Türkiyənin sərt və kəskin mövqeyi erməniləri təşvişə salıb

 

Yeni ilin ilk ayı Türkiyə-Ermənistan münasibətlərində yeni gərginliyin başlanması ilə yadda qaldı. Hər zaman Türkiyədən və türklərdən güzəşt görən, əvəzində isə, belə demək mümkünsə, çörəyi dizinin üstündə olan ermənilər elə yanvar ayının ilk günlərindən başqa bir münasibətin şahidi oldular. Təbii ki, bunu həzm edə bilməyəndə özlərinə məxsus, ermənisayağı üsullara əl atmağa başladılar. Bu barədə bir qədər sonra...

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət öncə Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə, eləcə də bölgənin əhalisi ilə görüşündə deyib ki, Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidə söküləcək. Ümumiyyətlə, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib. Baş nazir onu da əlavə edib ki, Qars vilayəti ermənilərin türklərin və azərbaycanlıların başına açdığı çox qırğınlara şahidlik edib. Burada yaşayan insanların böyük əksəriyyəti iyirminci əsrin əvvəllərində ermənilərin törətdikləri vəhşiliklər nəticəsində öz dədə-baba ocaqlarından baş götürüb bu torpaqlara gələn insanlardır. Baş nazir onu da əlavə edib ki, hətta ermənilər burada da onlara sakit yaşamağa imkan verməyiblər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da baş nazirin "İnsanlıq abidəsi"nin sökülməsi fikrinə dəstək verib və deyib ki, abidə şəhərin qədim memarlıq ahənginə uyğun deyil. Qarsın mədəniyyətini əks etdirmir.

Qeyd edək ki, iki il əvvəl ucaldılan abidə yerli sakinlərin kəskin etirazına baxmayaraq, yerində qalırdı. Baxmayaraq ki, bu barədə məhkəmə qərarı da var idi. Nə qədər qəribə görünsə də, abidə ucaldılarkən Ankaradan rəsmi icazə alınmayıb. "İnsanlıq abidəsi" adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim edilən abidənin tikintisinə 2008-ci ildə başlanıb. Abidə ucaldılsa da, tikintisi yekunlaşmayıb.

Xatırladaq ki, Qarsın sabiq bələdiyyə başqanı, ermənipərəstliyi ilə tanınan Naif Əlibəyoğlunun təşəbbüsü ilə hazırlanan, hündürlüyü 30 metr olan, Türkiyədən və Ermənistandan görünən, Türkiyənin ən böyük abidəsi olan "İnsanlıq abidəsi" guya türklərlə ermənilərin "tarixi" dostluğunun simvolu sayılırdı. Abidə kağız üzərində olandan, daha doğrusu, layihə dönəmindən bəri böyük mübahisə və qarşıdurmalara yol açdı.

Qarsdakı "İnsanlıq abidəsi"ni ermənilər qondarma "soyqırım"ın etirafı kimi qələmə verirdilər. Hətta erməni mətbuatı bunu türklərin guya sonrakı peşmançılığı və üzrxahlığı adlandırırdı. Abidənin tezliklə tikilib başa çatmasını ən çox istəyən və gözləyən də elə ermənilər idi. Axı, bu, beynəlxalq aləmdə ermənilərə qondarma "soyqırım" iddialarını daha geniş miqyasda yaymaq üçün əlavə "şans" verəcəkdi. Türkiyənin baş naziri isə onların bu arzularını Qarsa səfəri zamanı gözlərində qoydu. Qars bələdiyyə başqanı Nevzat Bozkuş isə abidənin qoyulmasında məsuliyyət daşıyan rəsmilərin qanun çərçivəsində cavab verəcəklərini istisna etməyib: "Bu, sırf hüquqi məsələdir, hüququn qərar verəcəyi məsələdir. İndidən nəsə desək, yanlış ola bilər". Onun sözlərinə görə, türk-erməni dostluğunun simvolu kimi ucaldılan abidənin söküləcəyi dəqiqdir. Lakin o, söküntü işlərinin nə vaxt aparılacağı barədə dəqiq söz deyə bilmədiyini vurğulayıb: "Abidə Üçlər məhəlləsində tarixi bir məkanda, türklər üçün önəmli və müqəddəs bir yerdə ucalırdı. Buna etiraz edəndə bizi dinləyən tapılmadı. Bundan sonra Ərzurum və Diyarbəkrin Abidələr və Tarixi Əsərlər təşkilatları abidə ilə bağlı qərar çıxardı. Qərarda deyilirdi ki, abidə sökülməlidir. O da qeyd olunmalıdır ki, həmin abidədən cəmi əlli metr kənarda erməni məzarlıqları var. Ermənilər də, təbii ki, öz xislətlərinə uyğun olaraq, "İnsanlıq abidəsi"ni hər yerdə "soyqırım abidəsi" kimi təqdim edir, guya bizim qondarma "erməni soyqırımı"nı etiraf etdiymizi bəyan edirlər".

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözügedən bəyanatına Ermənistanın cavabı özünü çox gözlətməyib. Belə demək mümkünsə, erməni rəsmilərinin kürkünə birə düşüb. Ölkənin kütləvi informasiya vasitələrində isə bu məsələ gündəmə çevrilib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın abidənin sökülməsi barədə çıxışını təəssüf hissi ilə qarşıladığını bildirib. İrəvanda keçirdiyi mətbuat konfransında Nalbandyan deyib: "Erməni-türk əlaqələrinin normallaşması prosesini ləngitməyə yönəldilən hər bir addım bu prosesə yalnız zərər yetirir. Mən bununla bağlı yalnız öz təəssüfümü çatdıra bilərəm". Erməni mətbuatı isə abidənin söküləcəyindən narahatdır. Onlar məsələyə müxtəlif prizmalardan yanaşmaqla ictimai qınaq yaratmaq istəyirlər. Hətta abidənin sökülmə qərarını Türkiyə prezidenti Abdullah Güllə bağlayırlar. Baş nazir Rəcəb Tayyib Ərdoğanın "tarixi" erməni-türk dostluğuna zərbə vurduğunu yazırlar.

Türkiyə mətbuatında yayılan daha bir xəbər isə erməniləri heç də sevindirmədi. Belə ki, Türkiyə sərhədinə çox yaxın olan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasından radioaktiv maddələrin sızması ilə bağlı məlumatlar yer alıb. Turkiyəli ekspertlər artıq İqdır, Ağrı, Tunceli, Hakkari və Şırnakdakı radiasiyanın səviyyəsini ölçməyə başlayıblar. Dünyanın beş ən təhlükəli nüvə stansiyasından biri sayılan Metsamor atom elektrik stansiyası 1976-cı ildə istismara verilib. 1989-cu ildə Spitak zəlzələsindən sonra bağlanan stansiya 1995-ci ildə yenidən işə salınıb. Avropa Birliyi 2003-cü ildən Rusiyanın idarəetməsində olan stansiyanın təhlükəli olduğunu bəyan edərək bağlanmasını tələb edir. Ermənistan hökuməti isə istismar müddəti 2000-ci ildə başa çatan bu stansiyadan yeni atom elektrik stansiyası fəaliyyətə başlayana qədər istifadə edəcəyini bildirib.

Türkiyənin ictimai təşkilatları da Metsamor atom elektrik stansiyasının bağlanması tələbi ilə çıxış edirlər. "Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri Göksal Gülbey deyib ki, Metsamor nüvə stansiyası bölgə üçün böyük bir təhlükə mənbəyidir: "Çatlar və sızıntı yaranması səbəbindən bağlanan Metsamor atom elektrik stansiyasının yenidən istifadəyə verilməsi insanlıq üçün pis nəticələrdən xəbər verir. Stansiyanın bağlanması üçün əvvəllər dörd ölkənin Xarici İşlər Nazirliyinə məktub göndərdik. Bu stansiya nəinki Türkiyə, eləcə də Azərbaycan, Gürcüstan və İran üçün böyük təhlükə mənbəyidir. Bura dünyanın ən köhnə reaktorlarından birinə malikdir. Bundan başqa, birinci dərəcəli zəlzələ bölgəsində yerləşir. Çernobıl AES ilə bənzər texnologiyadan istifadə edilən və sərhədlərimizin yaxınlığında olan Metsamor AES ciddi təhlükədir. Bütün dünyanın, o cümlədən Avropa Birliyinin təhlükəli hesab etdiyi və bağlanmasını dərhal istədiyi AES hələ də istismar edilir".

Hər zaman Türkiyədən, belə demək mümkünsə, özünə qarşı dözümlü davranış görən Ermənistan, deyəsən, bu dəfə türklərin gerçəyi göstərmələri və sərtlikləri önündə davam gətirə bilmir. Sadəcə, gülünc də olsa, qəribə bir fakt. "News.am" xəbər saytı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Boğazda düzənlənən bir yarışmanın başlamasını elan etmək məqsədilə havaya qaldırdığı start tapançasını gerçək silah kimi təqdim edir. Və guya "fotoqraf baş naziri əlində silahla görüntülədi"-deyə xəbər yayır.

Nəhayət, Türkiyə onsuz da beynəlxalq aləmdə məyusluq içərisində boğulan Ermənistanı bir daha məyus etdi. Söhbət AŞ PA-nın qış sessiyasından gedir. Belə ki, AŞ PA-nın qış sessiyasında çıxış edən Türkiyə prezidenti Abdullah Gül Azərbaycan- Ermənistan münaqişəsinə xüsusi yer ayırıb və Azərbaycanın ərazi bütövlüyünün hər kəs tərəfindən tanındığını vurğulayıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu AŞPA-nın qış sessiyasında çıxış edib. Çıxışdan sonra erməni parlamentarinin sualını cavablandıran xarici işlər naziri deyib ki, Cənubi Qafqazda münasibətlərin normallaşması təkcə Türkiyə ilə Ermənistan arasında deyil, Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşmasından asılıdır. Əhməd Davudoğlu xüsusi olaraq vurğulayıb ki, bu gün Ermənistan Avropa Şurasına üzv olan bir ölkənin torpaqlarının 20 faizini işğal edib. Bu da təşkilatın əsas dəyərlərinin pozulması kimi qiymətləndirilir. Əhməd Davudoğlu Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasını nəzərdə tutan protokolların imzalanması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə,Türkiyə qonşuları ilə bütün məsələləri açıq şəkildə müzakirə etməyə hazırdır. Mövcud problemlər bu normallaşmanın həyata keçirilməsinə maneələr yaratdı. Əhməd Davudoğlu Türkiyənin onu əhatə edən ölkələri dost kimi gördüyünü də vurğulayıb. Əlavə edib ki, əgər Ermənistan da ətrafında dost ölkə görmək istəyirsə, Azərbaycanı da dost qismində görməlidir. Belə olan halda Qafqazda sülh və sabitlik bərqərar olar.

 

 

Ağanisə Sultanova

 

Mövqe.- 2011.-11 fevral.-S.4.