Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsindən 42 il ötür

 

O dövrdə SSRİ-nin tərkibində olan respublikanın tarixinə yeni səhifələr yazılmağa başladı

 

Qırx iki il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet Azərbaycanının tarixində gələcək müstəqil Azərbaycanın tarixinə hesablanmış böyük və misilsiz bir hadisə baş verdi. Bütün ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına bağlamış, taleyi Azərbaycan adı ilə qoşa yazılmış xalqımızın xilaskar oğlu, dünyanın ən böyük siyasətçilərindən biri olan Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladı.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 42-ci ildönümünü qeyd edirik. Ulu öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi Azərbaycanın ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. Həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyəti, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları öncə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinə qədərki vəziyyətə nəzər salmaq lazımdır. Hər bir hadisədə nailiyyəti, mənanı anlamaq üçün mütləq müqayisə aparmaq lazımdır. Heydər Əliyev və müstəqil Azərbaycan. Bunlar biri-birinə bağlı olan məsələlərdir. Biz Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. Müstəqil Azərbaycanın Konstitusiyası Heydər Əliyevin şah əsəri olaraq Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının müəyyənləşdiricisidir. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Heydər Əliyev tərəfindən yaradılıbdır.

1969-cı ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə həm SSRİ-i məkanında, həm Azərbaycanda sosial,iqtisadi, siyasi, mədəni və ictimai həyata nəzər salsaq, Azərbaycanın o dövrdə bir respublika kimi SSRİ-nin müttəfiq bir respublikası kimi iqtisadi baxımdan ittifaq miqyasında digər respublikalardan geri qaldığını görərik. İstər kənd təsərrüfatının istehsalı, istər sənaye məhsulu istehsalı baxımından müqayisəli şəkildə baxdıqda, Azərbaycanın inkişaf etmədiyini görürük. Azərbaycanın iqtisadi baxımdan inkişafdan geridə qalması müşahidə olunurdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. SSRİ dağılmaq ərəfəsində bir neçə müttəfiq respublika iqtisadi baxımdan özünü təmin edə bilərdi. Bunlardan biri Rusiya Federasiyası, Ukrayna, digəri isə Azərbaycan idi. Qalan respublikalar Ittifaq büdcəsi hesabına yaşayırdılar,ittifaq büdcəsindən əlavə vəsaitlər alırdılar, halbuki Azərbaycan özü-özünü maliyyələşdirmək imkanına malik idi. Bütün bunlar da ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli bir rol oynadı. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı. Hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, milli vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Milli şüurun inkişafı, milli tarixin öyrənilməsi, milli kadrların yetişdirilməsi, o cümlədən, Azərbaycanda milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə, bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı. Ulu öndər Heydər Əliyevin gələcək müstəqil dövlətin köklü, fundamental əsaslarını hakimiyyətinin ilk dövründə yarada bilmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyəti ilə bağlı çox əhəmiyyətli tədqiqat işləri, fundamental kitablar yazılıbdır. Ulu öndər Heydər Əliyevin hakimiyyət illəri Azərbaycanın dönüş, dirçəliş dövrü idi. Ulu öndər Heydər Əliyevin yaratdığı həmin əsaslar 1988-ci ildə Azərbaycana qarşı Ermənistanın ərazi iddialarının yenidən baş qaldırdığı bir vaxtda özünü xalqın ayağa qalxmasında büruzə verdi. Ümummilli lider Heydər Əliyevin yetişdirdiyi milli kadrlar müstəqil Azərbaycanın yaradılmasında rol oynamaqla ərazi bütövlüyünün qorunmasında ciddi iş apardılar. Dahi rəhbərimizin başladığı siyasət milli ordunun quruculuğu istiqamətində, iqtisadi-sosial həyatda atılan addımlar bizim üçün çox əhəmiyyətli bir rol oynamaqdadır. Ümummilli lider Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyubdur. 1993-1998, 1998-2003 -cü illərdə Azərbaycanın rəhbəri olduğu dövrdə başladığı müstəqil Azərbaycanın quruculuğu işlərini davamlı olaraq həyata keçirmişdir və müstəqil dövlətin quruducusu, yaradıcısı kimi Azərbaycan tarixində ümummilli lider səviyyəsində özünə yer tutmuşdur. Ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. Bu yol güclü, qüdrətli, zəngin, lider yolu deməkdir. Bu yol bütün dünya azərbaycanlıların azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi deməkdir. 42 il bundan əvvəl başlanan yol bundan sonra Azərbaycan üçün aparıcı yol olacaq və Azərbaycan xalqı daimi ulu öndər Heydər Əliyev yolu ilə gedəcəkdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin fundamental prinsipini yaradıbdır. Hər bir dövlət müəyyən ideoloji, siyasi prinsiplərə söykənir. Ulu öndərimiz Azərbaycan dövlətçiliyi, Azərbaycanın inkişafı üçün altı mühüm prinsip müəyyənləşdirib. Bu prinsiplər içərisində başlıca prinsip azərbaycançılıqdır. Azərbaycançılıq, eyni zamanda, sosial ədaləti, qanunçuluğu digər başqa prinsipləri özündə birləşdirərək, ölkəmiz üçün əsaslı rol oynayır. Varislik prinsipi Azərbaycan siyasətində çox əhəmiyyətli yer tutur cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövlətinin söykəndiyi varislik prinsipi dövlət idarə modeli, iqtisadi model. Eyni zamanda, əldə etdiyimiz uğurların növbəti mərhələdə daha da inkişaf etdirilməsi ilə ölkəmizin irəliyə aparılmasına xidmət edir. Varislik ictimai, iqtisadi, siyasi, sosial, ideoloji baxımdan ölkənin inkişaf etdirilməsi deməkdir. Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafı üçün çox ciddi addımlar atır. Cənab Prezident Azərbaycanın iqtisadi inkişaf modelini daha yüksək səviyyəyə qaldırmışdır. Bu gün dünyanı bürüyən qlobal iqtisadi böhran şəraitində Azərbaycanın əldə etdiyi uğur, inkişaf göz önündədir. Cənab Prezident Zaqatalada əhali ilə görüşərkən ölkəmizin iqtisadi inkişafının dinamik xarakter aldığını bildirdi. Bu iqtisadi uğurların sizləri, bütün Azərbaycan xalqının yaşayış durumunu daha da yaxşılaşmasına yardımçı olduğunu qeyd etdi. Azərbaycanın inkişafının əsasında dayanan fundamental prinsiplər sırasında varisliyin daha yüksək səviyyədə qorunduğunu inkişaf etdiyini Prezident İlham Əliyevin həyata keçirdiyi daxili, xarici siyasətdə qabarıq şəkildə görürük. Bu gün ulu öndər Heydər Əliyev siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir Qurtuluşdan böyük qələbəyə doğru getməkdəyik.

Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, 1969-cu ilin 14 iyul günü hər bir azərbaycanlının şərəflə yad etdiyi gündür. Bu gün ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gün olduğu üçün onun şah əsəri olan Azərbaycanın parlaq tarixidir.

İlk öncə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gələnə qədər respublikamızda mövcud olan durumu şərh edərkən, onu qeyd etmək lazımdır ki, SSRİ vahid Dövlət Proqramı ilə idarə olunsa da, Azərbaycanda iqtisadi, siyasi, aqrar sahələr inkişaf etməmişdi. Hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Lakin ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr yüksək sürətlə inkişaf etməyə başladı. Heydər Əliyev xalqın içindən çıxdığı üçün xalqın potensialını çox gözəl bilirdi. Ümummilli liderin idarəçilik, liderlik qabiliyyəti çox yüksək səviyyədə idi. Ulu öndər Heydər Əliyev insanlarla gözəl ünsiyyət yarada bilirdi, onların problemlərini dinləyir və problemlərin aradan qaldırılmasının yollarını axtarıb tapırdı. Xalqın Heydər Əliyevə inamı sonsuz idi. Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bütün sahələri paralel sürətdə inkişaf etdirdi. İqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar və nəticələr əldə olundu. Əhalinin əməkhaqları artırıldı, insanlar daha rahat yaşamağa başladı.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ziyalılara inamı özünə qaytardı, mənəvi ab-havanı yüksəltdi, milli dəyərlərin öyrənilməsinə, qorunmasına böyük bir yol açdı, Azərbaycanda təhsilin və səhiyyənin səviyəsinin qaldırılması üçün hərtərəfli işlər gördü, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirdi, SSRİ-nin qabaqcıl universitetlərinə məzunlar göndərdi. Ulu öndər Heydər Əliyevin dəstəyi nəticəsində həmin dövrün mədəniyyət xadimləri dünyada tanınmağa başladı. Ulu öndər bir çox beynəlxalq tədbirlərin Bakıda keçirilməsinə nail oldu. Qısa bir dövrdə dahi öndər Heydər Əliyev Azərbaycanı elə bir yüksək səviyyəyə çatdırdı ki, Onun gördüyü işlərin xalqı, vətəni üçün həqiqətən də, nə qədər dəyərli olduğunu sübut etdi. Ulu öndər hər zaman xalqımızı, xalqın ziyalılarını, milli düşüncəli insanları qoruyurdu. O, heç bir sahəni diqqət və qayğısından kənarda qoymurdu. Hər bir sahənin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu diqqət və qayğını əhalinin bütün təbəqəsi görürdü. Heydər Əliyevlə xalq arasında yaranan inam daimi və əbədi oldu. Bu inamı heç nə sarsılda bilməz. Ümummilli liderin hakimiyyətə gəlişini Azərbaycanın yenidən dünyaya gəlməsi kimi qiymətləndirmək olar. O, Azərbaycanı bütün dünyada tanıtdı. Bütün dünyanın diqqəti Azərbaycana yönəldə bildi. Dünya dövlətləri Azərbaycanla əməkdaşlığa can atıb, ölkəmizlə dostluğa, qardaşlığa söykənən əlaqələr qurdu və bu özünü bu gün də göstərir. Bütün bunlar Heydər Əliyevin rəhbərliyi nəticəsində reallaşdı.

Ulu öndər Heydər Əliyev elə bir proqram hazırladı ki, bu proqram Azərbaycanın uzunmüddətli inkişaf proqramı oldu. Biz bu gün də, ümummilli liderin proqramına əsasən inkişaf edirik. Cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən ölkəmiz yüksək səviyyədə inkişaf edir. Cənab İlham Əliyev Heydər Əliyev yoluna sadiq qalmaqla, ən yüksək səviyyədə davam etdirir.

 

 

A.    Mənsumə.

 

Mövqe.- 2011.- 5 iyul.- S. 4.