İlaxır çərşənbədəki Bakı

 

ya Kosa, Keçəl, sən hardan gəlmisən?

 

Ötən gün ilaxır çərşənbəydi. Necə deyərlər, yurdumuza bahar gəlir. İlaxır çərşənbədə daha çox tonqal qalayıb, qapı pusur, küsülülülər barışır, evdar qadınlar isə şirniyyat hazırlayırlar. Novruz bayramını yaş ötdükcə daha kövrək, uzaqlarda qalan doğma mərasim kimi qarşılayıram. Novruz uşaqlıq xatirələrimin bələdçisidir. Bayram ərəfəsində bayram günlərində özümü bayram ovqatına kökləyə bilmirəm bu üzdən. Elə hey dartır dərinliklərdə itib-batmaqda olan çılğın uşaqlıq hisslərimi.

Bütün bunlara baxmayaraq, şəhərə başmaq seyrinə çıxmışdım. Dedim, görüm ilaxır çərşənbəni yurdumuz, daha doğrusu, paytaxtımız necə qarşılayır. İşdən çıxıb, yaxınlıqdakı bazara üz tuturam. Bayram şamı almaq məqsədilə girdiyim bazarda alıcıların azacıq artdığının, satıcıların isə qiymətləri xeyli bahalaşdırdığının şahidi oldum. Özümü bayram ovqatına kökləmək istəsəm də, bu, alınmadı. Qapıdan içəri girən kimi gonbul satıcı qadının kal səslə "gəl, meyvə al, xonçaya düz, gəl, bazarlıq elə" müraciətinin ardınca gileyləri gəldi: "almırsan alma, forsuna bax e". Bazarın başqa yerində adicə bayram şamlarının qiymətini soruşanda bəlli oldu ki, dünənkindən 20 qəpik bahalaşıb.

Novruzun yaşıl atributu, bərəkət rəmzi səməninin də qiyməti 30-20 qəpik bahalaşmışdı. Amma bir yerdə 50 qəpiklik səmənini bir manat 20 qəpiyə satan satıcıyla yaşlı qadının deyişməsi heç də bayram ovqatında deyildi. Qadın lopabığ satıcıya insaflı olmağı məsləhət görür və bayram olduğunu xatırladırdı. Lopabığ satıcı isə "özün ək də, qadın deyilsən?" kimi tənə vururdu. Axır ki, yaşlı qadın səmənini almadı. Amma acıdil satıcının da "payını" verdi: "O boyda Yaponiya dağıldı, ay görməmiş, sənə də qalmayacaq yığdığın". Qadının sözlərinə ətrafdakılar gülüşdü. Artıq Novruz çiçəkləri hər yerdə baş qaldırsa da, deyim ki, söhbətləşdiyim şəhər sakinləri də qayğıların bolluğunda, ölkədə od tutub yanan bahalaşmada bayram ab-havasını o qədər də duymadıqlarını dedilər.

İndi isə üz tuturam digər ticarət köşkünə - 3-cü mikrorayon bazarına. Bayram reportajına bazarlardan başlamağımın səbəbi var. Adətən adi günləri necə gəldi yola verən insanlar bayram günlərində təmtəraqlı olsun deyə daha çox alış-veriş edirlər. Buna görə də bayram günlərində bazarlarda qələbəlik olur. Lakin bayaq dediyim kimi, bu bayramda o qədər də qələbəlik sezilmir. Alıcılar isə başqa illərdəkindən fərqli olaraq, bir-iki gündə qaldırılan qiymətlərə aqressiv şəkildə etiraz etmirlər. Sadəcə, sakit, köks ötürməklə satıcının sözünü ağzında yarımçıq qoyub uzaqlaşırlar. Adi günlərdə, 1 manat olan yerli alma da 1 manat 50 qəpiyə qalxıb. Amma buna da etiraz edənlər çox deyildi. Görünür, adamlar ya etiraz etməkdən beziblər, ya da etirazetmə qabliyyətini itiriblər. Bazarı deyinə-deyinə tərk edən qoca kişi isə çox maraqlı fikir söylədi: "Heç olmasa bayram günlərində adambaşına hər ailəyə 10 manat pul da vermir bu dövlət. Çünki bizim heç 10 manatlıq dəyərimiz yoxdur. Nolub ki, 10 manata iki kilo ət almaq olmur".

 

Kosa, Keçəl, Şaxta baba araxçın

 

İçərişəhərdə bayram tədbirləri olacağını eşidib ora gedirəm. 85 saylı marşruta ayağımı qoymağıma peşman oluram. Burda da sürücüylə ortayaşlı bir qadının savaşı pik həddə çatıb. Qadın sürücüyə, sadəcə, "adam kimi danış"mağı tövsiyyə edirdi. isə, heç bu ilaxır çərşənbədən bayram iyi gəlmir deyəsən fikriylə marşrutda otururam. Daha doğrusu, ayaq üstə dayanıb, dayanacağı gözləyirəm. Artıq səhərdən xarablaşan ovqatıma qarşı tərəfdə oturan iki cavan kişinin söhbəti yekun vurur. Onlar sürücüylə qadının dalaşmasından danışırlar. Hər ikisi sürücülərin həddini aşdıqlarını, yolu düz-əməlli tanımadıqlarını yaxşı sürə bilmədiklərini bir-birinə az qala pıçıltıyla deyirdilər. Qadının isə hirsi soyumurdu. O da eyni sözləri sanki eşidib, daha ucadan təkrar edirdi. Amma kişilərdən fərqli olaraq, pıçıltıyla arxada danışmırdı. Sözünü üzə deyirdi. Özü qışqıra-qışqıra.

Yolda marşruta milli rus geyimində bir kök qadın daxil olur. Deyəsən, harasa tələsir. Bu geyim qadının üzündəki xoş ifadə içəri sanki sərinlik gətirir. Uşaqlıqdan slavyan xalqalarının milli geyimlərini çox sevirəm. Çox şən, al-əlvan, açıq rəngli bu geyimdən vaxtsa mənim olmasını arzulamışam.

Ağbəniz rus qadını yanaqlarını məzəli şəkildə qırmızıyla boyamışdı. Elə bil, yanağında çiçək açmışdı. Şükür, hirsli, deyingən qadının da səsi kəsildi. O, marşrutdan düşdü. Aha, indi də sürücü başladı. Bayaq yavaş səslə sürücüyə etirazlarını pıçıldayan iki cavan sərnişinin dili uzanmışdı, səsləri də ucadan gəlirdi. Hər ikisi qadının çox "tərbiyəsiz" olduğunu deyirdi. Bu da biz. Ancaq fikrim artıq məşğul idi. Kök, şən rus qadınının əynindəki milli geyim Şaxta babayla Qar qızı xatırlatdı mənə. Şaxta babayla Qar qız isə yadıma Keçəllə Kosanı saldı. Və yolboyu Kosayla Keçəli milli geyimlə bəzəməyə başladım. Başlarında araxçın, əyinlərində arxalıq və adam kimi... Bəzəmə əməliyyatıma səbəb var idi. Bizə dilənçi lazımdırmı? Bəlkə, elə bütün bu dilxorçuluğmuzun arxasında dayanan məqamlardan biri də elə Kosayla Keçəldir. Axı ili necə başlasan, elə də yola verirsən. Biz isə hər ilimizi süfrəmizə, şirnimizə göz dikən yaltaq, yalançı, fırıldaqçı, mənliyi olmayan, cır-cındırından it hürkən, ən başlıcası isə hardan gəldiyi bəlli olmayan Kosayla Keçəllə başlayırıq. Odur ki, ilboyu qazancımız özümüzün olmur. Hər zaman qazancımıza, səadətimizə, rahatlığımıza göz dikən daxili və xarici düşmənlərimizin, üzdəniraq məmurlarmızın zülmüylə üzləşirik. Bizə zülm lazımdırmı?

 

İç şəhərimizin İç bayramı-Novruz

 

Nədənsə, Qobustandakı qayaüstü rəsmlərə baxanda həmişə düşünmüşəm ki, onlar bayram edirlər. Bu təsvirlər əslində ilaxır çərşənbənin, Novruz Bayramının, Yeni Günün sevincidir. İçərişəhərdə həmişəki kimi doğma bir ruh var sanki. Burda sərgilənən qədim xalçalar, geyimlər, qab-qacağı, elə bil, indicə, milli geyimdə oturmuş kukla xanımlar yuyub-siləcək, iri mis qazanlarda aş dəmləyəcək. Hər şey o qədər şirin, o qədər canlıdır ki. Amma burda da bəzi şeylərin qiymətində artım müşahidə edilir. Eyni zamanda başqa gündəki kimi alanlar satanlardan çox azdır. Bütün bunlara baxmayaraq, İçəri şəhərmizdə, İç şəhərmizdə sanki bir canlanma var. Qədim divarlardan o zamanlar çatılmış Novruz tonaqlının tüstüsü hələ də gəlir. Elə istisi də...

 

Yad ünsürləri kim əzizlədi?

 

Hələ də Kosa və Keçəlin geyimi və hardan gəlməsi fikri beynimi məşğul etməkdədir. Doğrusu, deyim ki, heç vaxt bu yad ünsürləri sevməmişəm. Milad Bayramında bacadan girib, uşaqlara sovqat qoyub, xəlvəti aradan çıxan, hündürboylu, utancaq, qırmızıyanaq, sağlam, xoşbəxt görkəmli Şaxta babadan fərqli olaraq, qapıdan içəri soxulub, çiynindəki cırıq-cındır torbasını doldurmağı tələb edən Kosa bizim qədimdən-qədim bayramımıza hardan gəlib çıxıb? Daha doğrusu, bu arsızı kim bayramımızın atributuna çevirib? Səməni bərəkət, onun belinə bağlanan qırmızı lent şənlik rəmzi olduğu halda Kosa, Keçəl nəyin rəmzidir?

Bayram tonqalının, müqəddəs bildiyimiz tonqalın başında əzizləyib, xurcununu min bir əziyyətlə, sevgiylə hazırladığımız şirniyyatlarla doldurduğumuz bu eybəcərləri bizdən başqa hansı ölkədə sevərlər?

Amalı ildə bir dəfə, xoş günümüzdə gəlib, başımızın üstünü kəsdirib dilənmək və yığdıqlarıyla ildə bir arvad almaq olan Kosanı, daha doğrusu, cadugəri ("Kosam bir oyun eylər, quzunu qoyun eylər") sevmək kimin ağlına gələrdi? "Kimi və niyə sevirik" və ya "Kim sevdirir?" suallarının cavabı çox gecikib, lap çox. Bir sözlə, bu Novruz da xeyli kövrək xatirələriylə, xeyli cavabsız suallarıya gəldi.

Evə dönəndə artıq gec idi. Uşaqların həyətdə qaladığı ocağın gözü işıldayırdı. Gec də olsa, tonqalın üstündən atdanıb "ağrım-acım, sorğu -sualım ötən ildə qalsın" dedim. Bütün suallarıyla, soyuqluğuyla, qayğılarıyla daha bir il gəldi ömürümüzə. Yeni ildən yeni, xoş ümidlər gözləyək. Xoş gəldin, Novruz, xoş gəldin, Yeni Gün!

 

 

Arzu Abdulla

 

Mövqe.- 2011.-18 mart.-S.13.