Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq mənim üçün böyük məsuliyyətdir

 

"Hörmətli Tomas Qoltsa gözəl kitablara, xüsusən onun gündəliyinə görə çox təşəkkür edirəm. Təbiidir ki, həmin kitablar hörmətli Tomas Qoltsu istedadlı yazıçı, jurnalist kimi bir daha nümayiş etdirir. Amma, eyni zamanda o, Azərbaycanın o ağır dövrünün tarixini kənar şəxs kimi obyektiv əks etdirir".

 

Heydər Əliyev

 

O, ilk dəfə Azərbaycana hadisələrin ən gərgin vaxtında - 1991-ci ildə gəlib. Ölkədə baş verən dəyişikliklərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin şahidi olmuş yeganə əcnəbidir. Bundan başqa, Xocalı faciəsini gözləri ilə görən və bu barədə beynəlxalq aləmə məlumatlar yayan ilk xarici ölkə jurnalistidir. Şahidi olduğu bütün hadisələr təfərrüatı ilə "Azerbaijan Diary" (Azərbaycan gündəliyi" kitabında cəmləşdirilib.

Əlbəttə, söhbət bu gün adı Azərbaycan cəmiyyətinə yaxşı bəlli olan amerikalı Tomas Qoltsdan gedir. O, 1954-cü ildə Yaponiyada anadan olub. Karyerasına Çikaqo və Nyu-Yorkda aktyor və dramaturq kimi başlasa da, sonralar diqqətini xarici dilləri və tarixi öyrənməyə yönəldib. 1985-ci ildə Orta Şərq Araşdırmaları üzrə Nyu-York Universitetini bitirib.

Tomas İstanbulda sərbəst formada bir sıra qəzet və agentliklərlə əməkdaşlıq edən müxbir kimi fəaliyyət göstəririb. Bu dövrdə onun jurnalist fəaliyyəti Bolqarıstan, Kipr, Misir, Almaniya, İraq, İordaniya, Sudan və Suriyanı əhatə edir. 1990-cı ildə Cari Dünya İşləri İnstitutu Sovet Orta Asiyası üzrə türkdilli respublikaları araşdırmaq üçün ikiillik tədqiqat proqramını ona həvalə edir. Lakin qəribə bir təsadüf onu Bakıya gətirib çıxarır və iki həftə keçməmiş bu amerikalıda sözün əsl mənasında Azərbaycana maraq və sevgi yaranır. Elə bu sevginin təsiri altında 1991-ci ildən bu günə qədər Tomas Qolts Azərbaycan üçün çox böyük işlər görüb.

Qarabağ müharibəsinin ən qızğın vaxtlarında hadisələrin mərkəzində olan bu amerikalı baş verənləri beynəlxalq aləmə çatdırmaqla bütün dünyanın diqqətini Azərbaycana yönəltməyə nail olub.

Bakıya budəfəki səfəri də bir sıra mühüm səbəblərdən qaynaqlanır. Qədim İçərişəhərdə təmtəraqdan uzaq hotelə çəkilib gərgin iş ilə məşğul olan cənab Qolts söhbətə daha əvvəldən, doxsanıncı illərdən başladıq.

- Cənab Qolts, hər kəs sizi azərbaycanlıların dostu kimi tanıyır. Amma okeanın o tayında yaşayan fərqli din, dil və hətta adət-ənənəni təmsil edən bir amerikalıda Azərbaycan sevgisinin olması bir qədər qəribə səslənir.

- Bunun çox maraqlı tarixçəsi var. 1990-cı ildə Amerikanın Cari İşləri İnstitutunun xətti ilə Sovet Orta Asiyası üzrə türkdilli respublikaları araşdırma işinə başladım. Amma nədənsə Orta Asiya məndə maraq yaratmırdı. O zaman birinci Körfəz müharibəsi gedirdi. Amerikadan Türkiyəyə gəldim və bir qədər Şimali İraqda çalışdım. İyul ayında İstanbul-Moskva-Daşkənd reysinə bilet almaq üçün İstanbula gəldim. Amma mənə bu bileti satmaq istəmədilər. O zaman Ankarada işləyən və yaxın dostum olan Yalçın Əlizadə adlı azərbaycanlı müxbir mənə dedi ki, İstanbul-Bakı reysi üzrə bilet al. Vizan yoxdur, amma sərhədçilərlə birtəhər dil taparsan. Mənim ailəm səni o biri tərəfdə qarşılayacaq. Beləliklə, həyat yoldaşımla Bakıya gəldik. İki həftə bu şəhərdə qaldıqdan sonra diqqətimi dörd mühüm məqam çəkdi: Siyasi hakimiyyət dəyişmək üzrədir, yəni Xalq Cəbhəsi hərəkatı sürətlənib, rejim çökür, neft sahəsi, Ermənistan-Azərbaycan müharibəsi. Beləcə, heç özüm də bilmədən Azərbaycana maraq yarandı. Mən Orta Asiya üzrə mütəxəssis olacaqdım. Amma təsadüf hər şeyi dəyişdi.

Bakıda bir ay qalacaqdım. Amma sonrakı proseslərin gedişində Azərbaycan müstəqil ölkə oldu. 1991-ci ilin oktyabr ayında Azərbaycan Xarici İşlər Nazirliyinin xarici mətbuat xidməti ofisi yarandı və həmin ofisdə akkreditə olunmuş ilk əcnəbi müxbir mən oldum.

- Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə hələ o, Naxçıvanda olarkən görüşmüşdünüz. Nə üçün onunla görüşə belə can atırdınız?

- Sovetlər Birliyi dönəmində çox məşhur bir adam haqqında oxuyub-eşitmişdik. Bakıda mənə məlum oldu ki, indi o, ən ucqar yerdə yaşayır. O, Heydər Əliyev idi. 1991-ci ildə Naxçıvana getdim və onunla görüşdüm.

Mənə maraqlı idi ki, Kremldə işləmiş bir adam indi Naxçıvanda necə yaşayır?! Ona görə getdim və bu, onun xoşuna gəldi.

- İlk görüş necə oldu və sizdə hansı təəssürat yarandı?

- O zaman Qərbdə və Amerikada belə bir fikir var idi ki, Heydər Əliyev siyasi səhnədən birdəfəlik gedib. Mən onunla müsahibəni "Vaşinqton Post" qəzetinə satmaq istədim. Amma bu müsahibə o zaman onlar üçün maraqlı deyildi. Söhbət zamanı mənim üçün Qərbdə və Amerikada formalaşan fikir alt-üst oldu. Düşündüm ki, bu insanın böyük iradəsi var. Sülhü bərqərar etmək üçün yaşayır.

- Maraqlıdır, Heydər Əliyevlə söhbətinizin mövzusu nə idi?

- O, mənimlə elə söhbət edirdi ki, guya mən sovet mütəxəssisiyəm. Moskvada bütün siyasi mövqelər haqqında danışırdı. Tamamilə yad ölkə, yad insanları olan Azərbaycan və hamıdan da maraqlısı Heydər Əliyev idi. Çünki, əslində, söhbət etdikcə onun böyüklüyü görünürdü. Dahi olmaq üçün çoxtərəfli olmalısan. Bu keyfiyyətlər isə onda var idi.

Heydər Əliyev dahi insan idi. O, Azərbaycanla digər ölkələr arasında siyasəti balanslaşdıra bilirdi.

- Cənab Qolts, məlumdur ki, "Bakı-Ceyhan Neft Odisseyası - 2000" lahiyəsi üzrə keçirilən yürüşün ideya müəllifi siz olmusunuz. Azərbaycanın ümummilli lideri Heydər Əliyev sizin ideyanızın reallaşmasına dəstək verib. Yürüşün məqsədi nə idi?

- Dahi insan olan Heydər Əliyevə mənə qarşı yaxşı münasibətinə görə həmişə minnətdar olmuşam. 2000-ci ilin 22 avqustunda prezident Heydər Əliyev məni qəbul etdi və ideyama dəstək verdi. On iki gün davam edən məcarayabənzər bu yürüşlə, sanki, Azərbaycan mədəniyyətini təbliğ edirdik. Yollarda mahnılar, rəqslər ifa olunurdu. Biz bu yürüşlə göstərmək istəyirdik ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşması mümkündür. Çünki bilirsiniz ki, borunun tikintisindən öncə ona qarşı çıxanlar var idi. Bu həm də Heydər Əliyevin böyüklüyünü göstərirdi. Buna qədər hər kəsə elə gəlirdi ki, iqtisadi maraqlar siyasi maraqların üzərində durur. Lakin Azərbaycan prezidenti Heydər Əliyev hamıya sübut etdi ki, siyasi maraqlar iqtisadi maraqlardan daha vacibdir.

Onu da deyim ki, dahi liderin həssas yumor hissi var idi. O, şəxsən mənə bir çəllək neft verdi dedi ki, apar bütün dünyaya sübut et ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri xəyal yox, reallıqdır. Mən həmin nefti hələ o böyük dahi insandan yadigar olaraq saxlayıram.

Beləliklə, 2000-ci ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə "Kim deyir ki, geosiyasət əyləncə ola bilməz?" şüarı altında motosikllə yürüş təşkil etdim. Və simvolik olaraq bir çən Xəzər xam neftini Aralıq dənizi sahilinə çatdırdıq. Yürüş zamanı Türkiyədən, Gürcüstandan keçdik, nəhayət, Ceyhana çatdıq. Yolüstü Şevardnadze ilə də görüşdüm. Heç vaxt motosikletlə səfərdə olmamışdım. Yürüşün sonunda komanda qarşısında etiraf etdim ki, ömrümdə bu qədər dövrə vurmamışdım.

- Azərbaycana gəldikdən sonra jurnalist kimi fəaliyyət göstərmisiniz, Qarabağ müharibəsinin ən qaynar nöqtələrində olub Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmısınız. Bəs bu, sizin üçün çətin deyildi? Axı o zaman Qərbdə və Amerikada erməniləri müdafiə edir və onlara daha çox inanırdılar.

- Bu, çox çətin idi. Mən beynəlxalq aləmi inandırmalı idim ki, Azərbaycan tərəfə ermənilər hücum edib. Bu, həmişə problem yaradırdı. Hətta bu gün də çətindir. O zaman Qərb mətbuatı yazırdı: "Azərbaycanlılar müsəlman, ermənilər isə xristiandırlar". Ermənilər həmişə bu faktordan istifadə edirlər. Mən xristian mənşəliyəm və ya xristian mədəniyyətindən gəlmişəm. Əgər erməni deyirsə ki, mən xristianam, bu, mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Eyni zamanda bu, onların hərəkətinə haqq qazandırmır. Lakin Avropada və Amerikada elə insanlar var ki, deyirlər: "Əgər onlar xristiandırlarsa, deməli, düzgün hərəkət edirlər". Elə həqiqəti yaymağa da mane olan bu amillər idi. 1991-ci ildən 1994-cü ilə qədərki dövr Azərbaycan üçün çətin illər idi. Həmin illərdə jurnalist kimi Laçın, Kəlbəcər, Şuşa, Xocalıda olmuşam. Budəfəki səfərimdə də millət vəkili Qənirə Paşayevanın xahişi ilə Tovuza getdim. Tərtər, Bərdə tərəflərdə oldum.

- İyirminci əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsini də öz gözləri ilə görən əcnəbi müxbir siz olmusunuz. Hadisə ilə bağlı məhz sizin yazdığınız məqalədən sonra Qərb mətbuatı məsələyə diqqət yönəltdi. Həmin illəri necə xatırlayırsınız?

- Xocalı fəlakəti Azərbaycanın milliyyətçilik təqvimində ən böyük əks-səda yaradan tarixlərdən biri kimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş Bakı qırğını ilə birlikdə tarixə qanla yazıldı. O zaman mən Xocalıya - Ağdam cəbhəsinə getdim və gördüklərimdən dəhşətə gəldim. Şəhərdə nə qədər adam vardısa, hamısını dəhşətli şəkildə qətlə yetirmişdilər. Fevralın 27-də "Vaşinqton Post" qəzetinin üç səhifəsində Xocalı qırğını haqqında mənim məlumatım dərc edildi. Bundan sonra Londonun "Sanday Times" qəzetinin birinci səhifəsində bir məqalə verildi. O vaxtdan sonra dünyanın müxtəlif yerlərində öldürülənlərin sayı ilə maraqlanmağa dəhşətli bir hadisənin baş verdiyini təsdiq etməyə başladılar. Mən Azərbaycan üçün çətin olan illəri baş verən hadisələri "Azərbaycan gündəliyi" kitabında qələmə almışam.

Səfərimin səbəbi isə "Xocalı" sənədli filminin proyekti ilə əlaqədardır. Çünki mən bu hadisələrin şahidi olmuşam. Mən, eyni zamanda köhnə dostlarımla görüşmək istəyirəm. Bəlkə Qəbələyə velosipedlə yürüş etdim.

- Filmin çəkilməsi kimin ideyasıdır və onu nə zaman çəkməyə hazırlaşırsınız?

- "Xocalı" sənədli filmi proyektinin arxasında Heydər Əliyev Fondunun Moskva nümayəndəsi Leyla Əliyeva dayanır və mən də "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən bu proyekti dəstəkləyirəm. Mənim Londonda yaşayan gənc dostum Taleh Heydərov da çox aktivdir və bu proyekt maraqlı olduğundan onu dəstəkləyir. Bizə, eyni zamanda Heydər Əliyev Fondu, İslam Şurası Təşkilatının Gənclər Forumu dəstək verir. Filmin nə qədər vaxta ərsəyə gələcəyini bilmirəm. Onu çəkmək üçün ən azı Vaşinqton, London, Nyu-York və böyük ehtimalla Moskvaya getmək lazım gələcək. Çünki biz adları Rusiyanın insan hüquqları tarixi salnaməsinə daxil olan insanlardan da müsahibələr götürmək istəyirik. Ona görə ki, onların Xocalı barədə hesabatları var idi.

- Cənab Qolts, yəqin razılaşarsınız ki, artıq on yeddi ildir ki, "azərbaycanlısınız". Ölkənin hansı regionu daha çox xoşunuza gəlir?

- Bu sual mənim hansı meyvəni daha çox bəyənməyimə bənzəyir. Bu üzdən Azərbaycanın bütün regionlarını sevirəm. Lakin mən dağlıq yerdən - Montanadan olduğum üçün dağlıq əraziləri sevirəm. Odur ki, Qəbələ, Tovuz, Zaqatala, Şəki məni özünə daha çox cəlb edir.

 

 

A.    Mənsumə

Mövqe.- 2011.- 12 iyul.- S. 4.