət bölməsinin 9,0 faizi isə özəl bölmənin payına düşür. İstehsal edilmiş sənaye məhsulunun əksəriyyəyi istehlakçılara göndərilib. Oktyabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 1175,6 min manatlıq hazır məhsul ehtiyatı olub.

Mədənçıxarma sənayesində ilin əvvəlindən faktiki qiymətlərlə 2161,2 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz çox məhsul, natural ifadədə 34,6 min ton neft, 7,7 milyon kub metr qaz, 48,0 min ton çınqıl-qırmadaş istehsal edilib. Tamamilə özəl bölmədə cəmləşən emal sənayesində 308,3 min manatlıq məhsul istehsal edilib. İstehsal edilmiş məhsulun 80,1 faizi içki də daxil olmaqla, qida məhsullarından ibarət olub. İlin əvvəlindən natural ifadədə istehlakçılara 4,8 min dekalitr şərab, 1,0 min dekalitr disstillə edilmiş üzüm spirti göndərilib.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye xarakterli xidmətlərin həcmi 1681,4 min manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində sənaye xarakterli xidmətlərin həcmi 367,1 min manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,8 faiz artıb. İlin əvvəlindən istehlakçılara 86,0 milyon kvadrat/saat elektrik enerjisi, 23,4 milyon kub metr qaz, 726,6 Qkal istilik enerjisi, 899,8 min kub metr su paylanıb.

İlin əvvəlindən bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına 20996,0 min manat investisiya yönəldilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz çoxdur. İstifadə edilmiş investisiyanın 5145,2 min manatı və ya 24,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Əsas kapitala yönəldilmiş investisiyanın 14826,4 min manatı və ya 70,6 faizi sənayenin, 3213,8 min manatı və ya 15,3 faizi yol infrastrukturunun, 1048,0 min manatı və ya 5,0 faizi kənd təsərrüfatının inkişafına, 493,8 min manatı və ya 2,3 faizi fərdi yaşayış evlərinin, 434,2 min manatı və ya 2,1 faizi sosial mədəni obyektlərin, 245,0 min manatı və ya 1,2 faizi ticarət obyektlərinin, 734,8 min manatı və ya 3,5 faizi digər obyektlərin tikintisinə sərf edilib.

Rayon üzrə tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi 3461,1 min manat təşkil edib və bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,2 faiz çoxdur. Görülən podrat işlərinin 72,0 faizi əsaslı təmirdən, 18,0 faizi isə cari təmir və sair podrat işlərindən ibarət olub.

Bu il Siyəzəndə kənd təsərrüfatı sahəsində də uğurlu nəticələr qazanılıb. 2011-ci ilin doqquz ayında rayon üzrə 26,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib və bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azdır. Oktyabrın 1-i vəziyyətinə, sahələrdən 5044 ton taxıl, 18 ton qarğıdalı dəni, 145 ton kartof, 1055 ton tərəvəz, 365 ton bostan məhsulları, 395 ton meyvə, 112 ton üzüm toplanıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 17,6 faiz, kartof istehsalı 11,5 faiz, tərəvəz istehsalı 12,5 faiz, meyvə istehsalı 12,2 faiz üzüm istehsalı 31,8 faiz artıb, bostan məhsulları istehsalı 43,3 faiz azalıb. Oktyabrın 1-i vəziyyətinə 738 ha şum qaldırılıb, 25 ha payızlıq taxıl əkilib.

İlin əvvəlindən iri buynuzlu mal-qaranın baş sayı 8,3 faiz, qoyun və keçilərin baş sayı 5,9 faiz artıb. Diri çəkidə 8656 ton ət, o cümlədən 7431 ton quş əti, 7604 ton süd, 87 ton yun, 20,3 milyon yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 10,0 faiz, yun istehsalı 14,4 faiz yumurta istehsalı 9,7 faiz artıb. Rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 270,7 manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb. Orta aylıq əməkhaqqı neft sektorunda 553,1 manat, qeyri-neft sektorunda 217,0 manat, dövlət bölməsində 326,2 manat, özəl bölmədə 192,6 manat təşkil edib. 2011-ci ilin doqquz ayında rayon büdcəsinin gəlirləri 5124,0 min manat, xərcləri 4498,0 min manat olub.

Rayon büdcəsinin gəlirlərinin 2124,0 min manatını və yaxud 41,5 faizini yerli gəlirlər, 3000,0 min manatını və yaxud 58,5 faizini mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait təşkil edib. Rayon büdcəsindən xərclənən vəsaitin 443,4 min manatı və yaxud ümumi xərclərin 9,9 faizi İcra Hakimiyyəti orqanlarının saxlanmasına, 2873,4 min manatı və yaxud ümumi xərclərin 63,9 faizi təhsilə, 524,2 min manatı və yaxud ümumi xərclərin 11,6 faizi səhiyyəyə, 141,5 min manatı və yaxud ümumi xərclərin 3,1 faizi idman və mədəniyyətə, 515,5 min manatı və yaxud ümumi xərclərin 11,5 faizi digər sahələrə xərclənib. Büdcə xərclərinin 3453,3 min manatını və ya 76,8 faizi əhaliyə əməkhaqqı, pensiya və müavinət ödənişli xərclər təşkil edib.

Hazırda Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında ayrılmış vəsait hesabına Siyəzən şəhərindəki çoxmərtəbəli binaların dam örtüklərinin, kommunikasiya xətlərinin əsaslı təmiri və həyətlərinin abadlaşdırılması işləri görülür. Belə ki, H.Talıbov küçəsində (Gənclik yaşayış massivi) 8 ədəd çoxmərtəbəli yaşayış binasından artıq 6 ədədinin dam örtüyü sökülərək yenidən vurulub, binaların fasadlarının əsaslı təmirinə başlanılıb. Zirzəmilərində uzun illər yığılıb qalmış çirkab sular təmizlənib və su və kanalizasiya sistemlərinin əsaslı təmiri işlərinə başlanılıb. Hazırda T.İsmayilov küçəsindəki 48, H.Əliyev küçəsindəki 46, M.Zəkiyev küçəsindəki 37 nömrəli binalarda zirzəmilərin təmizlənməsi və su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. M.Zəkiyev küçəsindəki 37 nömrəli binanın dam örtüyünün dəyişdirilməsi başa çatdırılıb və artıq binanın fasadının təmir işləri aparılır. Eyni zamanda H.Talıbov küçəsindəki 7, 8 və 10 nömrəli binaların fasadlarında əsaslı təmir işləri görülür.

Xüsusi göstərmək lazımdır ki, Bakı-Rusiya Federasiyası avtomobil yolunun tikintisi ilə əlaqədar Siyəzən rayonunun giriş yolu bağlanmışdı. Ona görə də rayon rəhbərliyi ilk gündən bu məsələni ön plana çəkib. Artıq yolun 102-ci km-dən Siyəzən şəhərinə, həmçinin həm Bakı, həm də Quba istiqamətində gediş-gəlişə imkan verən yol ötürücüsünün tikintisinə başlanılıb. Eyni zamanda yolun 88-ci km-dən Xızır-Zində ziyarətgahı ərazisindən Siyəzən şəhərinə giriş körpüsünün tikinti işləri davam etdirilir ki, bu da əhalinin rahatlığını təmin edəcəkdir.

Bu gün rayonda "Azəriqaz" İstehsalat Birliyinin xətti ilə Siyəzən şəhərində salınmış yeni yaşayış massivlərində, o cümlədən 28 may, Ş.Baxşıyev, A.Zahirov küçələrində, eləcə də Gilgilçay stansiyası ərazisində və Tuğay kəndində qaz xətlərinin çəkilişi davam etdirilir. Cari ilin iyul-avqust aylarında şəhərdə yaranmış içməli su problemlərinin aradan qaldırııması istiqamətində "Azərsu" ASC tərəfindən bir sıra həlli vacib işlər görülüb və bu gün də bu işlər davam etdirilir.

 

(ardı var)

 

 

Tərlan Nəsirli,

Bakı-Siyəzən-Bakı

 

Mövqe.- 2011.- 24 dekabr.- S. 10.