Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər

 

BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatları

 

3) Təhlükəsizlik Şurası sədrinin 27 oktyabr 1992-ci il tarixli bəyanatı

Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr apararaq Şuranın sədri Şuranın adından onun 1992-ci il sentyabrın 27-də keçirilmiş 3127-ci iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bəyan etmişdir:

Təhlükəsizlik Şurası 1992-ci il sentyabrın 21-də Sofidə atəşkəs barədə sazişin bağlanılmasına baxmayaraq, Dağlıq Qarabağda və onun ətrafında ciddi vəziyyətin qalmasından, eləcə də bununla əlaqədar insan tələfatı və maddi itkilər olmasından dərin narahatdır.

Təhlükəsizlik Şurası özünün 1992-ci il 26 avqust (S/24493) tarixli "Dağlıq Qarabağda vəziyyətə dair bəyanatının məzmunu, xüsusilə də ATƏM-in Dağlıq Qarabağ münaqişəsinə dair Minsk Konfransının səylərinə dəstəyini təsdiq edir. O, qətiyyətlə bütün tərəfləri və bu məsələyə aid olan digərlərini dərhal atəşi dayandırmağa və blokadanın bütün növlərini aradan qaldırmağa çağırır. O, Minsk Konfransının işinin dərhal yenidən başlanılmasına və sədrin təklif etdiyi qayda və prosedurlar əsasında siyasi danışıqların açılmasına çağırır. O, təkidlə bu məsələyə aidiyyəti olan bütün tərəfləri və digərlərini onların mübahisələrinin tezliklə hərtərəfli imzalanmasını əldə etmək üçün ATƏM-lə sıx əməkdaşlığa və konfransın işində əsaslı iştirak etməyə çağırır. Təhlükəsizlik Şurası baş katibin Birləşmiş Millətlər Təşkilatının ATƏM-in səylərinin dəstəklənməsi planına, eləcə də humanitar yardım göstərilməsinə nə kimi töhfə verə biləcəyi məsələsinin öyrənilməsi üçün bu regiona öz nümayəndəsini göndərməyə dair niyyətindən məmnun olduğunu bildirir.

4) Təhlükəsizlik Şurası sədrinin 29 yanvar 1993-cü il tarixli bəyanatı

Təhlükəsizlik Şurasının sədri 1993-cü ilin 29 yanvarında keçirdiyi məsləhətləşmələrdən sonra Şuranın üzvləri adından kütləvi informasiya vasitələrinin nümayəndələrinə aşağıdakıları bəyan etmişdir:

Ermənistan və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına malların və materialların göndərilməsi, xüsusilə elektrik enerjisi verilməsindəki fasilələrin dağıdıcı nəticələri ilə əlaqədar Təhlükəsizlik Şurasının üzvləri dərin narahatlıq keçirdiklərini bildirirlər. Qeyri-adi dərəcədə sərt qışın genişləndirdiyi bu fasilələr həmin bölgələrin iqtisadiyyatını və infrastrukturunu iflas həddinə gətirib çıxarmış və real aclıq təhlükəsi yaratmışdır.

Şuranın üzvləri təkidlə bütün kömək edə biləcək ölkələri yanacaq və humanitar yardımın göndərilməsinə kömək etməyə və region ölkələrinin humanitar vəziyyətinin gələcəkdə daha da pisləşməsinin qarşısını almaq məqsədilə humanitar yüklərin, xüsusilə də yanacağın Ermənistana və Azərbaycanın Naxçıvan bölgəsinə maneəsiz çatdırılmasını təmin etməyə çağırır.

Şuranın üzvləri ATƏM-in tərəfləri bir araya gətirməyə və bu regionda sülhün bərqərar olmasına yönələn bütün səylərini tam dəstəklədiklərini bir daha bəyan edirlər. Onlar tərəfləri dərhal atəşkəsə və tezliklə ATƏM çərçivəsində danışıqların yenidən başlanılmasına razılaşmağa çağırırlar. Təhlükəsizlik Şurasının üzvləri bu məsələyə baxmağı davam etdirəcəklər.

5) Təhlükəsizlik Şurası sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatı

Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələrdən sonra Şuranın sədri Şura adından 1993- cü il aprelin 6-da onun 3194-cü iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bəyan etmişdir:

Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsindən və Dağlıq Qarabağ münaqişəsində düşmənçilik hərəkətlərinin güclənməsindən, xüsusilə yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna müdaxiləsindən ciddi narahat olduğunu bildirir. Şura sülh və bölgənin təhlükəsizliyi üçün qorxu törədən belə düşmənçilik hərəkətlərinin hamısına dərhal son qoymağı və bu qüvvələri oradan çıxarmağı tələb edir.

Bununla əlaqədar Təhlükəsizlik Şurası bölgənin bütün dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü, onların sərhədlərinin pozulmazlığını təsdiq edərək ATƏM çərçivəsində sülh prosesinə tərəfdar olduğunu bildirir. O, ümid etdiyini bildirir ki, Minsk qrupunun bu yaxınlarda əldə etdiyi ilkin sazişdən sonra yaxın vaxtlarda atəşi dayandırmaq, müşahidəçilərin yerləşdirilməsi cədvəli, siyasi bəyannamənin layihəsi barədə sazişlər də əldə olunacaq və Minsk Konfransı tezliklə çağırılacaqdır. Təhlükəsizlik Şurası müvafiq tərəfləri ATƏM çərçivəsində sülh prosesində irəliləyiş olması üçün əllərindən gələni əsirgəməməyə və problemin siyasi həllini çətinləşdirə bilən heç bir hərəkətə yol verməməyə təkidlə çağırır.

Şura həmçinin mülki əhalinin iztirablarını azaltmaq məqsədilə bölgədə, o cümlədən münaqişəyə cəlb olunmuş bütün rayonlarda humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə çağırır. Təhlükəsizlik Şurası Baş katibdən xahiş edir ki, ATƏM ilə məsləhətləşərək faktları müvafiq şəkildə müəyyənləşdirsin və təcili olaraq Şuraya hadisə yerində vəziyyətə qiymət verən məruzə təqdim etsin. Şura bu məsələ ilə məşğul olmaqda davam edəcəkdir.

6) Təhlükəsizlik Şurası sədrinin 18 avqust 1993-cü il tarixli bəyanatı

Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr apararaq Şuranın sədri Şuranın adından onun 1993-cü il avqustun 18-də keçirilmiş 3264-cü iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bəyan etmişdir:

Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə və onların arasındakı gərginliklə əlaqədar ciddi narahatlıq keçirdiyini bildirir. Şura Ermənistan Respublikasının hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin Şuranın 822 və 853 saylı qətnamələri ilə razılaşmalarına nail olmaq məqsədilə öz təsirindən istifadə etməyə çağırır.

Şura habelə bu günlərdə Füzuli rayonunda döyüş əməliyyatlarının güclənməsindən dərin narahatlıq keçirdiyini bildirir. Şura əvvəllər Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarına müdaxiləni və onların işğalını pislədiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən Füzuli rayonuna edilən hücumları da pisləyir. Şura bütün hücumların dayandırılmasını və bölgədə sülh və təhlükəsizlik üçün qorxu törədən hərbi əməliyyatların və bombardmanların dərhal dayandırılmasını tələb edir, habelə işğalçı qüvvələrin Füzuli zonasından, həmçinin Azərbaycan Respublikasının Kəlbəcər, Ağdam rayonlarından və bu yaxınlarda işğal olunmuş başqa rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Şura Ermənistan Respublikasının hökumətini bu məqsədlə öz təsirindən istifadə etməyə çağırır.

Şura Azərbaycan Respublikasının və regionun bütün başqa dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü, habelə onların sərhədlərinin pozulmazlığını bir daha təsdiq edir və münaqişənin sülh yolu ilə aradan qaldırılmasına nail olmağa dair ATƏM-in Minsk Qrupunun səylərinə döyüş əməliyyatlarının göstərdiyi təsirdən dərin narahatlıq keçirdiyini bildirir. Şura ATƏM-in sülh prosesini tamamilə müdafiə etdiyini qeyd edir və Minsk Qrupunun danışıqlarının indiki mərhələsində öz baxışlarını və mövqelərini bilavasitə ifadə etmək üçün münaqişədə iştirak edən tərəflərə verilmiş imkanı. xüsusilə nəzərə çarpdırır. Bu baxımdan Şura bütün tərəfləri avqustun 13-də Minsk Qrupunun təqdim etdiyi "BMT Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin yerinə yetirilməsinə dair təxirəsalınmaz tədbirlər cədvəli"nin dəqiqləşdirilmiş variantına müsbət cavab verməyə və məsələnin sülh yolu ilə həllini poza biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır. Şura yaranmış vəziyyətin bütün cəhətləri barədə məruzə hazırlamaq üçün bölgəyə missiya göndərmək haqqında ATƏM-in niyyətini alqışlayır.

Son günlərdə münaqişənin genişlənməsi ilə əlaqədar Şura dövlətləri münaqişənin güclənməsinə və ya Azərbaycan Respublikası ərazisinin işğalının davam etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və döyüş sursatı göndərməkdən çəkinmək barədə 853 saylı qətnamədəki çağırışı bir daha təkidlə təsdiq edir. Şura Ermənistan Respublikasının hökumətini cəlb olunmuş qüvvələrin gələcəkdə hərbi əməliyyatı genişləndirmək üçün vəsait almamaqlarını təmin etməyə çağırır.

Şura, habelə mülki əhalinin getdikcə artan iztirablarını yüngülləşdirmək məqsədilə bölgəyə, münaqişədən zərər çəkmiş bütün zonalara beynəlxalq humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə dair 822 və 853 saylı qətnamələrdə olan çağırışları bir daha təkrar edir. Şura tərəflərə xatırladır ki, onlar beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar və əməl etməlidirlər.

Təhlükəsizlik Şurası bu məsələ ilə fəal məşğul olmaqda davam edəcək və özünün qətnamələrinə bütün tərəflərin tamamilə razı olmasını və əməl etməsini təmin etməkdən ötrü müvafiq tədbirləri nəzərdən keçirməyə hazır olacaqdır.

 

 

Mövqe.- 2011.- 3 may.- S. 10.